BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

وَإِنْ مِنْكُمْ إِلَّا وَارِدُهَا كَانَ عَلَىٰ رَبِّكَ حَتْمًا مَقْضِيًّا ﴿٧١﴾ ثُمَّ نُنَجِّي الَّذِينَ اتَّقَوْا وَنَذَرُ الظَّالِمِينَ فِيهَا جِثِيًّا ﴿٧٢

“İçinizdən ora (cəhənnəmə) girməyəcək heç kim yoxdur. Bu, Rəbbinin qəti hökmüdür. Sonra Biz müttəqiləri xilas edəcək, zalımları isə diz çökmüş vəziyyətdə orada saxlayacağıq”. (Məryəm, 19/71-72)

Bu ayələr insanı əvvəlcə təşvişə salıb sonra ümidləndirən, “xovf-rəca/qorxu-ümid arasında yaşamaq” hissini aşılayan zərif bir üslub və məna ehtiva edir. Abdullah ibn Məsudun nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s) “İçinizdən ora girməyəcək heç kim yoxdur” ayəsi haqqında belə buyurmuşdur: “Bütün insanlar ora girəcəklər. Sonra əməllərinə görə oradan çıxacaqlar”. (Tirmizi, 3159) Təfsir mənbələrində qeyd olunan digər bir rəvayətə görə, Əbu Sümeyyə belə demişdir: “Cəhənnəmə girmək barəsində ixtilafa düşdük. Bizdən bəziləri möminlərin ora girməyəcəyini, bəziləri də hər bir kəsin ora girəcəyini, sonra Allah-Təalanın təqva sahiblərini oradan xilas edəcəyini deyirdi. O əsnada Cabir ibn Abdullahla rastlaşdım və ona cəhənnəmə girmək barəsində fikir ayrılığına düşdüyümüzü söylədim. O: “Hər kəs ora girəcək”, - dedi və iki barmağı ilə qulaqlarına işarə edib: “Susun! Əgər Allah Rəsulunun (s.ə.s) belə dediyini eşitməsəydim, bunu söyləməzdim”, - deyərək aşağıdakı hədisi oxudu: “Hər bir xeyirxah və günahkar ora girəcəkdir. Alov möminlər üçün sərin və əmin-amanlıq yeri olacaq. Necə ki, Həzrət İbrahimə də belə olmuşdu. O qədər sərin olacaq ki, cəhənnəm oranın soyuğundan fəryad edəcək. Sonra Uca Allah təqva sahiblərini oradan xilas edəcək və zalımları orada dizüstü tərk edəcək”.(Əhməd ibn Hənbəl, “Müsnəd”, XXII, 396)

Təfsir alimləri arasında bu mövzu ilə əlaqəli əsasən aşağıdakı üç ana fikir formalaşmışdır:

  1. Ayədə sirat körpüsündən keçənlər nəzərdə tutulur. Belə ki, həm möminlər, həm də kafirlər cəhənnəmin üstündə qurulmuş sirat körpüsünü keçmək məcburiyyətində qalacaqlar. Möminlər həmin körpüdən keçərək cənnətə girəcək, kafirlər isə körpüdən keçə bilməyib cəhənnəmə düşəcəklər.
  2. Ayədə yalnız kafirlər nəzərdə tutulur və onların cəhənnəmə girəcəyi ifadə edilir.
  3. Ayədə ümumiyyətlə hər bir insanın etdiyi əmələ görə cənnətə və ya cəhənnəmə girməsinin ehtimal daxilində olduğuna işarə edilir.

Nəticə etibarilə hər bir insanın cəhənnəmə daxil olma təhlükəsi vardır. Buna görə də iman və əməl vəhdətini həyatına tətbiq edərək özünü bu əbədi əzabdan xilas etməyə çalışmalıdır. Digər tərəfdən, Uca Allah fürsətlər ayı olan Ramazanı bəxş edərək cəhənnəmdən xilas yollarını da göstərmişdir. Həzrət Peyğəmbər (s.ə.s) bir hədisində buyurur: “Ramazan ayının əvvəli rəhmət, ortası məğfirət, sonu isə cəhənnəmdən xilas olmaqdır”. (İbn Xüzeymə, “Səhih”, II, 911)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz