İSİMSİZ OLMAQ

İSİMSİZ OLMAQ

Xəstəxanada yenicə dünyaya gələn körpənin adı olmaz. Ona ad əvəzinə nömrə verərlər. Böyük bir xəstəxana deyilsə, heç nömrə də verməzlər, eləcə “körpə” deyərlər; uzaq başı oğlan və ya qız olduğunu bildirərlər. İnsan dünyaya isimsiz gələr.

Ölən şəxsin uzaqlaşan ruhu ilə birlikdə adı da uzaqlaşar. Ölüyə heç vaxt adı ilə xitab edilməz. Cənazə deyərlər, meyit deyərlər, ölü deyərlər, yaxud mərhum deyərlər. Morqda, tabutda və ya cənazə maşınında nömrəsi ilə bilinər. Torpağa tapşırarkən də adını çəkməz, “cənazəni gətirin” deyərlər. İmam: “Mərhumun ruhuna fatihə!” deyər. İnsan dünyadan isimsiz gedər.

Üzüm üzümə baxaraq qaralarkən insan da ekranlara baxaraq qaralır. Həzrət İbrahimi atəşin yandırmadığını bilirik. Yoxsa özümüzü Həzrət İbrahim kimi görürük?! Günahlarla, üsyanlarla qapqara ol, sonra da atəşdə yanmayacağını düşün; bu necə məntiqdir?!

Çayın, kofenin, oyun və əyləncənin aludəçisi olduğumuz qədər kaş Quranın, zikrin və söhbətin də aludəçisi ola biləydik. Cümə günü təbrik mesajı göndərən, amma cümə namazı xaricində cümə gününü digər günlərdən fərqsiz yaşayan insanlarıq.

“Korun gözü açılanda ilk qırdığı şey çəliyi olar” deyirlər. Gözlərimizi açan insanların könlünü nə qədər də çox qırırıq (incidirik)!.. Könlü qırılan insanların hədd-hesabı yoxdur. Müsəlmanların ən sevdiyi yemək bir-birilərini yemək olduğu müddətcə məğlub olmağa məhkumuq. Ata-anasını qocalar evinə göndərən, uşağına baxmağı və evlənməyi işgəncə və azadlığının məhdudlaşması kimi görən, saxladığı itə-pişiyə “qızım, oğlum, canım, balam” deyənlər var. Allah dünya və axirət salamatlığı versin.

Ramazan ayında bir kəndə vəz etmək üçün gedən xoca görür ki, mədrəsənin bağçasında inəklər otlayır, sinifləri hörümçək toru basıb, məscidin həyəti viran gündədir. Kürsüyə çıxır və onlara təkcə bu sözləri dedikdən sonra kənddən çıxıb gedir: “Heç kəs istəməz ki, tarlasına və ya bağçasına mal-qara girsin. Bağ-bağçanızın hər tərəfini çəpərlə bağlayırsınız. Əgər bir inək, qoyun, yaxud vəhşi heyvan bağçanıza girsə, onu dərhal oradan qovub çıxardarsınız. Bəs bu mədrəsənin halı nədir? Məscidiniz niyə belə baxımsız vəziyyətdədir? Mədrəsənin bağçasını inəklər və qoyunlar doldurub, içini də siçanlar və hörümçəklər! Yuh olsun sizə!..”

Kəndlilərə “yuh” deyərək çıxıb gedən xoca, bizə də baş çək. Bizə də “yuh” de, nə olar! Bu günə qədər xocalar elə hey rahatlaşdırmağa çalışdılar, ana kimi şəfqətlə yanaşdılar. Hər zaman şəfqət işə yaramır. Bəzən də ata kimi sərt və qəzəbli olmaq lazımdır.

Ey mədrəsənin bağçasında qoyunlar və inəklər, içində siçanlar və hörümçəklər var deyə qəzəblənən xoca! İnsana yaraşmayan hərəkətlərimizə və Sibir kimi soyuq, heyvanat parkı kimi dolu və kirli qəlbimizə bax, bizə də “yuh” de! 

Peyğəmbərlərin nümunəvi həyatını oxuyur, söhbətlərə qulaq asır, üst-üstə kitablar alırıq, bəs niyə hələ də irəliləyə bilmirik, yerimizdə sayırıq? Bir gün, inşallah, qısıq səslə “mən də” deməkdən əl çəkərik.
Bir nəfər dəmir-dümür yığmaq üçün küçə-küçə gəzirmiş. Dostu ona “mən də səninlə gəlib bu işlə məşğul ola bilərəmmi?” deyir, o da qəbul edir. Birlikdə gəzməyə başlayırlar. Adam var gücü ilə: “dəmiiir!.. dəmir alıram, dəmiiir!..” deyə qışqırırdı. Dostu da utana-utana, qısıq səslə: “mən də” deyirmiş.

Dünya ata bənzəyir. At insanı aparmaq üçün var. İnsan atı belinə götürüb gedirsə, burada bir tərslik var deməkdir. Dünya haradadır? Əynimizdə neçə corab, neçə köynək köhnəldi, əlimizdə neçə telefon xarab oldu, amma bir səccadəni, yaxud bir Quranı, dua və zikr kitabını köhnəldə bilmədik. Gönenli Mehmed Əfəndi həzrətləri deyir: “Sahib olduğun nemətlərlə başqalarına kömək etməlisən; insanlara münasibətdə ana kimi şəfqətli olmalısan...”. Başqa insanlara qarşı ana kimi ola bilmədik, heç ata kimi də ola bilmədik. Nə kimi olduğumuzu demək çətindir, ən yaxşısı, hər kəs öz cavabını özü fikirləşsin. Əvvəllər mədəniyyət, sənət, adət-ənənə və ədəb-ərkan mühitində yaşayırdıq. İndi iqtisadiyyat, siyasət, texnologiya və internetdən başqa bir dünya görə bilmirik.  Mədəniyyətə, sənətə, adət-ənənə və ədəb-ərkana qarşı üç meymun (kar, kor, lal) kimi laqeyd yanaşanlar, əlbəttə, çox şey itirəcəklər.

Allahın varlığını qəbul etmək çətin deyil. Cahiliyyə dövrünün müşrikləri də Allahın varlığını qəbul edir, lakin birliyini qəbul etmirdilər. Əbu Cəhl Allahın varlığını deyil, birliyini inkar edirdi.

Bu gün Allahın varlığını və birliyini qəbul edən bir çox insanda Allaha güvən, təvəkkül və Allahı sevmək problemi var. Yaponlarda “xəstəlik zehindən başlayır” deyə bir ifadə var. Yəni düşüncə tərzimiz bizi xəstələndirə, yaxud sağalmağımıza kömək edə bilər. Xəstəliklər duyğu və düşüncələrdən qaynaqlanırsa, əvvəlcə duyğu və düşüncələri müalicə etmək lazımdır. Allahın Rəsulu (s.ə.s) “təbibəl-qulub”dur. Yəni qəlblərin və düşüncələrin həkimidir. Onun həyatı və sözləri qiyamətə qədər təsirini itirməyəcək reseptdir. Əleyhissalam!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz