SUAL? - CAVAB!

SUAL? - CAVAB!

Sual: Orucun dəqiq başlama saatı varmı? İlk vaxtda oxunan azan bitənə qədər yemək olarmı?

Cavab: Orucun başlama və sahurun qurtarma vaxtı imsak vaxtıdır. Əgər azan imsak vaxtına müvafiq oxunursa, azana qədər yemək olar, azan başlayan kimi yeməyi kəsmək lazımdır. Yox, əgər azan gec oxunarsa, azanı gözləmədən imsak vaxtı bitəndə yeməyi saxlamaq lazımdır. Qeyd edək ki, imsak dan yerinin ağarmağa başlamasıdır. Yəni sübh çağı üfüqdə yayılmağa başlayan aydınlıqdır.

 

Sual: Sahura (obaşdan) qalxa bilməyənin tutduğu oruc sayılırmı?

Cavab: Sahura durmaq müstəhəb, yəni dini baxımdan xoş qarşılanan əməldir, vacib əməllərdən deyil. Həzrət Peyğəmbər (s.ə.s) sahura durmağı təşviq və tövsiyə etmişdir. Hədisi-şərifdə belə buyurulur: “Sahura qalxın, çünki sahur yeməyində bərəkət vardır”.(Buxari, Savm, 20; Müslim, Siyam, 45) Ona görə də sahura durmadan da oruc tutmaq olar. Hətta Ramazan ayında sahura yatıb qalınsa belə, oruca davam etmək fərzdir, yəni həmin günün orucu tutulmalıdır. Qeyd edək ki, bütün İslam alimləri həmfikirdir ki, sahura dura bilməyən və hər hansı ciddi xəstəliyi olmayan şəxsin sahura durmamağı üzr kimi qəbul edilmir, yəni mütləq şəkildə orucunu tutmalıdır. Lakin bir şəxsin hər hansı ciddi xəstəliyinin olması və həkim diaqnozu ilə gecə obaşdana durub yemək yemədən, eləcə də dərmanını qəbul etmədən oruc tutmasına qadağa qoyulması bundan istisna edilir.

 

Sual: Göz damcısı, qulaq damcısı və qulağın yuduzdurulması orucu pozarmı?

Cavab: Mütəxəssislərdən alınan məlumata görə, göz damcısı miqdar baxımından çox azdır və bunun bir hissəsi gözün qırpılması ilə çölə çıxır, digər hissəsi isə burun boşluğunu birləşdirən kanallarda məsamələr yolu ilə əmilərək vücuda qəbul edilir. Damcının oruca xələl gətirməyəcək çox cüzi bir hissəsinin həzmə gedib çatma ehtimalı var. Məhz bu məlumatlar əsasında göz damcısının orucu pozmadığı qənaətinə gəlinmişdir. Qulaq damcısına gəlincə, qeyd edək ki, qulaq ilə boğaz arasında birləşdirici kanal var. Qulaq pərdəsi su və ya dərmanın boğaza getməsinə mane olur. Bu səbəbdən qulağa damızdırılan dərman və ya qulağın yuduzdurulması orucu pozmur. Qulaq pərdəsində dəlik olarsa, qulağa damızdırılan dərman qulağın içində əmildiyi üçün dərman ya heç mədəyə getmir, yaxud da çox az bir hissəsi gedib çatır. Bu miqdar orucda bağışlanmışdır. Ancaq qulaq pərdəsinin dəlik olması halında qulaq yuduzdurularsa, bu su mədəyə qədər gedib çata bilər. Belə halda orucu pozacaq qədər suyun mədəyə getməsi səbəbi ilə oruc pozulmuş olar.

 

Sual: Şəkər xəstələrinin vurduqları insulin iynəsi orucu pozarmı?

Cavab: İynənin orucu pozub-pozmadığı ondan istifadə etmə məqsədinə görə dəyişir. Belə ki, əgər iynə qida məqsədilə vurulan, bədənin müqavimətini gücləndirən iynə deyilsə, orucu pozmur. Əks təqdirdə oruc pozulmuş olar. Şəkər xəstələrinin də istifadə etdikləri insulin iynəsi bu xüsusiyyətdə olmadığı üçün orucu pozmur. Ancaq insulindən istifadə edən xəstələrin oruc tutmaları onlar üçün zərərli olarsa, oruc tutmaya bilərlər. Bu xəstəlik ömür boyu davam etdiyi üçün onlar – kifayət qədər maddi imkanları varsa - tuta bilmədikləri oruclarının sayı qədər hər gün bir fidyə (hər oruc müqabilində bir kasıbın bir günlük qida ehtiyacını qarşılayacaq miqdar) verməlidirlər.

 

Sual: Endoskop vasitəsilə edilən müayinələr nəticəsində oruc pozularmı?

Cavab: Mədədəki xəstəliyi müəyyən etmək məqsədilə mədəni müşahidə etmək üçün endoskop vasitəsilə ağızdan mədəyə tibbi bir alət salınır və proses qurtardıqdan sonra çıxarılır. Həmçinin bağırsaqlara baxmaq üçün də bu kimi cihazlar aşağı nahiyədən salınıb çıxarılır. Eyni zamanda həmin yerlərin təmizliyini təmin etmək üçün cihazın içindən su verilir. Bütün bunlar yemək-içmək mənasına gəlməməklə yanaşı, əksər hallarda cihazın içindən su verildiyi üçün oruc pozulur. Ancaq sözügedən müayinə əsnasında həzm sisteminə su, yağ və bu kimi qida xüsusiyyəti daşıyan bir maddə girmədiyi təqdirdə, orucu pozmaz. Bundan əlavə, qeyd edək ki, sidik kanalına daxil edilən alətlər və ya axıdılan dərmanlar orucu pozmur.

 

Sual:  Oruc tuta bilməyən adam təravih namazı qıla bilərmi?

Cavab: Oruc və nafilə olan təravih ibadəti ayrı-ayrı ibadətlər hesab olunur. Ramazan orucunu tutmaq fərzdir. Ancaq Ramazanda təravih namazını qılmaq sünnədir. Əgər bir şəxsin xəstəliyi ucbatından səhhəti oruc tutmağa əl vermirsə, o, üzrlü sayılır və oruc tutmaması mübah olur. Bu şəxs təravih namazına davam edə bilər. Ancaq onu da qeyd edək ki, orucu bilərəkdən tutmayıb təravih namazları qılaraq özünü əfv etdirmək istəyən kəs yalnız özünü aldatmış olar. Çünki Ramazandakı oruc ibadəti fərz bir əməldir, hər bir müsəlman ayrı-ayrılıqda bunu yerinə yetirməlidir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz