APREL DÖYÜŞLƏRİ
Bizim inancımızda, mentalitetimizdə bayraq sancılan, şəhid qanı tökülən yerə yurd deyilir, Vətən deyilir.
Məşhur bir müdrik kəlamda: “torpaq su ilə qarışanda palçıq, qanla qarışanda vətən olur” deyilir. Vətən bu qədər əzizdir, bizim üçün, hər bir vətəndaş üçün.
Vətən sevgisi ən ülvi sevgilərdən biridir, qiymətli sevgidir. Dinimiz də vətən sevgisini imandan saymışdır. Çünki iman olmadan vətənin, vətən olmadan da varlığımızın heç bir məna və qiyməti yoxdur. Bu səbəblə bir insanın həyatda qarşılaşa biləcəyi ən böyük çətinlik vətənsiz qalmaqdır (bunu vətənindən, yurdundan məhrum qalanlar daha yaxşı bilər). Vətən bizim canımız, qanımız və mayamızdır. Kədərlərimizin sevincə, arzularımızın gerçəyə çevrilməsi ancaq və ancaq vətənimizin hər daim azad olması, bütöv olması və müstəqilliyi ilə mümkündür.
Bu kimi səbəblərlə üstündə yaşadığımız və “cənnət vətən” deyə adlandırılan bu müqəddəs torpaqları canımızdan, qanımızdan daha çox sevir, malımızdan, övladlarımızdan daha əziz sayırıq. Onun daimi olması üçün ehtiyac olduğu anlarda canımızı, malımızı ürəkdən fəda edirik və bu mövzu ilə əlaqəli inancımızı və qərarlılığımızı da dost-düşmən hamı bilir. Məhz bu xüsusiyyətlərə görə vətən müdafiəsini imanın bir hissəsi hesab edən bu xalq hər zaman vətən üçün tökülən qanı vətənsiz nəfəs alan bir cana tərcih etmişdir. Ata-babalarımız canını, malını və iman dolu şəxsiyyəti ilə bütün varlığını hazırda yaşadığımız bu müqəddəs vətənimizə hədiyyə etmişdir.
Üzərində yaşadığımız bu əziz vətən yalnız xoşbəxt günlərimizin və rahat zamanlarımızın torpağı deyil! O, ağ günlərimizin olduğu qədər, qara günlərimizin, çətin günlərimizin də vətənidir... Biz yalnız bu ölkənin nemətindən faydalanmaq üçün deyil, eyni zamanda yükünü çəkmək, hətta uğrunda canımızı fəda etmək üçün də yaşayırıq. Çünki bu ölkənin yalnız gündüzləri deyil, gecələri də bizimdir!..
Biz şəhidlərimizlə birlikdə yaşayan bir millətik!.. Birimiz hamımız üçün, hamımız birimiz üçün!.. Bizim inancımızda mən, sən, o yoxdur, yalnız “biz” var!..
Gözü doymayan, başqa millətlərin torpaqlarına əl uzatmağa çalışan insanlar hər zaman mövcud olmuşdur. Belə həmlələrə qarşı, vətəni düşmən arzularına təslim etməmək üçün həmişə müdafiə, mühafizə üçün hazır olmalıyıq. Atalarımız gözəl deyir: “Su yatar, düşmən yatmaz!”, “Düşmən qarışqa da olsa, kiçik hesab etmə!”
Aprel döyüşləri məhz bu həssasiyyətin, vətən müdafiəsində düşmənin təxribatlarına qarşı ayıq-sayıqlığın nəticəsi idi. Qısa müddət davam edən aprel döyüşlərində düşmən layiq olduğu cəzanı bir kərə daha görərək, yaşayaraq anladı ki, qarşısında duran millət vətəni üçün, namusu üçün, müqəddəs dəyərləri üçün nələri etməyə qadirdir.
Mənfur tapdaq altında, işğalda qalan Qarabağ torpaqlarına qayıdış da məhz “öncə vətən” deyən ərənlərimizin sayəsində bu qısa müddətli zəfərdən başladı.
Ona görə hər bir ölkə vətəndaşı şəhid qanı ilə sulanan əziz vətənimizin qiymətini yaxşı bilməlidir. Həmçinin bir şeyi də unutmamalıyıq ki, vətənimiz üçün canını fəda edən hər şəhid və canını fəda etməyi gözə alan hər qazi bu xalqın ortaq dəyəridir. Böyük türk şairi Mehmet Akif Ersoyun dediyi kimi:
Basdığın yerləri torpaq deyərək keçmə, tanı!
Düşün altındakı minlərlə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı!
Vermə, dünyaları alsan da, bu cənnət vatanı!
Bunu da qeyd etmək lazımdır ki, heç kimin əsarətində olmadan müstəqil şəkildə yaşamaq, bu əziz torpaqları bizdən sonra gələcək nəsillərə bütöv və salamat şəkildə çatdırmaq, can və mal təhlükəsizliyi ilə dinc və etibarlı bir mühit yaratmaq ancaq hər hücuma qarşı mübarizə apara bilən güclü və təsirli müdafiə ilə mümkündür. Xüsusilə də böyüyün kiçiyi udduğu, güclünün zəifi əzdiyi və hər cür haqsızlığın baş verdiyi bir dünyada yaşamaq və mövcudluğumuzu qorumaq üçün güclü olmaq, gözlənilən hücumlara qarşı tədbir görüb müdafiəyə üstünlük vermək labüddür. Gələcək nəslimizi, övladlarımızı/gənclərimizi məhz bu milli-mənəvi ruhda yetişdirməyimiz lazımdır.
Mövzunu bir şəhid vəsiyyətinin qısa bir misrası ilə yekunlaşdırmaq istəyirəm:
Bilmirəm, eşidirsinizmi səsimizi?!
Qorxmayın, ağlamayın, qürur duyun!
Vəsiyyətimdir,
Elə övladlar yetişdirin ki,
adları Sahil, Polad, Mübariz, soyadları Şəhid olsun!..
Rəbbimiz xalqımızı, ölkəmizi hər cür təhlükədən qorusun. Xalqımızı qırğınlara məruz qalmaqdan, gözüyaşlı vəziyyətə düşməkdən mühafizə eyləsin!
Qara torpağın bağrına düşən Aprel şəhidlərimiz başda olmaqla, bütün şəhidlərimizə rəhmət, yaralı olan qazilərimizə şəfa, qəhrəman əsgərlərimizə də güc-qüvvət diləyirik.
ŞƏRHLƏR