İNSANLIĞI İFSAD ETMƏYƏ ÇALIŞIRLAR!

İNSANLIĞI İFSAD ETMƏYƏ ÇALIŞIRLAR!

Əziz Mahmud Hüdayi Vəqfinin xarici əlaqələr üzrə şöbə müdiri

Şuayip Başhan: “İnsanlığı ifsad etməyə çalışırlar!”

İrfan:   Əvvəla, xoş gördük sizi, Şuayip bəy! Hüdayi Vəqfində fəaliyyət göstərdiyinizə görə ictimai problemlərlə daha yaxından tanışsınız. Bu gün cəmiyyətimizdə rastlaşdığımız ən böyük problem sizcə nədir?

Şuayip Başhan: Çox təşəkkür edirəm, mən  də öz növbəmdə can Azərbaycana gəlməyin sevincini buradan paylaşaraq səmimi duyğularımı ifadə edirəm. Təxminən iki ildir ki, vəqf çalışmalarımızda ifsad (pozğunçuluq) və ifsadla mücadilə mövzusuna xüsusi diqqət ayırırıq. Bu səbəblə ailə üzərinə ciddi araşdırmalar apardıq. Ailənin dəyəri, əhəmiyyəti, ailələrin qarşılaşdığı problemlərin həlli barədə xeyli çalışmalarımız oldu. Bu müddət ərzində tez-tez Türkiyədəki pedaqoqlar, ziyalılar və akademiklərlə görüşüb tövsiyələrini aldıq. Ümumi olaraq gəlinən nəticə odur ki, bu gün dünyada Allahın insan oğluna qoymuş olduğu nizamı, insanlıq heysiyyətini pozmağa çalışan qlobal bir sistem var. Bəşəriyyəti ifsada çalışan bir axım var. Buna nail olmaq üçün də müəyyən vasitələrə baş vurulur. Zərbə vurmağa çalışdıqları vasitələrin başında bütün cəmiyyətlərin inanc və dini dəyərləri gəlir. Xüsusilə də son din olan İslamı pozaraq onun qayda və qanunlarını etibarsızlaşdırmağa çalışırlar.

- İnsanlıq heysiyyətini zədələməyə, Allahın ona bəxş etdiyi intizamı pozmağa çalışdıqlarını qeyd etdiniz və bunun üçün müəyyən vasitələrə əl atıldığını vurğuladınız. Nədir bu vasitələr?

- Dəyərli ziyalılarımızdan Afyon Kocatepe Universitetinin dəyərli müəllimi Yrd.Doç.Mücahid Gültekinlə görüşümüzdə dünyanın bugünkü durumunu xülasə edərkən üç xüsusun üzərində durdu. Hər birini izah edərək sayaq. Bu gün üç şeyin bulanıqlaşdığı bir dövrdə yaşayırıq. Birincisi, cinsiyyət. Bəli, cinsiyyətin bulanıqlaşdığı bir dövrdə yaşayırıq. İlahi kitabımızda da deyildiyi kimi, Allah-Təala insanı bir qadın və bir kişidən yaradıb. İnsan nəsli əsrlərdən bəridir ki, bu qaydada çoxalaraq vüsət tapıb. Qlobal ifsad mexanizmi bu təməl doğrunu ifsad etməyə çalışır, yəni sünnətullahı pozmağa çalışırlar. Onların təlqin etməyə çalışdığı fikrə görə, insanlar cinsiyyətsiz olaraq dünyaya gələr, həddi-büluğa çatdıqdan və özünü dərk etdikdən sonra qadın, yoxsa kişi olduğuna qərar verərlər. Yəni belə olmalıdır, deyirlər. Tamamilə safsatadan ibarət olsa da, bu gün bütün dünyada zorla insanlara sıranmağa çalışılan bir xüsusdan söz edirik. Keçən həftələrdə əhalisinin 90 faizini müsəlmanların təşkil etdiyi Kosova kimi bir ölkənin milli məclisində həmcinslərin evlənməsi məsələsi müzakirə edilərək səsverməyə çıxarıldı. Şəxsən bir neçə il yaşayıb çalışdığım üçün daha yaxından tanıyıram, Kosova bir çox problemin pəncəsində çırpınan bir ölkədir. Bu ölkədə insanlar qida yetməzliyi, işsizlik kimi problemlərlə üz-üzədir. Şəhərlərarası yollar yoxdur, infrastruktur bərbad haldadır. Yəni həll edilməsi vacib daha həyati məsələlər varkən həmcinslərin evliliyi müzakirəyə çıxarılır. Dünyada bəzi məktəblər var ki, orada şagirdlər arasında cinsiyyət ayrı-seçkiliyi etmək qadağandır. Məsələn, qız uşağına “qızım”, yaxud oğlana “oğlum” deyə bilməzsən. O uşaq böyüyüb müəyyən yaşa çatdıqdan sonra özünü hansı cinsdən sayarsa, yalnız o zaman qız və ya oğlan olduğunu deyə bilərsiniz.  

İkinci xüsus, canlı ilə cansızın hüququnun bulanıqlaşdığı bir dövrdə yaşayırıq. Bildiyiniz kimi, texnologiya sürətlə inkişaf edir. Bunun bir nəticəsi olaraq robot texnologiyası çağındayıq. Bu gün bütün dünyada ən çox rəğbət görən sahə süni zəka və robot texnologiyasıdır. Əslində qlobal gücün məntiqinə görə, insan oğlu öz insanını yaradır. Bu gün dünyada robot anayasası hazırlanır. Bunun üzərində çalışırlar. İnsan və robot münasibətlərini nizamlayan hüquqi anlayışdan söhbət gedir. Bu gedişlə tezliklə robotlar insandan daha qiymətli sayılacaq. Məşhur robot var, Azərbaycana da gəlmişdi - Sofi. Ərəbistan hökuməti ona vətəndaşlıq verdi. Bu gün Səudiyyə Ərəbistanının rəsmi pasportu ilə dünyanı gəzən bir robotdan danışırıq. Qlobal ağıla görə, həmin robot bütün dünya insanlarından daha dəyərlidir.

Üçüncüsü isə heyvanla insan hüququnun bulanıqlaşdığı bir dövrdə yaşayırıq. Bilirik ki, İslamda heyvan haqları xüsusi yerə sahibdir. Allahın yaratdığı məxluqlar olaraq onlara qarşı mərhəmətli olmaq, incitməmək və bu kimi bir çox öhdəliklərimiz var. Lakin insan əşrəfi-məxluqatdır. Qlobal ifsadçılarsa heyvanı insanla eyni səviyyədə tuturlar. Baxın, dünyada heyvan haqları adlanan qanun toplusu var. Türkiyə təklif etdi ki, biz bunu heyvan haqlarını qoruma qanunu olaraq qəbul edək. Burada heyvana qarşı bir aşağılama olduğunu irəli sürərək etiraz etdilər. Sən kimsən ki, heyvan haqlarını qoruyursan? Özünü necə ondan üstün görə bilərsən?

- Bəs nə etməliyik?

- İnsan bu dünyada yaşadığı müddətdə bir çox şeydən məsuldur. Bu gün ən böyük məsuliyyətlərimizdən biri yaşadığımız çağı doğru oxumaq və baş verənlərin fərqində olmaqdır. Bu gözlə baxsaq görərik ki, qlobal güc insanı insanlıqdan çıxarıb fərdləşdirməyə çalışır. İlk növbədə insanı pislikdən, əxlaqsızlıqdan qoruyan etiqadını əlindən almağa çalışırlar. Sonra bu inancla yoğrulan milli mentalitetindən, adət-ənənələrindən soyutmağa çalışırlar. Yəni insanı əxlaqsızlıqdan çəkindirən ictimai qınaq anlayışını dəyərsizləşdirməyə çalışırlar. Və ən təhlükəlisi, ailə qalasını yıxmağa çalışırlar. Beləliklə, insanı onun şərəf və ləyaqətini qoruyan bu üç təsiredici amildən uzaqlaşdırıb yalnızlaşdırmağa çalışırlar. Çünki heç bir tutarlı bağı olmayan insan artıq birey halına gəlmiş, yəni fərd olmuşdur. İnsanı insanlığından uzaqlaşdıraraq fərdləşdirdikdən sonra asanlıqla istədikləri istiqamətə yönləndirməyi hədəfləyirlər.

- Qısa səyahətinizdə vaxt ayıraraq dəyərli fikirlərinizi bizimlə paylaşdığınız üçün çox təşəkkür edirik, Şuayip bəy!

- Mən də öz növbəmdə sizə təşəkkür edir, insanları haqqa dəvət xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.

 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz