QURTULUŞ GECƏSİ

QURTULUŞ GECƏSİ

Fəzilət və əhəmiyyəti Qurani-Kərimdə müstəqil bir surə ilə bəyan edilmiş olan Qədr gecəsi möminlər üçün bağışlanmaq və qurtuluşa çatmaq baxımından çox müstəsna bir zaman kəsiyidir. İçərisində Qədr gecəsi olmayan min aydan daha xeyirli olduğu bildirilən bu mübarək gecənin əhyası barəsində Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Kim fəzilətinə inanaraq və savabını da yalnız Allahdan umaraq Qədr gecəsini əhya edərsə, geçmiş günahları bağışlanar”. (Buxari, Müslim)

“Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz!” (Ali-İmran, 110) buyuran Rəbbimizin digər ümmətlər içərisində bizə verdiyi üstünlüklərdən biri də Ramazan ayı və xüsusən də həmin ayda olan Qədr gecəsidir. Çünki həmin gecədə edilən ibadət min ay, yəni səksən üç ildən artıq bir zamanda edilən ibadət kimi qiymətlidir.

Lüğətdə “hökm”, “şərəf”, “güc” və “ucalıq” kimi mənalara gələn qədr kəlməsi “leylətül-qədr” şəklində Quranın nazil olduğu gecənin adı olaraq bilinməkdədir. Eyni adı daşıyan 97-ci surə bu gecənin fəziləti haqqında nazil olmuşdur:

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik.

Sən haradan biləsən ki, Qədr gecəsi nədir?!

Qədr gecəsi min aydan daha xeyirlidir.

O gecə mələklər və Ruh (Cəbrayıl) Rəbbinin izni ilə hər bir iş üçün (yer üzünə) enərlər.

O gecə dan yeri ağarana qədər salamatlıqdır (əmin-amanlıqdır)”. (əl-Qədr, 1-5)

Qədr gecəsi Allah-Təalanın mübarək qılmış olduğu zamanların ən qiymətlisi olması səbəbindən bəlli bir gündə və açıq şəkildə bildirilməmişdir. Müxtəlif rəvayətlərdə Ramazanın son on günündə, son günlərin tək gecələrində, iyirmi yeddi və ya iyirmi doqquzuncu gecəsində axtarılması tövsiyə edilmişdir. Ramazanın hər il fərqli tarixdə başlaması səbəbi ilə bu gecənin ilin bütün günlərinə rast gələ biləcəyi də bildirilmişdir. Dolayısı ilə Qədr gecəsinin feyz və bərəkətindən istifadə edə bilmək üçün Ramazanın son on gününü etikafa girərək, Qədr gecəsi kimi əhya etmək lazımdır.

Qədr gecəsinin Ramazanın iyirmi yeddinci gecəsində olduğuna dair yayğın rəvayətlər müsəlmanlar arasında bu gecəni əhya etmək adətini formalaşdırmışdır. Buna görə də son on günün hamısını əhya edə bilməyənlər üçün heç olmasa iyirmi yeddinci gecəni  inanaraq ibadətlə keçirmələri tövsiyə olunmuşdur.

Qədr gecəsinin açıq şəkildə sabit olmamasının səbəbi nədir?

Bu gecənin açıq şəkildə bilinməsinin insanlarda tənbəlliyə yol açma ehtimalı vardır. Belə ki, vaxtı bilinəcəyi təqdirdə gecənin feyz və bərəkətinə güvənərək digər gün və gecələrin ehmal edilməsinə səbəb ola bilərdi. Çünki bu gecədə min ayda edilən ibadətlərin savabı əldə olunmaqdadır. Buna görə də Allah-Təala feyz, rəhmət, bərəkət və bağışlanmağın bol olduğu bu mübarək ayı, xüsusən də son on günün gecələrini əhya etməyimizi murad etmişdir. Yenə də ən doğrusunu Allah bilir.

Qədr gecəsini əhya etmək arzu və niyyəti imanın əlamətlərindən sayılmışdır. Allah-Təala bu gecənin zamanını gizli saxladığı üçün Hz. Peyğəmbərimiz (s.ə.s) Ramazanda ibadət xüsusunda digər aylarda görülməyən bir həyəcan içərisində olurdu. Ramazanın son on günündə isə özünü daha çox ibadətə verərdi. Bu günlərdə gecələri əhya edər, ailəsini də oyandırardı. (Buxari, Leylətül-qədr, 5) Ümmətini də buna təşviq edərək, yuxarıda qeyd etdiyimiz hədisdə də buyurduğu kimi, bu gecəni əhya edənlərin bağışlanacağını bildirmişdir.

Hz. Aişə (r.anhə) Hz. Peyğəmbərimizə (s.ə.s): “Ey Allahın Rəsulu! Qədr gecəsinin nə vaxt olduğunu bilsəm, o gecə nə cür dua edim?” – deyə soruşmuşdu. Hz. Peyğəmbər (s.ə.s) də: “Allahım! Sən çox əfv edənsən. Əfv etməyi sevirsən. Məni də əfv eylə!” – deyə dua etməsini buyurdu. (Tirmizi, Dəavət, 84)

Qədr gecəsi ibadətlə - namaz qılmaq, Quran oxumaq, tövbə, istiğfar və dua ilə məşğul olmaq, Allahı zikr etmək, salavat gətirmək və təfəkkür etməklə keçirilməlidir. Üstündə qəza namazı borcu olanların nafilə namaz qılmaqdan əvvəl qəzaya qalan beş vaxt namazlarının qəzasını qılmaları daha fəzilətli olardı. Bununla yanaşı, Qədr gecəsini fürsət bilərək küsülülərin barışması, könül almaq, sədəqə və infaq etmək kimi hər növ yaxşı davranışlarla Qədr gecəsinin gündüzünü də əhya etmək bəyənilən davranışlardandır. Ramazan boyunca məscidə və camaat namazına xüsusi diqqət etməyimiz lazımdır. Həmd olsun, artıq pandemiya şərtləri də ortadan qalxdığına görə, məscidlərimizə və camaat namazına getməməyə hər hansı əngəl və bəhanə qalmamışdır. Ramazanda bu vərdişi qazana bilsək, digər aylarda da bunu davam etdirəcəyik. Çünki Ramazan bir məktəbdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz