RAMAZAN GECƏLƏRİ

RAMAZAN GECƏLƏRİ

Ramazan ayı ayların ən fəzilətlisidir. Quranın dünyaya nazil olması məhz bu ayda başlayıb. Bu ay Allaha itaət və ibadət, yaxşılıq və ehsan, məğfirət və rəhmət ayıdır. Bu ay duaların daha çox qəbul edildiyi aydır. Bu ay oruc, iftar, təravih və sahuru ilə insanların böyük bir həyəcanla Allaha ibadətə yönəldikləri aydır.

Ramazanın gündüzü mübarək olduğu kimi gecələri də mübarəkdir, bərəkətlidir. Səhərdən axşama kimi oruc tutan kamil bir mömin Ramazanın gecələrini də fürsət bilib onun bərəkətindən nəsibini alar. Necə ki, Peyğəmbərimiz (s.ə.s) Ramazan gecələrində namazın fəzilətindən bəhs edərkən belə buyurur: “Kim imanla, mükafatını Allahdan umaraq Ramazanda qiyam edərsə (təravih namazı qılarsa) keçmiş günahları bağışlanar”. (Buxari, Səlatut-təravih, 1) Hədis alimlərimiz Rəsulullahın (s.ə.s) burada təravih namazını nəzərdə tutduğunu bildirirlər.

Başqa bir hədisi-şərifdə Allah Rəsulu (s.ə.s) buyurur: “Allah Ramazan ayında oruc tutmağı əmr etdi. Mən də Ramazan gecələrində qiyam etməyinizi (təravih namazı qılmağınızı) sünnəm olaraq buyurdum. Kim inanaraq və savabını Allahdan umaraq ixlasla oruc tutar və qiyam edərsə (təravih namazı qılarsa), anasından doğulduğu gün kimi günahlardan təmizlənər”. (Nəsai, Siyam, 40)

 Təravih rahatlamaq, dincəlmək mənasına gələn “tərviha” kəlməsinin cəmidir. Ramazan ayına məxsus olan və yatsı namazından sonra yerinə yetirilən bu ibadətin hər iki və ya dörd rükətinin sonunda istirahət üçün oturulduğuna görə təravih deyilmişdir.

Təravih namazı məsciddə qılına bildiyi kimi, evdə təkbaşına da qılına bilər. Ancaq məsciddə camaatla birlikdə 20 rükət qılmaq daha fəzilətlidir.

Ramazan gecələrini daha səmərəli keçirməyin bir yolu da təhəccüd namazı qılmaqdır. Aşağıda bəhs edəcəyimiz bu namaz yalnız Ramazanda deyil, ümumiyyətlə bütün il boyu qılındığı  təqdirdə möminə savab qazandıracaq bir əməldir. Xüsusilə Ramazan gecələrində  bu namazın dəyəri və fəziləti  daha böyükdür.

Təhəccüd sözü “yatıb oyanmaq” deməkdir. Termin olaraq isə gecə yuxudan qalxaraq qılınan namaza deyilir. Təhəccüd çətinliklə, məşəqqətlə yuxudan oyanmaq deməkdir. Yatsı namazından sonra yatmadan və ya bir az yatıb oyanandan sonra qılınan namaza ümumi mənada “gecə namazı” (salətul-leyl) deyilir. Bir qədər yatandan sonra qalxaraq gecə yarısından imsak vaxtına qədər qılınan gecə namazı isə təhəccüd adlanır. Təhəccüd namazını iki rükət də qılmaq olar, səkkiz rükət də. İki rükətdən bir salam verərək qılmaq daha fəzilətlidir.

Gecənin son 1/3-nə “səhər vaxtı” deyilir. Səhər vaxtının son qismində, imsak vaxtından əvvəl, oruc tutmaq məqsədi ilə yeyilən yeməyə “sahur” deyilir. Bir udumluq su ilə də olsa sahur etmək və sahur yeməyini mümkün olduğu qədər gecənin son vaxtına saxlamaq daha münasibdir. Sahura qalxmaqda məqsəd oruca güc qazanmaq və səhər vaxtının əcr və fəzilətindən faydalanmaqdır. Hz. Peyğəmbərimizin (s.ə.s) sahura qalxmağı təşviq və tövsiyə edən hədisləri var. Məsələn: “Sahura qalxın, çünki sahur yeməyində bərəkət vardır”. (Buxari, Savm, 20) “Oruc tutmaq istəyən sahur vaxtı nə isə bir şey yesin”. (Əhməd b. Hənbəl, III, 367, 379)

Səhər vaxtına qədər sahuru gecikdirmək müstəhəbdir. Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Ümmətim iftarı tez edib sahuru gecikdirdiyi müddətcə xeyir üzərindədir/doğru yoldadır”. (Buxari, Savm, 45)

Ramazandan yetərincə istifadə etməyin digər bir yolu da bu ayın son on günündə etikafa girməkdir. Etikaf lüğətdə bir yerdə gözləmək, dayanmaq, özünü oraya həbs etmək kimi mənalara gəlir. Dini termin olaraq etikaf niyyət edərək məsciddə və ya məscid hökmündə olan bir məkanda bir müddət qalmaqdır. Etikaf etmək Rəsulullahın (s.ə.s) önəmli sünnələrindəndir.

Quranda etikaf haqqında belə buyurulur: “Məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman qadınlarınızla yaxınlıq etməyin!” (əl-Bəqərə, 187);Təvaf  edənlər, orada qalıb həmişə ibadətdə olanlar (etikafda olanlar), rüku və səcdə ilə namaz qılanlar üçün evimi (Kəbəni) təmizləyin!”  (əl-Bəqərə, 125)

Hədis mənbələrində Allah Rəsulunun (s.ə.s) Mədinəyə hicrətdən sonra hər il Ramazanın son on günündə etikafa çəkildiyi və xanımlarını da buna təşviq etdiyi haqqında məlumatlar var. Bu hədislərdən biri belədir: “Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi”. (Buxari, Etikaf, 1,6) Vəfat etdiyi il isə Allah Rəsulu (s.ə.s) 20 gün etikaf etmişdir.  (Əbu Davud, Savm, 60) Hz. Əlinin (r.a) rəvayət etdiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Hər kim Ramazan ayında on gün etikafa girərsə, iki həcc və ümrə etmiş kimi savab qazanar”. (Beyhəqi, Savm, 34)

Etikaf Allaha yönəlmək, boş vaxtları ibadətlə dəyərləndirmək, ibadət üçün nəfsi xarici aləmdən təcrid etmək və Allahdan bağışlanma diləmək məqsədi ilə edilir.

Uca Allah bizi bu mübarək aydan yetərincə istifadə edib bağışlanan qullarından etsin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz