QURAN ƏHLİ

QURAN ƏHLİ

Uca kitabımız Qurani-Kərim ilk ayələri enməyə başladığı gündən etibarən inanclı insanların daim diqqət mərkəzində olmuş, onun avazla oxunuşu, ayələrinin ahəngi, fəsahəti, bəlağəti, möcüzələri, ayələrinin üzərində dərin-dərin düşünmək və dinləmək onların qəlblərinə mənəvi rahatlıq və səadət bəxş etmişdir. Niyə də verməsin ki; o, hər hansı bir faninin yox, məhz Uca Allahın mübarək kəlamıdır. Özündə heç bir şəkk və tərəddüd yeri olmayan bir kitabdır. Uca Allah bu həqiqəti bizə belə bəyan edir: “Bu kitabda heç bir şübhə yoxdur! O, təqva sahiblərinə doğru yolu göstərən bir kitabdır”. (əl-Bəqərə, 2)

Bəli, özündə heç bir şübhəyə yer olmayan bu müqəddəs kitab Səadət əsri cəmiyyətini təşkil edən səhabələri daim düşündürmüş, zəngin-kasıb, yaşlı-gənc, qadın-kişi hər biri gündəlik məşğuliyyətləri arasında Qurana da yer ayırmışlar. Onlar maddi baxımdan fəqir olsalar da, Quranın mənəvi həzzindən istifadə etməklə könüllərinə, qəlblərinə doyumsuz bir səadət bəxş olunmuşdu. “Səadət əsri” ifadəsi də məhz bu kimi mənəvi həzz və doyumsuzluqdan doğan bir ifadə idi. Yoxsa onların bizim kimi maddi imkanları, geniş evləri, rahat minikləri, növbənöv yemək-içməkləri yox idi. Onlar səadəti, həqiqi xoşbəxtliyi gözlə görünən maddi şeylərdə yox, Uca Allaha imanda, hidayətdə, Quranla həmhal olmaqda, məscidlərdə, ibadətdə, xeyirli işlərdə yarışmaqda, Allah yolunda cihadda və elmlə məşğul olmaqda görürdülər.

Səhabələr (Allah onlardan razı olsun) bütün günü Qurandan hər hansı bir ayənin nazil olmasını gözləyir və enən ayələri həyata keçirməyə can atırdılar. Hətta xanımları onlar evə gəldikdə “bu gün bazara hansı mal gəlmişdi”, “bu gün nə qazandın”, “evə nə gətirdin” yox, “bu gün Allahın kitabından hansı ayə nazil oldu, nə kimi əmr və qadağalar buyuruldu, Allah Rəsulunun (s.ə.s) söhbətində iştirak etdinmi?” deyərək mənəvi dəyərlərin inkişafı ilə, eyni zamanda Qurani-Kərim ilə maraqlanırdılar. Səhabələr növbə-növbə işləyərək Allah Rəsulunun (s.ə.s) dərslərində iştirak edir, hər biri bu mənəvi süfrədən doyunca faydalanmağa çalışırdı. Çünki Allah Rəsulu (s.ə.s) səhabələri Quranla həmhal olmağa təşviq edir, yeni enən ayələrin üzərində dərin-dərin düşünməyə dəvət edirdi. 

Bir dəfə Rəsulullah (s.ə.s) belə buyurmuşdu: “Şübhə yoxdur ki, insanlardan Allaha yaxın olanlar vardır”. Səhabələr: “Ey Allahın Rəsulu! Onlar kimdir?” - deyə soruşduqlarında Peyğəmbərimiz (s.ə.s): “Onlar Quran əhli, Allah əhli və Allahın seçilmiş qullarıdır!” - cavabını verdi. (İbn Macə, Müqəddimə, 16)      

Bu bağlılıq və ünsiyyətin nəticəsidir ki, Allah Rəsulu (s.ə.s) axirətə köçdükdən sonra Qurani-Kərimi kitab halında bir yerə cəm etmək, onu insanlara öyrətmək, təbliğ və təfsir etmək işini şəxsən özünün yetişdirdiyi səhabələr üzərinə götürmüş və ən gözəl şəkildə yerinə yetirməyə çalışmışdılar.

Səhabeyi-kiram Quranın nazil olduğu o Səadət əsrində yaşadıqları üçün ayələrin bir çoxunun nazil olma səbəbini, yerini çox yaxşı bilirdilər. Buna görə də Quranı ilk təfsir edən də məhz onlar olmuşdur. Səhabələr ayələrin nazil olduğuna şahid olduqları üçün onları təfsir edərkən  mənası və əhatə etdiyi hökmü arasında mövcud olan əlaqəni qurmaqda çətinlik çəkmirdilər. Təfsir sahəsində özünü yetişdirmiş səhabələr Quranı oxumaqla qalmır, İslama yeni gələn insanlara onu təfsir etməyə və hökmlərini izah etməyə çalışırdılar. Yaxşı bilirdilər ki, Uca Allah bu iş üçün onları seçmiş və onlara Quran xidməti kimi şərəfli bir vəzifə vermişdir.

Başda raşid xəlifələr, (Hz. Əbu Bəkr, Hz. Ömər, Hz. Osman və Hz. Əli) olmaqla təfsir sahəsində önə çıxmış səhabələr bunlardır:Abdullah ibn Məsud, Abdullah ibn Abbas, Übey ibn Kəb, Zeyd ibn Sabit, Abdullah ibn Ömər, Abdullah ibn Zübeyr və Əbu Musa əl-Əşari (r.anhum)”.  (Muhamməd ibn Cərir ət-Təbəri, Camiul-bəyan an-təvili ayil-Quran, III,  570-571)Formun Altı

Bu təfsirçi səhabələr içində ən məşhuru Abdullah ibn Abbas (r.a) idi. Qurani-Kərimin təfsirini çox yaxşı bildiyi üçün ona “Quranın tərcümanı” ünvanı verilmişdi. Rəvayət yolu ilə gələn təfsirlərin izahında bir çox təfsirçi məhz Abdullah ibn Abbasın (r.a) ayələrə verdiyi açıqlamalardan istifadə etmişdir. Başda da dediyimiz kimi, çünki onlar Quran ayələrinin enməsinə şahid olan mübarək insanlar idi.

Quranın təfsirini ən gözəl bilən kəslər məhz səhabələr olduğu kimi, onu qaydası ilə ən gözəl oxuyanlar da onlar olmuşlar. Qurani-Kərimi təlim və təcvid qaydalarına uyğun şəkildə əzbərləmiş şəxsə Qurra deyilir. İmam Buxarinin “Peyğəmbərin Qurrası” başlığı ilə qeyd etdiyi bölümdə Allah Rəsulunun (s.ə.s) özlərindən Quran öyrənilməsini tövsiyə etdiyi müəyyən şəxslərin olduğu bildirilir. Onların arasında: “Abdullah ibn Məsud, Muaz ibn Cəbəl və Übey ibn Kəb” önə çıxır. (Fəzailul-Quran, 8)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz