HAQQA VÜSLƏT

HAQQA VÜSLƏT

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Sən ancaq Qurana tabe olanı və görmədiyi halda Rəhmandan qorxan kimsəni (həqiqətdən) xəbərdar edə bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail olacağı ilə müjdə ver!” (Yasin, 11)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Abdurrahman əfəndi Quran təliminə könül vermiş və bu yolda illərdir tələbə yetişdirən, dövrünün sayılıb-seçilən ustadlarından biri idi. Bəşəriyyətin əbədi yol xəritəsi olan məna xəzinəsini tələbələrinin qəlb aləminə səhabə vurğunluğu ilə təlim edən ustadın eyni zamanda Qurana bağlı yenilməz, fədakar, imanlı bir nəslin yetişməsi üçün hər bir tələbəsinə səhabə mərhəməti ilə nəvaziş göstərməsi Allaha (c.c) və Onun Kəlamına duyduğu misilsiz məhəbbətindən qaynaqlanırdı. Bir gün sevimli tələbəsi Abdullahın üzgün halı diqqətini cəlb etdi. Məlum oldu ki, hafizliyini yeni tamamlayan gənc hər gün səhərə qədər Quranı xətm etdiyindən dərsə yorğun və yuxulu olaraq gəlir. Ustad ilahi kəlamın bu şəkildə oxunmasını arzu etmədiyindən tələbəsini bəzi həqiqətlərlə tanış etməyin tam zamanı olduğu qənaətinə vardı və onu yanına dəvət edərək bunları söylədi: “Övladım! Qurani-Kərim misilsiz mənəviyyat xəzinələrini özündə daşıyan sonsuz bir məna, əxlaq və hikmət dəryasıdır. Könlündəki üç pərdəni qaldırmayana mənəvi dövlət qapıları açılmaz. Birinci pərdəni qaldırana dünya tamamilə verilsə, sevinməz. Sevinərsə, həris adamdır, yəni pərdəlidir. İkinci pərdəni qaldırana dünyanı verib geri alsalar, üzülməz. Üçüncü pərdəni qaldıranı tərifləsələr, məmnun olmaz, tənqid etsələr də, kefi pozulmaz. Quran da bütün pərdələrdən təmizlənərək, endiyi kimi oxunmalıdır. Bu gecə qarşında məni təsəvvür edərək oxu!”

Abdullah həmin gecə Quranı ustadını yanında təsəvvür edərək oxudu. Səhər gəldiyində: “Ustadım! Bu gecə Quranı yarıya kimi oxuya bildim”, - dedi. Tələbəsini mərhəmət və sevinc nəzərləri ilə dinləyən Abdurrahman əfəndi buyurdu: “Övladım! Rəsulullahın (s.ə.s) ruhaniyyəti Allah (c.c) yolçularının qəlbi ətrafında olar. Qəlbləri bərəkətləndirən də o Ruhdur. Allah (c.c) yolçularının sirr aləmləri Rəsulullahın (s.ə.s) Ruhu ilə parlayar. Haqqa yaxınlıq qapısını o Ruh açar və yolçuların pərişan saçlarını o Ruh darayar. Uca Yaradan ilə qəlb arasındakı elçiliyi o Ruh təmin edər. Rəsulullahın (s.ə.s) ruhaniyyətinə yanaşmaq istəyən kəs şükür yolunu tutub qulluğunu artırmalıdır. Bu gecə Quranı, özünü Rəsulullahın (s.ə.s) hüzurunda təsəvvür edərək oxu!”

Səhər erkəndən ustadına yaxınlaşan Abdullah sıxılaraq bunları söylədi: “Bu gecə Quranın yalnız dörddə birini oxuya bildim!” Tələbəsinin çöhrəsində mənəvi oyanışın, əxlaqi təkamülün şəfəqlərini fərasəti ilə duyan Abdurrahman əfəndinin yeni tapşırığı bundan ibarət oldu: “Övladım, bu gecə də Hz. Cəbrayıl əleyhissalamın Rəsulullah (s.ə.s) əfəndimizə Quranı təbliğ etdiyi anı təsəvvürünə gətirərək oxu!”

Səhər-səhər Allaha (c.c) məhəbbət, Qurana ehtiram nuru ilə aydınlanmış və xoş rayihəsi duyulan tər çiçək kimi başını həyasından önə əymiş Abdullah ustadına yanaşdı və dedi: “Ustadım! Bu gecə  haqqını verərək yalnız bir surə oxuya bildim!” Tələbəsinin Haqqa məhəbbət feyzi ilə dolan irfani istedadına heyranlıqla nəzər yetirən ustad şəfqət nəzəri ilə ona yönəlib bunları söylədi: “Övladım! Məhəbbət əhli fani varlıqlarını itaət dərgahlarında elə həbs etmişlər ki, kilidli qapıların ardındakı eşq çırpıntılarını duymaq hər igidin hünəri deyil. Bu böyük məhəbbət naminə varlıq nişanələrini tərk etmiş bu zümrənin göz qapaqları davamlı ağlamaqdan yaralıdır. Allahı (c.c) anmaqda bir an qəflət fasiləsi verməyən bu məhəbbət ərləri bilir ki, kainatda yaradıcısını tanımayan, Ona məhəbbət rabitəsi ilə bağlanmayan heç bir zərrə yoxdur. Bütün məxluqat Onun qüdrət möhrünü daşımaqdadır. Sən də bu gecə özünü şanı uca olan Rəbbimizin hüzurunda təsəvvür edərək oxu! Düşün ki, O səni dinləyir və oxuduğuna qarşılıq verir”.

Səhəri gün göz yaşları ilə ustadına yaxınlaşan gənc hisslərini belə açıqladı: “Əfəndim, Fatihədən başladım. İlk ayələri oxudum. Amma “iyyəkə nə`budu” deməyə dilim varmadı; “Təkcə Sənə qulluq edirəm” deyə bilmədim”. İlahi məhəbbət tellərinin əhatələdiyi varlığını yoxluğa bürüyən Abdullah sadəcə bunları ifadə edə bildi və sevgi atəşi ilə qovrulan ruhunu Rəbbinə təslim edərək eşq şəhadətinə nail oldu. İlahi vüslət cazibəsinin qüdrət təcəlliləri qarşısında varlıq nişanəsi sürətlə yoxluğa qovuşan Abdurrahman əfəndi həyəcanla Bəstami həzrətlərinin könül etirafını dilə gətirdi:

“Haqqa vüslət yolçuluğunun ilk başında özümü sevən, Rəbbimi isə sevilən sanırdım. Amma Abdullahın şəhadəti ilə anladım ki, yanılmışam! Rəbbimə talib olmadan öncə O bizə talib olurmuş. Talib də Odur, mətlub da. Yəni sevən də Odur, sevilən də”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz