İNFAQ AYI RAMAZAN

İNFAQ AYI RAMAZAN

İnfaq dini-əxlaqi bir termin olaraq möminin Allah-Təalanın rizasını qazanmaq məqsədi ilə malından ailəsinə, dostlarına, qohum-əqrəbasına xərcləməsi və ehtiyac sahiblərinə yardım etməsi mənasını daşıyır. İslamın fərz buyurduğu zəkat və fitrə kimi yardımları da içinə alan infaq Allaha ibadət və itaət niyyəti ilə edilən hər cür xeyri əhatə edir. İslami anlayışa görə, insanın sahib olduğu sərvətin əsl sahibi Allahdır. Allahın əmanət olaraq verdiyi bu sərvətdən insanın başqalarına infaq etməsi lazımdır. Bəqərə surəsinin ikinci ayəsində Allaha səmimiyyətlə inanan möminlərin əsas xüsusiyyətləri arasında iman və namazdan sonra infaq sadalanır. Başqa bir ayeyi-kərimədə Uca Allah belə buyurur: “Allaha və Rəsuluna iman edin! Onun sizə əmanət olaraq verdiyi mallardan infaq edin! İçinizdən iman gətirib infaq edən kimsələr üçün böyük bir mükafat vardır”. (əl-Hədid, 7)

İnfaq yaxşılığın, xeyrin və cənnətin açarıdır. Ali-İmran surəsinin 92-ci ayəsində Uca Rəbbimiz belə buyurur: “Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etmədikcə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər şeyi bilir”. İnfaq edənə Allah mükafatını ən gözəl şəkildə verər. Bu mükafat birə on, birə yüz, hətta birə yeddi yüz mislinə qədər yüksələ bilər. Bu haqda Qurani-Kərimdə belə buyurulur: “Mallarını Allah yolunda infaq edənlərin halı yeddi sünbül verib hər sünbülü də yeddi yüz dən verən toxuma bənzər. Allah dilədiyi kimsəyə qatbaqat artığını verər”. (əl-Bəqərə, 261) İnfaq əsla zərər etməyən karlı bir ticarətdir. Malını Allah rizası üçün xeyir yollarına sərf edən mömin əsla zərər etməyəcək və mütləq qazanclı çıxacaqdır. Bu barədə Uca Rəbbimiz belə buyurur: “Həqiqətən, Allahın kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər əsla zərər etməyən bir ticarət uma bilərlər”. (əl-Fatir, 29) 

Peyğəmbərimiz (s.ə.s) infaqı, yardımlaşmağı və paylaşmağı həyatın mərkəzinə almış və: “Ey Adəm oğlu! İnfaq et ki, sənə də infaq olunsun”, (Müslim, Zəkat, 11); “İnfaq et, malını saya-saya durma, yoxsa Allah da sənə verdiyi nemətləri sayar və əsirgəyər”, (Müslim, Zəkat, 88) – deyərək infaqı təşviq etmiş və: “Verən əl alan əldən daha xeyirlidir”, (Buxari, Zəkat, 18; Müslim, Zəkat, 94) - buyuraraq infaqın fəzilətinə diqqət çəkmişdir. Uca Allahın və Peyğəmbərinin infaqı təşviq edən hikmətli buyruqlarını mənimsəyən və infaqı, həmrəyliyi və yardımlaşmağı həyatın mərkəzinə alan müsəlmanlar İslam tarixində bir infaq mədəniyyəti meydana gətirmişdir. Bütün təməl insani ehtiyacların qarşılandığı müsəlman cəmiyyətlərdə təbiət və heyvanlar da ehmal edilməmiş və onlar da İslamın geniş infaq süfrəsindən öz paylarını almışdır.  

İlin hər dönəmində infaqa önəm verən müsəlmanlarda özəlliklə Ramazan ayında bu baxımdan sanki bir infaq səfərbərliyi başlayar. İslamda vacib infaqların başında fitr sədəqəsi gəlir ki, bu ibadətin əda edilmə zamanı Ramazan ayıdır. Ayrıca keçmişdən bəri müsəlmanlar zəkatı da Ramazanda verərək bu ayın feyz və bərəkətinin daha da artmasını arzu edərlər. Oruc, namaz və Quran ayı olan Ramazanı, zəkat və fitr sədəqələrini də daxil edərək tam bir ibadət ayı halına gətirən müsəlmanlar bu ayın rəhmət, bağışlanma və cəhənnəmdən qurtuluş fürsətlərindən maksimum yararlanmağı umarlar.  İnsanların ən comərdi olan sevgili Peyğəmbərimiz (s.ə.s) bu ayda infaqı daha da artırardı. Bir hədisi- şərifdə bu haqda belə deyilir: “Rəsulullah (s.ə.s) insanların ən comərdi idi. Onun bu comərdliyi Ramazan ayında Cəbrayıl (ə.s) ilə görüşdükdə daha da artardı. Cəbrayıl (ə.s) Ramazan ayı çıxana qədər hər gecə Rəsulullah (s.ə.s) ilə görüşərdi. Rəsulullah (s.ə.s) ona Quranı oxuyardı. Peyğəmbərimiz (s.ə.s) bu görüşlərdən sonra insanlara rəhmət gətirən küləklərdən daha comərd olardı”. (Buxari, Savm, 7) Ənəs ibn Malikin (r.a) rəvayət etdiyinə görə, Hz. Peyğəmbərdən (s.ə.s): “Hansı sədəqə daha fəzilətlidir?” - deyə soruşulduqda, O: “Ramazan ayında verilən sədəqə!” - cavabını vermişdir. (Tirmizi, Zəkat, 28)

Rəbbimizin xeyirli bir ticarət olaraq adlandırdığı və qarşılığında cənnəti vəd etdiyi infaqa həyatımızda daha çox yer verək. Ramazan ayı bu baxımdan bənzərsiz bir fürsətdir. Rəbbimizə qulluğumuzu fərqli əməllərlə yerinə yetirdiyimiz Ramazan günlərində zəkat və fitrələrimizi ehtiyac sahiblərinə verərək onların dərdlərinə dərman olmağa çalışaq. Yardımları göstərişdən uzaq, qarşı tərəfin könlünü incitmədən, yalnız Allahın rizasını qazanmaq üçün edək. İftar süfrələrində qərib, yoxsul, möhtac, qohum-əqrəba, dost və qonşularımızla bir yerə yığışaq. Unutmayaq ki, Rəbbimizin rizasını qazanmaq niyyəti ilə etdiyimiz infaqlar axirətdə ən gözəl azuqəmiz olacaqdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz