“İSTİQBALIMIZ GƏNCLƏRƏ BAĞLIDIR”.
Əziz Mahmud Hüdayi vəqfinin təhsil və mədəniyyət şöbəsinin sədri Dr. Alican Tatlı:
“İstiqbalımız gənclərə bağlıdır”.
İrfan: Əvvəla, xoş gəlmisiniz. Bildiyimiz kimi, dünya sürətlə qloballaşır. Bəzən bu prosesdə dəyərlər zərbə alır. Belə bir vəziyyətdə gənclərimizin gələcəyi üçün nələr edə bilərik?
Dr.A.Tatlı: Təşəkkür edirəm. Gənclər və gələcək çox mühüm mövzudur. Gələcəyimiz, istiqbalımız gənclərə bağlıdır. Bu gün qlobal mədəniyyət cəmiyyəti təhlükəyə atır, gənclər də bundan çox təsirlənirlər. Bəzən baxırsan ki, eyni otaqdasınız, amma yanındakının fikri, düşüncəsi dünyanın o biri ucundadır. İki dəqiqə söhbət edə bilmirsən. Atanın dünyası da belədir, ananın dünyası da. Bəlkə də o anda uşağın onlara ehtiyacı var, amma ata-ana virtual aləmdə məşğul olduğuna görə ona vaxt ayıra bilmir. Yəni insanları bir-birindən ayıran, qopardan bir mühit formalaşıb. Dünya belə bir nöqtəyə gəlib. Belə bir mühitdə insanın özünü yetişdirməsi çox çətindir. Burada gənclik dövrü çox böyük əhəmiyyət kəsb edir. Gənclərin vaxtlarını nəyə sərf etməsi gələcəyimizə yön verir. Gənclərimiz bunun fərqində olmalıdır. Bu yolçuluq əsnasında Rəbbimizin bizdən istədiyi bəzi şeylər var: yer üzündə xəlifə olaraq yaratdığı insanın ilahi təlimdən keçməsini, kamil bir insan olaraq həyatını yaşamasını, həm şəxsinə, həm də cəmiyyətə faydalı bir qul kimi yaşayıb özünə dönməsini arzu edir.
- Kamil insan deyirsiniz, nədir kamil insan olmaq?
- İnsanların qəbul etdiyi bəzi kriteriyalar var ki, bunlar dəyişir, hər kəs fərqli düşünür. Əsas olan Yaradanın qoyduğu kriteriyalardır. Allahın qoyduğu prinsip və qaydalar mühümdür. Həzrət Əli (r.a) bir duasında deyir ki, “Allahım, mənim istədiyim kimi bir Rəbsən, məni sənin istədiyin kimi bir qul eylə!” Yəni sən bütün nöqsanlardan münəzzəh bir Rəbsən, amma mən nöqsanam, işimə nəfs qarışır, şeytan qarışır, həvəs qarışır, hər şey qarışır. Bir stəkan təmiz suya bir damcı nəcasət qarışsa, bulanar, onu içmərik. İbadətlər də belədir, qulluğa həva, həvəs, nəfs qarışarsa, o da bulanıq su kimi olar. İnsan özünü çox sevdiyi, özünü çox bəyəndiyi üçün belə bir təhlükə ilə hər daim üz-üzədir. Ona görə Həzrət Əli deyir ki, ya Rəbbi, məni sənin istədiyin şəkildə qul eylə! Yəni mənim başa düşdüyüm şəkildə yox, sənin arzuladığın kimi eylə. Məhz əsl kamil insan modeli Allahın istədiyi şəkildə bir qulluq həyatı yaşaya bilməyə bağlıdır. Elə isə kamil insanın vəsfləri Haqq-Təalanın kəlamı olan Qurani-Kərimə görə təyin edilməlidir. Onun bizə göndərdiyi Peyğəmbərin (s.ə.s) öyrətdiyi vəsflər çərçivəsində bir qulluq portreti ortaya qoyulmalıdır.
- Quran nə cür bir insan modeli arzu edir?
- Qurana görə, insan oğlu varlıq aləmi içərisində bənzərsiz bir mövqeyə sahibdir. Cəsədi ilə də, ruhani aləmi ilə də mükəmməl bir varlıqdır. Duyğuları, hissləri, təfəkkürü, yaxud zahiri görkəmi, hərtərəfli mükəmməldir. Quran da bunu ifadə edir, əhsəni-təqvim deyir. İnsan ən mükəmməl yaradılıb və yer üzünün xəlifəsidir. Xəlifə olsa da, ona iki zidd qabiliyyət verilib. Pis iş görmək qabiliyyəti də verilib, yaxşı iş də. Bu gün dünyada qlobal bir kirlilik var, əxlaq böhranı yaşanır. Ukrayna-Rusiya müharibəsində də bunun şahidi olduq. Avropanın afrikalı, suriyalı, əfqanıstanlı qaçqınlarla ukraynalı qaçqınlar arasında qoyduğu fərqi müşahidə etdik. Mediaya düşən çox təsirli bir görüntü var. Müharibədən qaçan məsum insanlar: uşaqlar, qadınlar, yaşlılar, xarici tələbələr... Bundan daha dəhşətlisi isə bilirsiniz nə idi? Qatarla həyata keçirilən təxliyələr zamanı digərlərindən əvvəl gəlmələrinə baxmayaraq, rəngləri səbəbilə qatara mindirilməyən afrikalı tələbələr. Bu, insanlıq adına bir ləkədir, təmizlənməli olan kirdir. İnsanlığın heysiyyəti əhsəni-təqvimə yüksələcəksə, bunlardan qurtulması lazımdır.
- Sizcə bu böhrandan çıxış yolu nədir?
- Çıxış yolu yalnız düzgün bir mədəniyyət inşasından keçir. İslam mədəniyyəti tarix boyu bunun ən gözəl nümunələrini sərgiləmişdir. Tarix səhifələrində tozlanmış, torpağın altında küllənmiş o mədəniyyəti ortaya çıxartmağa ehtiyac var. İslamda insanların irq, dil, rəng fərqi yoxdur. Bu, universal bir mədəniyyətdir. Üstünlük yalnız təqva ilə, Allah qarşısında, Allah qatındakı üstünlükdür. İnsanlar arasında fərq yoxdur. Dünyanın qurtuluşu hər kəsə insan olaraq baxa bilməyə bağlıdır. Biz, insan olmağın tələblərini ən ağır şərtlərdə belə yerinə yetirən mədəniyyətin övladlarıyıq. Bədrdə müsəlmanlarla müşriklər döyüşmək üçün üz-üzə gəlmişdi. Müsəlmanlar nəzarət altında saxladıqları quyudan müşriklərə su götürmək üçün icazə verdilər. Yəni bu dində günaha olan nifrəti günahkara əks etdirməmək əsasdır. Bu gün heyvan haqlarını qoruduğunu iddia edən bir çox anlayış var. Bizim mədəniyyətimizdə bunun qat-qat artıq nümunələri var. Heyvanların qorunması, əziyyət verilməməsi barəsində onlarla hədis var. Səhabələrə baxırıq; heyvanın rahatladılması, heyvanların haqqı nafilə ibadətə başlamaqdan əvvəl gəlir. Bizim insana, heyvana, bütün dünyaya qarşı məsuliyyətimiz mədəniyyət inşasında çox mühüm meyarlardır. Dünyadakı xaosa baxdığımız zaman bu anlayışa nə qədər də çox ehtiyac olduğunu daha yaxşı dərk edirik.
ŞƏRHLƏR