NUR

On dörd əsr əvvəl... Hələ dünyaya gözlərini açmadan atasını, altı yaşında ikən də anasını itirən nurlu körpə - Əbdülmüttəlibin nəvəsi Həzrət Muhamməd (s.ə.s) kamal yaşına çatmış, bəşəriyyətin qurtuluş ümidi olmağın astanasında, başına gələcəklərdən xəbərsiz halda bu zülmətdən çıxış yolu axtarmağa başlamışdı. Daxilində baş aça bilmədiyi qəribə hallar baş verir, tez-tez həyatında gerçəyə çevrilən yuxular görürdü. Bu halların mənbəyinin və məqsədinin insan idrakı ilə açıqlana bilməyəcəyinin fərqində idi. Buna görə də tənhalığa çəkilmək, təkbaşına götür-qoy edib nə baş verdiyini anlamaq, bu xüsusda Uca Yaradanın köməyini ummaq qərarına gəlmişdi. Səs-küylü Məkkə küçələrindən, cahiliyyə dövrünün kirli mühitindən uzaq, səmaya - əsl həqiqətin mənbəyinə daha yaxın olan mağara bunun üçün ən münasib yer idi. Yanına bir miqdar azuqə götürdü və Nur dağındakı Hira mağarasına çıxdı. Azuqəsi bitənə qədər orada oturub ibadət və təfəkkürlə məşğul olmağa başladı. İlahi, nə baş verir? Mən kiməm? Nə etməliyəm? Özün kömək ol, ya Rəbbi!..

Son bir-iki ildə buraya – Hira mağarasına bir neçə dəfə çıxmışdı. Hər dəfə ürəyi sıxılanda buraya gələrək rahatlıq tapır, axtardığı həqiqətə günbəgün yaxınlaşdığını hiss edirdi. Bu il də yenə eyni məqsədlə gəlmişdi, mənəvi dünyası ilə görüş yerinə. Ramazan ayı yenicə yarıdan ötmüş, bədrlənən ay Nur dağını bütün parlaqlığı ilə aydınlığa qərq etmişdi. O aydınlıq qırx yaşındakı Həzrət Muhammədin qəlbinə də sirayət etmiş, daxilindəki həyəcan onu sarsıdacaq həddə çatmışdı. Səhərin açılmasına az qalırdı. Lakin bu həyəcandan onun gözlərinə yuxu getmir, yarıyuxulu halda intizarla həqiqət qapılarının açılmasını gözləyirdi. Və birdən, qapılar sanki taybatay açıldı, yalnızlıq və tənhalığın sükuta boğduğu mağarada qeybdən bir səs əks-səda verdi:

- Oxu!..

Həzrət Muhamməd nəyə məruz qaldığını hələ aydınlaşdırmadan qeyri-ixtiyari cavab verdi:

- Mən oxuya bilmirəm! – o dövrdə oxumaq-yazmaq Məkkədə yayğın olmadığına görə, onun belə cavab verməsi olduqca təbii idi. Qeybdə anidən peyda olan insan surətindəki varlıq (mələk Cəbrayıl) onu qucaqlayıb sıxdı və:

- Oxu!.. – deyərək əmri təkrarladı.

- Oxuya bilmirəm, - Həzrət Muhamməd də cavabını təkrarladı. Mələk onu yenə sıxdı və:

- Oxu!.. – dedi. Həzrət Muhamməd nə deyəcəyini bilmədi, yenə eyni cavabı təkrarladı. Bu zaman mələk onu üçüncü dəfə sıxıb buraxdı və Quranın ilk ayələri nazil oldu:

“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı ələqdən (laxtalanmış qandan) yaratdı. Oxu! Rəbbin ən böyük kərəm sahibidir. O, qələmi (yazmağı) öyrətdi. O, insana bilmədiklərini öyrətdi”. (əl-Ələq, 1-5)

Bundan sonra mələk yoxa çıxdı. Nə baş verirdi? Həzrət Muhamməd dəhşətə qapıldı. Gördüyü yuxu idi, yoxsa həqiqət? Əgər həqiqətdirsə, yanına gələn, onu sıxan və oxumasını tələb edən varlıq hara getdi, niyə görünməz oldu? Təlaşla özünü mağaradan çölə atdı. Ətrafa boylanıb onu axtarmağa başladı. Yaşadıqlarında şübhəyə düşmək istəmirdi. Bu zaman mağarada gördüyü mələk – Cəbrayıl (ə.s) ona ehtişamlı bir şəkildə, əsl surətində göründü. Hansı tərəfə boylansa o tərəfdə Cəbrayılı görürdü. Yerlə göy arasını dolduran nəhəng görkəmi bütün üfüqü bürümüşdü. Gördükləri və duyduqları artıq qaranlıq bir mağaraya sığacaq qədər kiçik həqiqətlər deyildi. Dağların qaldıra bilməyəcəyi həqiqətin həyəcan yükü altında vücudu sarsılan Həzrət Muhamməd sürətlə evinə doğru enməyə başladı.

Evinə çatanda mübarək vücudu hələ də titrəyir, daxilindəki narahatlıq keçməmişdi. Həyat yoldaşı Həzrət Xədicə onun qan-tər içindəki halını görəndə o da həyəcana qapıldı: “Nə baş verir?”. Həzrət Muhamməd (s.ə.s):

- Üstümü örtün! Üstümü örtün!.. – dedi, örtüyü başına çəkdi, bir müddət yatıb istirahət etdi. Sonra qalxıb başına gələnləri Xədicə anamıza danışdı. Axırda:

- İndi mənə kim inanar, Xədicə? – deyə sual verdi, sıxıntısını bölüşdü. O sadəcə ilahi həqiqətləri öyrənmək arayışında idi, belə bir ağır vəzifə, insanları haqqa dəvət tapşırığı gözləmirdi. Dağın başında gördüklərinə, duyduqlarına kimi inandıra bilərdi?..

Həzrət Xədicə ərini çox yaxşı tanıyırdı. Heç vaxt yalan danışmaz, kimsəni incitməz, yetim malı yeməz, ədalətsizlik etməzdi. Ona görə də ərinə inandığını deyərək belə təsəlli verdi:

- Allaha and olsun ki, Allah səni heç bir zaman utandırmaz. Çünki sən qohum-əqrəbanı himayə edir, zəiflərə kömək edir, kasıblara əl tutursan. Hər kəsə yaxşılıq edirsən. Qonağı hər daim xoş qarşılayır, qulluq edirsən. Belə gözəl davranışların qarşılığı başqa nə ola bilər ki?! Sən Allahın insanlara göndərdiyi elçisən. Mən sənə inanıram və bunu təsdiq edirəm!

Beləliklə, Xədicə anamız Həzrət Muhammədə (s.ə.s) endirilən vəhyə ilk inanan bəxtəvər oldu. Və onun da təxmin etdiyi kimi, Allah seçdiyi bəndəsini yalançı çıxartmadı. 610-cu ilin Ramazan ayında enməyə başlayan ilahi Nur 23 ildə tamamlanaraq həqiqət arayışındakı könülləri Qiyamətə qədər aydınladacaq əbədi məşəl oldu.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz