NOSTALGİYA – KEÇMİŞƏ HƏSRƏT

NOSTALGİYA – KEÇMİŞƏ HƏSRƏT

NOSTALGİYA – KEÇMİŞƏ HƏSRƏT
*hanı o əvvəlki bayramlar?!

Bəzən ruhunda xəfif ürpərti hiss edirsən. Sanki meh bütün bədənini bürüyüb öz ağuşuna alır. Zehnin səni yaşadığın və ya heç görmədiyin, kimdənsə bəh-bəhlə, fərəh dolu ifadələrlə eşitdiyin xəyali bir zamana aparır. Bütün varlığınla o zaman və məkan üçün darıxırsan, düşüncələrin o ana köklənərək həmin anları gerçəkmiş kimi yaşatmağa çalışır. Darıxdıqca xəyali zaman və məkanda xoşbəxt olursan. Anidən oyanırsan, gerçək zamana qayıdırsan və xoşbəxtliyinin, üzündəki gülümsəmələrin yerini dərin təəssüf və şiddətli kədər hissi alır. Bu hiss sənə ən təsirli misraları yazdırır, şair edir; tərənnüm dolu uzun cümlələr qurdurur, yazıçı edir; fırça tutan əllərini səndən xəbərsiz kətana çırpır, rəssam edir; gözlərin bağlı halda notlara toxundurur, bəstəkar edir. Bu hiss sənə həm sevinc, həm də kədəri yaşadır. İpi əlindən çıxarsa nostalgiya insanı keçmişin məmnunluğu içində hədsiz saxta xoşbəxtlik və ya keçmişin yerinəyetirilməzliyi içində sentimentallıq, melanxoliya ilə cəzalandırır. Yeni dövr insanının ayağı müalicə olunması mümkünsüz nostalgiya epidemiyası ilə zəncirlənib. Modernləşmə baş verdikcə nostalgiya öz yerini möhkəmləndirir və zəncirlər ömrünü başa vurub paslanmaq yerinə daha da bərkiyir. İnsan artıq keçmişə - evinə - qayıtmağa cəhd edir və xəyali zaman səyahətinin sancılarını, ağrılarını çəkir.

Nostalgiya qədim yunan dilində “notos” - evə qayıtmaq və “algos” - ağrı sözlərinin birləşməsindən yaranıb. XVII əsrdə İsveçrə ordusunda xidmət edən muzdlu döyüşçülərdə psixoloji problemlər, bununla birlikdə yuxusuzluq, halsızlıq, qızdırma, huşunu itirmə kimi xəstəliklər baş verməyə başlayır və sürətlə yayılır. Hadisə barədə düşünən isveçrəli həkim Yohannes Hofer 1688-ci ildə dissertasiyasında ilk dəfə nostalgiya terminindən istifadə edərək, muzdlu döyüşçülərin çəkdikləri vətən həsrətindən psixi-fiziki xəstəliklər qazandığını qeyd edir. İlk vaxtlar nostalgiya “İsveçrə xəstəliyi” adı ilə tanınır. XIX əsrin ikinci yarısında xəstəlik statusunu itirir, melanxoliyanın bir növü olaraq qəbul edilir və ədəbiyyata, sənətə, fəlsəfəyə, bir sözlə fikir obyektinə çevrilir.

Azərbaycanda nostalgiya ifadəsi SSRİ dağıldıqdan sonra həmin dövrdə hər şey yaxşıymış kimi baxan yaşlı insanlarla, babalarımızla daxil olur. Pandemiya təsiri bağışlayan ifadə yerini orta yaşlı təbəqəyə verir. Belə ki, yeni dövrə uyğunlaşa bilməyən atalarımız qida çeşidlərindən tutmuş insani münasibətlərədək keçmişə həsrətlə baxmağa başlayırlar və nostalgiya sözünün əvəzinə “sovetin dövründə” deyimi işlənir. Həsrət çəkən üçüncü, bəlkə də, son nəsil isə 90-ların uşaqlarıdır. Üç nəsli sosial-iqtisadi həyat şəraitlərinin geriliyindən yox, insani münasibətlərin heçliyə qovuşmasından yaranan kədər hissi bürüyür. Küçədə əl əməyi sayəsində dostları və ya ataları ilə birlikdə hazırladıqları oyuncaqlarıyla oyun oynayan, küçəyə çıxmaq üçün yanıb tutuşan 90-ların uşaqlarıdır. Məhz küçədən qorxmayan, qonşudan çəkinməyən son nəsil 90-ların nəslinin atalarıdır.

2000-lərdə artıq 90-ların uşaqları “heyif deyildi o vaxtlar” deyə həmin illərə dərin nostalgiya hiss etməyə başlayır. Zaman keçdikcə “hanı o əvvəlki bayramlar”, “sovetin dövründə” ifadəsini əvəzləyir.

Təəssüflər olsun ki, “hanı o əvvəlki bayramlar” deyən son nəsil biz olacağıq və bədənimizi gələcəyin quruluğu qorxusu, vahiməsi basır. Kimliyimizin həqiqətinə vardığımız, mənəvi dünyamızı, ruhumuzu fövqə daşıyan Ramazan ayındayıq. Ramazan təməldə fərdə yönəlsə də, cəmiyyəti əhatələyir, insani əlaqələrin yaxşılaşdırılmasını, insani duyğu və düşüncələri təşviq edir. Artıq uzun müddətdir ki, “hanı o əvvəlki ramazanlar” ifadəsi dilimizin ayrılmaz parçasına çevrilib. Adət halını alan davranış və ifadə adiləşir, öz gözəlliyini, zümrüdlüyünü itirir. Belə davam edərsə, “hanı o əvvəlki ramazanlar” deyən də olmayacaq. İnsan və insani münasibətlərin yerini insan və texnika münasibətləri alacaq. Texnika insan üçün darıxmır, insan üçün ürəyi sızlamır, insanın mənəvi halları onu narahat etmir. Eynilə də modernləşən insan köhnə texnikanı axtarmır, onun mükəmməlini arzulayır.

Bütün bunları nəzərə alsaq, görərik ki, biz nostalgiyamızı itirəcəyik. Qəribədir, nostalgiyadan qurtulmağa çalışılarkən, biz nostalgiyadan yaxşıca yapışmaq məcburiyyətindəyik. İnsan və insan münasibətinin fonunda yaşayan son nəsil olmamaq üçün nostalgiyanı bir alət, keçmişi unutmamaq üçün bir vasitə kimi istifadə edib əvvəlki illərin milli-mənəvi ab-havasını qaytarmağa, onları yeni dünya sistemində inşa etməyə çalışmaq lazımdır. Koronavirusdan sonrakı dünya artıq onlayndır, insani xətdən kənardadır. Xəyali dünya adlandırılan “metaverse” yaşadığımız planetdən üst bir dünya təsəvvürü formalaşdırır və insani münasibətləri texnikanın himayəsinə həvalə edir. Yeni dünya sistemində dünyaya göz açan uşaqlar üçün gizlənpaç oyunu yox, 2-3 min manatlıq telefonlarda oynanan oyunlar maraqlı olacaq; dərslərini bitirdikdən sonra dostları ilə məhlədə yox, internetin hər hansı bir küncündə görüşəcəklər.

“Hanı o əvvəlki bayramlar” deyə qəmlənərək vaxtımızı hədər nəsnələrə xərcləməməli, güc tapıb keçmişimizdən iki əllə yapışmalıyıq. Nostalgiya burulğanına qapılıb hərəkətsiz qalmamalıyıq.  Xatirəmizdə qalanları zehnimizin dərinliyindən çıxardıb həyatımıza köçürmək, yeni nəslə görünməyən nostalgiyamızı yox, görünən mədəniyyətimizi nümunə kimi təqdim etmək lazımdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz