BİR HƏDİS
فَإِنَّ حَقَّ اللهِ عَلَى الْعِبَادِ أَنْ يَعْبُدُوا اللهَ وَلَا يُشْرِكُوا بِهِ شَيْئًا، وَحَقُّ الْعِبَادِ عَلَى اللهِ عَزَّ وَجَلَّ أَنْ لَا يُعَذِّبَ مَنْ لَا يُشْرِكُ بِهِ شَيْئًا
Muaz ibn Cəbəldən rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Allahın qulları üzərindəki haqqı Allaha ibadət etmələri və Ona heç bir şeyi şərik qoşmamalarıdır. Qulların Allah üzərindəki haqqı isə Ona şərik qoşmayan insanlara əzab verməməsidir". (Müslim, İman, 49)
Muaz ibn Cəbəl (r.a) bu hədisi Rəsulullahdan (s.ə.s) bir səfər əsnasında eşitmişdir. Muaz (r.a) belə nəql edir: "Bir gün mən Rəsulullah (s.ə.s) ilə birlikdə Ufeyr adlı bir uzunqulağın üstündə səfər edirdim. Rəsulullah (s.ə.s) mənə belə dedi: "Ey Muaz! Sən Allahın qulları üzərində, qullarının da Allah üzərindəki haqlarını bilirsənmi?" Mən cavab olaraq: “Allah və Rəsulu daha yaxşı bilir”, - dedim”. Muazın (r.a) bu sözündən sonra Rəsulullah (s.ə.s) yuxarıda qeyd etdiyimiz hədisi söyləmişdir. Hədisin davamında Muaz (r.a) bu xəbəri insanlara müjdələmək istədiyini demiş, lakin Allah Rəsulu (s.ə.s): "Bunu onlara demə. Çünki onlar arxayınlaşarlar", - buyurmuşdur.
İslama görə, bu haqları müəyyən edən Uca Allahın özüdür. Rəsulullah (s.ə.s) bir hədisində bunu belə bəyan etmişdir: "Şübhəsiz, Uca Allah hər haqq sahibinə haqqını vermişdir". (Tirmizi, Vəsaya, 5) İnsanlara istiqamət verən Uca Allah olduğu kimi, haqları və haqların qaynağını açıqlayan da Onun göndərdiyi vəhydir. Beləliklə, hər şeyi yaradan və hər şeyin sahibi, maliki olan Allah, eyni zamanda haqqın da sahibi və təyinedicisidir.
Qurani-Kərim bizə insanların və cinlərin yaradılma məqsədinin Allaha ibadət etmək olduğunu bəyan edir. (əz-Zariyat, 51/56) Qeyd etdiyimiz hədisdə də Allah Rəsulu (s.ə.s) insanların Allaha şərik qoşmadan Ona ibadət etmələrini Allahın haqqı olaraq bildirmişdir. Onu da qeyd etmək lazımdır ki, Allahın haqqı sadəcə ibadətləri deyil, bütün fərdlərin mənfəətini də nəzərdə tutan ictimai mövzuları da əhatə edir. Rəsulullahın (s.ə.s) zəkat verməyin Allahın haqqı olduğunu bildirməsi buna nümunə təşkil edir. (Müslim, Zəkat, 26)
Uca Allah Qurani-Kərimdə Özünə şirk qoşanlar xaric digər kiçik günah sahiblərini bağışlaya biləcəyini bəyan edir. (ən-Nisa, 4/48) Allah Rəsulu (s.ə.s) də bu hədisində Allaha şərik qoşmayanlara Allahın əzab verməməsini qulların bir haqqı olaraq ifadə edir. Muazın (r.a) bu xəbəri insanlara çatdırmaq istəməsi və Allah Rəsulunun (s.ə.s) buna icazə verməməsinin dərin hikmətləri vardır. Çünki insan təbiət olaraq daim nəfsinin rahatlığını istəyər. Buna görə də Allaha şirk qoşmayan bir insan sadəcə buna arxayın olaraq digər ibadətlərinə laqeyd yanaşa bilər.
Nəticə olaraq bunu qeyd edək ki, qulun Allahın haqlarına riayət etməsi onun axirətinin təminatıdır.
ŞƏRHLƏR