ORUC SƏNİ TUTDUMU?!
Uca Allah Qurani-Kərimdə belə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz buyurulduğu kimi sizə də fərz buyuruldu ki, bəlkə, günahlardan çəkinəsiniz!” (əl-Bəqərə, 183)
Ramazan orucunu tutmaq hər müsəlmana fərzdir. Amma orucu oruc kimi tutmaq fərzdir. Oruc tutmaq Allahın əmridir. Oruc tutmaq bizi günahdan uzaq tutmalı, təqvaya çatdırmalı, Rəbbimizin rizasına nail etməlidir. Oruc tutmaq nəfslərimizi də tərbiyə etməlidir.
Görəsən, oruc tutmaqdan məqsəd bizim orucu tutmağımızdır, yoxsa orucun hansısa hərəkətlərimizi məhdudlaşdıraraq bizi tutmasıdır?..
Fikirləşməliyik; oruc bizi pisliklərdən, çirkin əməllərdən, günahlardan, gərəksiz boş əməllərdən, zərərli söz və davranışlardan uzaq tutdumu? Oruc bizi mübahisədən, dedi-qodudan, qeybətdən kənar tutdumu?
Tutduğumuz oruc bizi görmək istədiyimiz günaha görə gözümüzdən tutdumu? Dilimizlə edəcəyimiz günaha görə dilimizdən tutdumu? Qulağımızla edəcəyimiz günaha görə qulağımızdan tutdumu? Əlimizlə edəcəyimiz günaha görə əlimizdən tutdumu? Ayağımızla gedəcəyimiz günaha görə ayağımızdan tutdumu?
İstər Qurani-Kərimdə, istərsə də hədislərdə orucun məqsəd və məramı diqqətə çatdırılmışdır: “Ləalləkum təttəqun - ümid olunur ki, təqvaya çatarsınız!”
“Kim yalan danışmağı və yalanla iş görməyi tərk etməzsə, Allah həmin şəxsin yemək-içməyi buraxmasına (ac qalmasına) qiymət verməz”. (Buxari, Savm, 8; Əbu Davud, Savm, 25)
Oruclu olduğumuz halda yalana və ya başqa günah əməllərimizə davam ediriksə, deməli, orucumuz bizi tutmayıb. Çünki biz orucu Allahın (c.c) və Elçisinin (s.ə.s) istədiyi kimi tutmamışıq.
Ramazan gəldi! İnşallah, Ramazan orucunu tutacağıq ki, o da bizi tutsun. Biz ona nə qədər möhkəm sarılsaq, o da bizi bir o qədər möhkəm qoruyacaq, tutacaq. Deməli, orucun bizə faydası bizim ona diqqətimiz qədərdir.
Gəlin dua edib Rəbbimizə yalvaraq, Rəbbimizdən istəyək, Rəbbimizə iltica edək ki, orucumuz bizi “tutan” oruclardan olsun. Yoxsa hər kəsin ac, susuz qaldığı orucu tutmağa nə var ki?! Məsələ aydındır: Biz orucu tutacağıq, oruc da bizi.
Şaiq Aşırlı
ŞƏRHLƏR