HAQQ DOSTLARINDAN HİKMƏTLƏR
HAQQ DOSTLARINDAN HİKMƏTLƏR
Əziz Mahmud Hüdayi həzrətləri buyurur:
“Ramazani-Şərif insanlar üçün rəhmət qaynağıdır. İbadət və xeyirləri həddən artıqdır…
Ramazani-Şərifdə bağışlanmayanın nə zaman bağışlanacağını guman edirsiniz?
(Ramazani-Şərifə qovuşanlar) o anadək işlədikləri pis əməllərə görə peşman olub istiğfar və tövbə etsələr, Allahı zikr edib ibadət və itaətə davam etsələr və Haqqın kəlamına qulaq versələr, digər günlərdən qat-qat artıq savaba nail olarlar. Bu günlər də gəlib keçər. Əldə fürsət varkən səy edib yaxşı əməl işləməyə çalış”.[1]
“Məkkə, Mədinə və Ərzi-Müqəddəsdə edilən ibadətlər başqa yerlərdə ediləndən qat-qat fəzilətli olduğu kimi Ramazani-Şərif də belədir. Digər aylara nisbətlə üç aylar şərifdir. Hamısından əşrəf olanı isə Ramazani-Şərifdir”.[2]
Allah-Təala bəzi məkanları digərlərindən üstün qılmışdır. Bu mənada Rəsulullah r Məscidi-Nəbəvidə qılınan namazın Məscidi-Həram xaric, digər yerlərdə qılınan namazlardan min qat daha fəzilətli olduğunu xəbər vermişdir.[3]
Bəzi xüsusi məkanlarda edilən ibadətlərin əcri qat-qat artıq olduğu kimi bəzi zamanların da özünəxas müstəsna fəzilətləri var. Məsələn, 24 saatlıq gün içərisində səhər vaxtının, yeddi günlük həftədə cümə gününün xüsusi yeri var. Eynilə bunun kimi ilin ayları arasında da Ramazani-Şərifin müstəsna qiyməti var.
Rəsulullah r Şaban ayının sonuncu günü əshabına oxuduğu bir xütbəsində belə buyurmuşdur:
“Ey müsəlmanlar, böyük və mübarək bir ayın kölgəsi üzərinizə düşdü. Bu, içində min aydan daha xeyirli olan Qədr gecəsinin olduğu bir aydır…
Hər kim bu ayda bir xeyir işləyərsə, başqa zamanlarda bir fərz əməli yerinə yetirən adam qədər savab qazanar. Bir fərzi əda edən də başqa aylarda yetmiş fərzi əda edən qədər savab qazanar…” (İbn Huzeymə, Səhih, III, 191-192; Əli əl-Müttəqi, VIII, 477/23714)
Yəni ilahi rəhmət və məğfirətin coşub-daşdığı bu mübarək ayda edilən ibadət və itaətlər digər zamanlardakından daha çox savab qazanmağa vəsilədir. Buna görə də Allah Rəsulu r Ramazanda digər aylardan daha çox (qulluğa) səy göstərərdi. Ramazanın son on günündə isə əvvəlki günlərindən daha çox ibadət edərdi.[4]
Abdullah ibn Abbas v belə nəql edir:
“Allah Rəsulu r insanların ən səxavətlisi idi. Ramazan ayında isə səxavəti daha da artardı. Çünki Cəbrayıl u hər il Ramazanda gələr, ayın sonuna qədər onunla bərabər olar, Peyğəmbərimiz Qurani-Kərimi ona oxuyardı. Məhz həmin günlərdə Allah Rəsulu əsən küləkdən daha səxavətli olardı”. (Müslim, Fəzail, 50)
Həmçinin Hz. Peyğəmbərdən “Hansı sədəqənin əcri daha böyükdür?” - deyə soruşulduqda bu cavabı vermişdi: “Ramazani-Şərifdə verilən sədəqə…” (Tirmizi, Zəkat, 28/663)
Bir sözlə, Ramazani-Şərif Haqq-Təalanın rizasını qazanmaq və Ona yaxınlaşmaq, mərhəmət və şükrün təzahürü olan infaqlarla nəfsi xəsislikdən qurtarmaq, eqoist duyğuları qayğıkeşliklə əvəz etmək, yaşamaq zövqünü bir kənara qoyub yaşatmaq sevdasına könül vermək, ibadətlərlə, xüsusilə də Qurani-Kərimlə yoğrulmaq üçün bir aylıq mənəvi təlim mövsümüdür.
Eynilə bəzi peşə sahiblərinin öz sahələrində təkmilləşmək məqsədilə, idmancıların da yarışlarda nailiyyət əldə etmək üçün xüsusi hazırlıq mərhələsindən keçərək hədəflərindən xaric hər şeylə əlaqələrini kəsdikləri kimi Ramazani-Şərif də möminlər üçün dünyəvi əlaqələri minimuma endirərək Allaha yaxınlığın müstəsna fürsətlərinə indekslənmə mövsümüdür. İnsanı Rəbbindən uzaqlaşdıran hər şeydən əl çəkərək ilahi rizaya nail olmağın bərəkətli vəsilələrindən artıqlaması ilə istifadə etmə zamanıdır.
Ramazani-Şərifin ən müstəsna gecəsi isə “min aydan daha xeyirli olan Qədr gecəsidir”.[5] Rəbbimiz min ayın fəzilətini, yəni ibadətlə əhya edilən 83 ilin əcrini, Qədr gecəsini əhya edən qullarına müjdələyir.
Rəsuli-Əkrəm r də belə buyurur:
“Qədr gecəsini fəzilət və qüdsiyyətinə inanaraq, savabını yalnız Allahdan gözləyərək ibadət və itaətlə keçirən kəsin - qul haqqı xaric - bütün keçmiş günahları bağışlanar”. (Müslim, Müsafirin, 175/760)
İlahi rəhmət və bərəkətin bolluğu səbəbi ilə mənəvi xəzinə dəyərində olan bu mübarək gecə Allah-Təalanın Həbibini və Onun vəsiləsi ilə ümməti-Muhammədi nə qədər sevdiyinin də nişanəsidir. Çünki digər peyğəmbərlərə və onların ümmətlərinə belə bir gecənin lütf edilməsinə dair hər hansı bir məlumat yoxdur.
Bizə kiçicik bir hədiyyə verənə təşəkkür etməyi özümüzə borc bilirik. Bu qədər möhtəşəm bir ikram və ehsan sahibi olan Haqq-Təalaya şükrümüzü hədsiz dərəcədə artırmalı, o mübarək gecəni ibadət və itaətlə əhya etməliyik.
Üstəlik heç bir qarşılıq vermədiyimiz halda ümməti olmaqla şərəfləndiyimiz Rəsulullah r -ə olan minnətdarlığımızı da artırmalıyıq. “İnsan sevdiyi ilə bərabərdir”[6] hədisi-şərifinin çərçivəsinə daxil olmaq üçün Onunla hal bərabərliyi, əməli bərabərlik, hiss və fikir bərabərliyi içində olmağa çalışmalıyıq.
Peyğəmbərimiz r-in Vida Xütbəsindəki “Əsla (günah işləyərək) üzümü qara çıxarmayın!”[7] buyruğuna can-dildən itaət edərək Onun gül üzünü daim təbəssüm etdirməyə çalışmalıyıq.
Həmçinin Peyğəmbərimiz r Ranuna vadisində verdiyi bir xütbədə belə buyurur:
“Ey insanlar! Ölmədən əvvəl tövbə edin, əldə fürsət varkən saleh əməllər işləməyə baxın! Açıqdan və gizlindən çox sədəqə verməklə və Allahı çox zikr etməklə Rəbbinizlə aranızı yaxşı edin!..” (İbn Hişam, I, 118-119, Beyhəqi, Dəlail, II, 524)
Məhz Ramazani-Şərif və Qədr gecəsi həm Rəbbimizlə aramızı düzəltməyin, həm də Ona olan yaxınlığımızı artırmağın ən feyzli zamanıdır. Belə bir mənəvi xəzinəni bizə lütf etdiyi üçün Allaha nə qədər şükür etsək, yenə də azdır…
Digər tərəfdən bu ayda işlənən xeyir əməllər qat-qat savab qazanmağa vəsilə olduğu kimi bunun əksinə, bu mübarək zamanları qəflət və səhlənkarlıqla zay etmək də eyni şəkildə böyük ziyan və peşmanlıq səbəbidir.
Saleh bəndələrdən biri belə buyurmuşdur:
“İlimiz ağacdır. Rəcəb ayı bu ağacın yarpaq açdığı günlərdir. Şaban ayı meyvə verdiyi, Ramazan ayı isə meyvələrin yığıldığı günlərdir”.
Məhz belə bir bar mövsümündə qəflət yuxusuna dalan kəs məhsulu vaxtında yığmağa səhlənkarlıq edərək budaqda çürüdən bağban kimi böyük zərər və peşmanlığa düçar olar.
Hz. Peyğəmbər r bu gerçəyi ifadə etmək üçün belə buyurmuşdur:
“Cəbrayıl u mənə görünərək:
“Ramazana yetişdiyi halda günahları bağışlanmayan kəs rəhmətdən uzaq olsun!” dedi, mən də “Amin!” dedim...” (Hakim, Müstədrək, IV, 170)
Başqa bir hədisi-şərifdə də belə buyurulur:
“…Ramazana yetişdiyi halda bağışlanmamış olan adamın vay halına! İnsan Ramazanda da bağışlanmasa, bəs nə zaman bağışlanacaq?!” (İbn Əbi Şeybə, əl-Musannəf, II, 270; Heysəmi, Məcma, III, 143)
Hüdayi həzrətləri buyurur:
“Bu mübarək ayda Allah-Təalanın əmrlərinə boyun əyən kəs itaət və ibadətini artırsın, qulluğa can atsın. Asi və günahkar olan da işlədiyi günah və üsyanına peşmanlıq etsin. Bir daha günaha düşməməyə əhd etsin.
Heyhat, bu günlərə və bu gecələrə bir daha çıxacağımıza dair hökmümüz varmı! Əlimizdə bir bərat varmı ki, sonrakına yetişək? Bəs nə edək? Hər Ramazan “son Ramazanımdır” və hər namaz “son namazımdır” deyə Haqqa yönələk. “Ən son dönüş Sənədir” deyərək ibadət dəryasına dalaq…”[8]
Ramazani-Şərif ömür təqvimi üzərində ciddi təfəkkür vəsiləsidir. Düşünməliyik ki, keçən Ramazan aramızda olan bir çox dost-tanış, qohum-əqrəba bu Ramazani-Şərifdə bərzəx aləmindədir. Artıq onların başqa bir Ramazanı əhya etmək kimi imkanı qalmadı. Keçən Ramazan onların son Ramazanı oldu. Biz də qarşıdan gələn ilin Ramazan ayında yaşayıb-yaşamayacağımızı bilmirik. Növbəti Ramazana qovuşacağımıza dair heç bir təminatımız yoxdur.
Rəsulullah r hər namazı “son namaz” şüuru ilə qılmamızı tövsiyə etdiyi kimi biz də idrak etmək üzrə olduğumuz bu mübarək ayı bəlkə də sonuncu Ramazanımız ola biləcəyi şüuru ilə dəyərləndirməliyik. Bu möhtəşəm mənəvi xəzinənin kiçicik qırıntısını belə ziyan etməkdən həssaslıqla çəkinməli, hər anını ən gözəl şəkildə əhya etməyə çalışmalıyıq.
Bu bağışlanma ayının qədir-qiymətini bilib ondan tərtəmiz çıxmaq üçün əlimizdən gələni etməyə çalışmalıyıq. Ömrümüzün qalan hissəsini keçən hissəsindən daha xeyirli hala gətirmək üçün edə biləcəyimiz heç bir saleh əməli ertələmədən dərhal əda etmək üçün çalışmalıyıq.
Çünki bu həyat bizə verilmiş vədəsi məchul bir borcdur. Üstəlik bu nemət bir dəfəyə məxsusdur, təkrarı yoxdur…
Tabeundan Amir bin Abdiqays g ölümü yaxınlaşdıqda ağlamağa başlamışdı. Nə üçün ağladığını soruşanlara belə cavab verdi:
“Məni ağladan nə ölüm qorxusu, nə də dünya həvəsidir. Mən isti günlərdə oruç tutmaqdan və gecələri ibadətə qalxmaqdan məhrum qalacağım üçün ağlayıram”.
Hüdayi həzrətləri buyurur:
“Şəriət mərtəbəsində oruc yemək, içmək və cinsi münasibətdən uzaq durmaqdan ibarətdir. Əgər orucda təriqət ədəbinə də riayət ediləcəksə, dili qeybətdən, gözü harama baxmaqdan və qulaqları gərəksiz sözlərdən qorumaq lazımdır”.[9]
Ramazani-Şərif təqva ayıdır. Orucla murad edilən məqsədin də təqva olduğu ayeyi-kərimədə belə bəyan edilir:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz buyurulduğu kimi sizə də fərz buyuruldu ki, bəlkə, təqva sahibi olasınız”. (əl-Bəqərə, 183)
Təqva isə Allahın riza və məhəbbətini itirmək qorxusu ilə Onun rizası olmayan hər cür hal və əməldən həssaslıqla uzaq durmaqdır. Bunun üçün əvvəla, nəfsi duyğuları kənarlaşdırıb ruhaniyyəti inkişaf etdirməyə çalışmaq lazımdır.
Ramazani-Şərifin ən bariz əlaməti olan oruc ibadəti məlum olduğu kimi imsak vaxtından iftara qədər yemək-içmək və cinsi istəklərdən uzaq durmaqdır. Lakin bu, orucun zahiri tərəfidir. Orucun məqbul olacaq şəkildə tutulması üçün onun zahiri ilə birlikdə qəlbi cəhətinə də həssas yanaşmaq lazımdır. Çünki oruç sırf aclıqdan ibarət deyil.
Xüşu ilə qılınan məqbul namaz insanı həyasızlıqdan və pis əməldən uzaqlaşdırdığı kimi layiqincə tutulan oruc da günahlara qarşı qoruyucu zireh kimidir.
Ona görə də namaz və orucumuzun məqbul olub-olmadığını bilmək istəyiriksə, günahlardan nə qədər uzaq durduğumuza baxmaq kifayətdir. Əgər tutduğumuz oruc bizdə təqva həssasiyyəti meydana gətirmirsə, orucumuzu gözdən keçirməli və harada xəta etdiyimizə baxmalıyıq. Orucun zahiri şərtlərinə əlavə olaraq təqva cəhətinə də diqqət etməliyik ki, tutduğumuz oruç cəhənnəmə qalxan olan həqiqi oruc olsun.
Hüdayi həzrətləri buyurur:
“Dili yalandan qorumalı olduğumuz kimi hal və davranışlarımızda da yalandan uzaq durmalıyıq. Xüsusilə Ramazani-Şərifdə bir-iki tikədən uzaq durmağı kifayət bilməməli, yalan və qeybətdən də həssaslıqla uzaq olmalıyıq”.[10]
Oruc tutmaq eyni zamanda nəfsi Allah-Təalanın razı olmadığı bütün zahiri və batini haramlara qarşı cilovlamaq deməkdir. Bunun üçün mədə ilə yanaşı gözə, qulağa, dilə, qəlbə, bir sözlə, bütün üzvlərimizə oruc tutdurmaq lazımdır. Fikirləşməliyik ki, görəsən, tutduğumuz oruc:
ü Gözümüzü harama baxmaqdan qoruyurmu?
ü Qulağımızı yanlış və pis sözlərdən mühafizə edirmi?
ü Xüsusilə dilimizi yalan, iftira, qeybət, dedi-qodu və boş sözlərdən çəkindirirmi? Çünki bu cür sözlərə qarşı “sükut orucu” tutmamız vacibdir.
Bu xüsusda Rəsulullah r -in xəbərdarlığı nə qədər mənalıdır:
“Kim yalan danışmağı, yalan və fırıldaqla iş görməyi tərk etməzsə, onun yemək-içməyi tərk etməsinə Allahın ehtiyacı yoxdur”. (Buxari, Savm, 8)
Yəni oruclu ikən ağıza bir şey girməməsinə diqqət edildiyi kimi ağızdan yanlış söz çıxmamasına da son dərəcə diqqət yetirilməlidir. Bu yanlışların başında da əlbəttə ki, “qeybət” gəlir.
Rəsulullah r oruclu olduğu halda qeybət edən iki qadın haqda belə buyurmuşdur:
“Bunlar özlərini Allahın halal qıldığı şeylərdən qorudular, onlara qarşı oruc tutdular, lakin haram qıldığı şeylərlə də oruclarını açdılar. Bir-birinin yanına oturub insanların ətini yeməyə (qeybət etməyə) başladılar”. (Əhməd, V, 431; Heysəmi, III, 171)
Haqq dostlarından Abdullah Dəhləvi həzrətləri oruclu olduğu bir gün yanında sultanı pislədilər. Həzrət:
- Aman, orucumuz pozuldu! - buyurdu. Tələbələrindən biri:
- Ustadım, siz qeybət etmədiniz axı! - dedikdə isə bu cavabı verdi:
- Bəli, biz qeybət etmədik, amma eşitdik. Qeybət məsələsində edən də, qulaq asan da eynidir”.
Yəni qeybətin əsintisi belə orucun feyz və ruhaniyyətini zədələməyə kifayətdir. Halbuki mömin saleh əməllərin ədası üçün göstərdiyi səyləri o əməllərin Allah qatında məqbul olması və savabının zay olmaması üçün də göstərmək məcburiyyətindədir.
Hüdayi həzrətləri buyurur:
Siva savmını kim tutdu
Vüsalın eydinə yetdi
Camalın vəsfin eşitdi
Könül əylənməz əylənməz
Hüdayi həzrətləri bu misralarında buyurur ki:
“Hər kim qəlbinə Allahdan başqasına qarşı oruc tutdurarsa, Haqqa vüslət bayramına çıxar. Allah-Təalanın camalını tamaşa bayramından xəbər tutub idrak edən bir könül artıq Allahdan başqası ilə hüzur tapmaz”.
Haqq dostu ariflər orucun şəriət və təriqət ölçüləri ilə yanaşı həqiqət və mərifət ədəbinə də riayət edərlər.
Qüdsi bir hədisdə Hz. Peyğəmbər r Haqq-Təalanın belə buyurduğunu xəbər vermişdir:
“Oruc Mənim üçündür və onun qarşılığını da yalnız Mən verərəm”. (Buxari, Savm, 2; Müslim, Siyam, 164)
Bu hədisdə qəsd olunan qarşılığın nə olduğuna dair müxtəlif fikirlər olmaqla yanaşı həqiqət əhli bu mükafatın yalnız “liqaullah”, yəni cənnətdə Allah-Təalanın camalını tamaşa etmək bəxtiyarlığı olduğunu bəyan etmişlər.[11]
Ona görə qulu “liqaullah” nemətinə nail edəcək bir oruc üçün onu bütün üzvlərlə yanaşı qəlbə də tutdurmaq vacib məsələdir. Bu isə oruclu olarkən qəlbi Allahdan başqası ilə məşğul etməməkdir.
Allah-Təala belə buyurur:
قَدْ اَفْلَحَ مَنْ تَزَكّى وَ ذَكَرَ اسْمَ رَبِّه فَصَلّى
“Günahlardan təmizlənən qurtulacaqdır. (O kəs ki,) Rəbbinin adını zikr edər və namaz qılar”. (əl-Ə‘la, 14-15)
Müfəssir Bursəvinin ifadəsi ilə:
“Bu ayələrdə şəriətə zidd olan işlərdən nəfsi təmizləməyə, qəlbi dünya sevgisindən təmizləməyə, insanın gücü nisbətində Allaha yönəlməsinə, hətta Allahdan başqasını xatırlamaqdan belə çəkinməyə işarə var”. (Ruhul-Bəyan, X, 410)
Ayeyi-kərimənin gərəyi olaraq qəlb təmizləndikcə artıq o qəlbə Allahın sevmədiyi heç nə yol tapa bilməz. Nəfsani arzu və istəklər orada fani olar.
Ariflər nəzərində qəlbi daima ilahi təcəllilərə məzhər ola biləcək təmizlikdə saxlaya bilmək ən mühüm qulluq ədəbidir. Necə ki Haqq dostlarından Əbu Bəkr Kəttani g ölüm döşəyində olarkən “nə kimi saleh əməlləri olduğunu” soruşanlara, bu cavabı vermişdir:
“Ölümümün yaxınlaşdığını bilməsəydim, riya olacağından qorxaraq sizə əməlimdən danışmazdım. Düz qırx il qəlbimin qapısında keşik çəkdim. Onu Allah-Təaladan başqasına açmamağa çalışdım. Qəlbim o səviyyəyə gəldi ki, artıq Allahdan başqasını tanımaz oldum”.
Məhz Allah-Təalanın camalına həqiqi aşiq olanlar Ondan başqasına meyil etməzlər. Könüllərini Rəblərinin razı olmadığı hər şeydən mühafizə edərlər. çünki onlar “Özünə aid olmayan şeyləri tərk etməsi insanın yaxşı müsəlman olmasındandır…”[12] hədisi-şərifini qəlbi dərinliklə idrak edib yaşayan arif qullardır.
Biz də Ramazani-Şərifdə nəfsani və məlayani (faydasız) səslərə qulağımızı tutmalıyıq. Gözlərimizi və könlümüzü haram və qəflət mənzərələri ilə kirlətməməyə çalışmalıyıq. Elə isə nəfsaniyyəti bəsləyən televiziya kanallarından, nalayiq internet səhifələrindən və Ramazanı əyləncəli şənlik məclisləri kimi qələmə verən qafillərə aldanmaqdan həm özümüzü, həm də nəsillərimizi mühafizə edək.
Xüsusilə Ramazani-Şərifin rəhmət və bərəkətindən övladlarımızın da istifadə etməsi üçün səy göstərək. “Ağac yaş ikən əyilər” həqiqətini diqqətə alaraq övladlarımızı mülayim dillə sahura qaldıraraq oruca təşviq edək. Bütün günü oruclu keçirməyə taqətləri çatmayacaq qədər azyaşlı olanları yarım günlük orucla ibadətə alışdıraq. Mümkün mərtəbə məscidə gedəndə onları da özümüzlə aparaq. “Mərifət iltifata tabedir” qaydası gərəyincə qıldıqları namazın, tutduqları orucların ardınca onlara kiçik hədiyyələr verərək qəlblərindəki ibadət həyəcanını artırmağa çalışaq.
Həmçinin Quranın nazil olduğu bu mübarək ayda həm fərdi olaraq, həm də övladlarımızla birlikdə Allahın kəlamını çox oxuyub dinləmək və təfəkkür etmək surəti ilə vaxtımızı əhya edək. Daim saleh əməllərlə, haqq və xeyirlə məşğul olaq ki, batil bizi işğal edə bilməsin.
Allah-Təala lütf-kərəmi ilə könül xanələrimizə müsafir olan Ramazani-Şərifi gözəl qarşılayıb bizdən razı halda yola sala bilməyi, Ramazan ruhaniyyəti içində bir həyat yaşayıb son nəfəsimizi də əbədi bir bayram hüzuru ilə verə bilməyi hər birimizə nəsib etsin.
Amin!..
[1] Bax. Aziz Mahmud Hüdayi, Sohbetler (Hazırlayan: Safi Arpaguş), 8. Sohbet, Vefa Yay. İst. 2010.
[2] Bax. Aziz Mahmud Hüdayi, e.a.ə., 18. Sohbet.
[3] Bax. Buxari, Fəzlus-Salət, 1; Müslim, Həcc, 505-510.
[4] Bax. Müslim, Etikaf, 8; İbn Macə, Siyam, 57.
[5] Bax. əl-Qədr, 3.
[6] Buxari, Ədəb, 96.
[7] Bax. Müslim, Həcc, 147; Əbu Davud, Mənasik, 56; İbn Macə, Mənasik, 76, 84; Əhməd, V, 30.
[8] Bax. Aziz Mahmud Hüdayi, e.a.ə., 18. Sohbet.
[9] Bax. Aziz Mahmud Hüdayi, e.a.ə., 8. Sohbet.
[10] Bax. Aziz Mahmud Hüdayi, e.a.ə., 33. Sohbet.
[11] Bax. Aziz Mahmud Hüdayi, e.a.ə., 8. Sohbet.
[12] Tirmizi, Zöhd, 11; İbn Macə, Fitən, 12.
ŞƏRHLƏR