İFTAR MƏDƏNİYYƏTİMİZ
Ramazan ayının fəziləti tutulan orucun gözəlliyi başda olmaqla, digər mal və bədən ibadətləri ilə də ölçülməkdədir. Bu ayda təkcə oruc yox, başqa ibadətlər də bizim dəyərimizə dəyər qatmaqdadır. Xeyriyyəçilik fəaliyyətləri, sədəqə, zəkat və fitrələr bu ayın həzzini daha da artırmaqdadır. Zəngin-yoxsul uçurumunun yoxa çıxdığı bu ay sevgini, qardaşlığı ən bariz xüsusiyyətləri ilə tərənnüm etməkdədir. Verdiklərini səmimi-qəlbdən, gözü ardınca baxmadan, başına qaxmadan verə bilmək Allah üçün nə isə etmək hissini ən gözəl duyğularla yaşamaq fürsətini ortaya qoyur. Bu ayın ən məşhur adətlərindən biri də gözəl və özünəməxsus iftar süfrələridir. Orucun verdiyi aclıq hissi əlimizdəki nemətlərin dadını, ləzzətini və dəyərini bilməmizə də vəsilə olmaqdadır. Şəffaf suyun belə dadının hiss olunduğu iftar süfrəsi oruclunun sevinc qaynağının ilki sayılmaqdadır. Sevgili Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Oruclunun sevinib fərəh duyacağı iki an vardır; birisi iftar edib orucunu açdığı an, digəri də orucunun savabı ilə Rəbbinə qovuşduğu an”. (Buxari, Savm, 9; Müslim, Siyam, 163)
Ramazan ayı orucu və iftarları ilə fərqli bir mədəniyyətin qurulmasına səbəb olduğu üçün qonaqlıq, müsafirlik anlayışı da burada təbii olaraq öz yerini tutacaqdır. İftar süfrələrinə insanların bir-birini dəvət etməsi, ikram və ehsanların qarşılıqlı olaraq könülləri sevindirməsi bu mədəniyyətin özünəməxsus xüsusiyyətlərindəndir. Xalqımızın qonaqpərvərliyi keçmişdən bu yana dillər əzbəri olmuşdur. İftar süfrələri ilə bu hal xüsusi gözəlliyə bürünmüş, imanlı könülləri bir-birinə bağlamışdır.
Keçmişdə salehlərin dilindən nəql edilən belə bir ifadə vardı: “Sizə yoxsullar, fəqirlər gələrsə onlara ikram, ehsan edin; sizə fəqihlər gələrsə onlara elmdən bir şey soruşun; sizə qurralar (Quran qariləri) gələrsə onlara mehrabı göstərin”. Əlbəttə, hər kəsin ehtiyacı və qabiliyyəti nəyədirsə o təklif edilməli, xüsusilə də əlimizdə nə varsa qonağımıza onu təqdim etməliyik. Çünki bu yöndə təkəllüf (qonaq üçün həddən artıq zəhmətə qatlanmaq) dini-əxlaqi prinsip baxımından həm ev sahibinin, həm də qonağın bir-birindən soyumasına yol aça bilər. İnsan verdiyini, yedirdiyini, etdiyi yaxşılığı səmimi-qəlbdən edərsə, Allah dərgahında məqbul olacaqdır. Ziyafət süfrələri ilə, etdiyi ikram və ehsanları ilə hər kimsə öyünər, qəlbində üstünlük hissləri yaşayarsa, əməlinin hədər olmasından, bütün savabının boşa çıxmasından qorxulur. Ev sahibi xeyir əməllərini, niyyətini və sevgi hisslərini yalnız və yalnız Peyğəmbərimizin (s.ə.s) əxlaqı ilə eyniləşmək istiqamətinə yönəltməlidir.
İftar verən bir müsəlman dinimizdəki halal-haramı yaxşı bilməli, qazancının halal olmasına diqqət etməli, haramdan gələn çirkli qazancı iftar süfrələri ilə təmizləmək niyyəti bəsləməməlidir. Bu, şeytanın insanı aldatdığı bir hiylə növüdür ki, bununla insan ancaq özünü aldadar. Şübhəsiz, Uca Allah qəlblərdə olanı ən yaxşı biləndir. Haram qazanc ilə halal işlər görmək niyyəti dini və imani zəifliyin bariz nişanəsidir.
İftarda menyuda nə var, filan şey niyə yoxdur və s. kimi düşüncələrdən çəkinmək lazımdır. Ev sahibi də gücünün çatmayacağı yeməkləri təmin etməyə çalışmamalıdır. Bunun günah olduğunu sələfi-salehindən öyrənirik. Ənəs ibn Malikin (r.a) ətrafındakılara belə nəsihət etdiyi rəvayət olunur: “Bir şəxs qonaqlarına quru çörək və xurma ikram edərək belə deyərdi:
- Biz bilmirik, görəsən, edilən ikramı həqir görənin günahı daha çoxdur, yoxsa əlində olan neməti həqir görüb qonağına ikram etməkdən çəkinənin günahı?!”
Dəvət etdiyi kimsələrin salehlər olmasına diqqət etmək də keçmişimizdən gələn adətlərdəndir. Allah Rəsulu (s.ə.s) bir gün Səd ibn Übadənin yanına gəldi. Səd dərhal Rəsulullaha bir az çörək və zeytun verdi. Peyğəmbərimiz (s.ə.s) bunları yedikdən sonra onun üçün dua etdi: “Evinizdə həmişə oruclular iftar etsin, yeməyinizi yaxşı insanlar yesin, mələklər də duaçınız olsun”. (Əbu Davud, Ətimə, 54; İbn Macə, Siyam, 45) Dəvət ədəblərindən birində belə deyilir: “Sən ancaq müttəqilərin yeməyini ye, sənin yeməyini də saleh kimsələr yesin”.
İftar üçün gedilən evin qaydalarına riayət etmək də bir oruclu müsəlman üçün vacib şərtlərdən, qonaqlığın ədəblərindəndir. Ev sahibinin, İslam çərçivəsində olmaqla, tərtib etdiyi üsul və qaydalardan kənara çıxmamaq lazımdır. İftar sahibi süfrə arxasında gözləməkdə ikən “iftar vaxtıdır” deyərək icazəsiz, digərlərini gözləmədən iftar etmək ədəbdən kənar davranışlardandır. Yeməyə ev sahibinin “buyur” etməsi ilə başlamaq daha münasibdir. Həmçinin axşam namazını başqa yerdə qılaraq, başqa şeylərlə orucu açıb, sonra iftar evinə getmək də dəvət sahibinə qarşı hörmətsizlik əlamətidir. İftara dəvət edənin məqsədi oruclunun ilk yeyəcəyinin öz ikram etdiyi təam olmasıdır. Əks halda iftar etdirmə savabından dəvət edəni məhrum etmiş olarıq.
Bu xüsuslar İslam mədəniyyətinin formalaşdırdığı zərif ədəb qaydalarındandır. Bunlara riayət etmək həm dini həssasiyyətlərimizin qorunmasına, həm də ictimai münasibətlərin möhkəmlənməsinə xidmət edir.
ŞƏRHLƏR