RAMAZANDA SAĞLAM QİDALANAQ

RAMAZANDA SAĞLAM QİDALANAQ

On bir ayın sultanı Ramazani-Şərifin gəlişi ilə həyat tərzimiz tamamilə dəyişir. Bu ayda həzm və sinir sistemimiz, tənəffüs orqanlarımız dincəlməyə başlayır. Oruclu ikən vücud toksinlərdən təmizlənir, həmçinin hüceyrələrin bərpası və yenilənməsi baş verir. Gün ərzində bədənə qida girmədiyi üçün hüceyrələr daxildə yığılıb qalmış tullantıları geriyə, qana göndərir. Bu tullantılar qan yolu ilə qaraciyər, böyrəklər, dəri və ağciyərlərə paylanaraq bədəndən atılır. Oruclu olarkən bəzi bədən ağrıları, halsızlıq, yorğunluq kimi əlamətlər qandakı toksinlərin atılmasının nəticəsidir. Bu prosesin təmin edilməsi üçün iftar və sahurda düzgün və sağlam qidalanmaq lazımdır.                     

Sahur insanı oruca hazırlayan ən mühüm amildir. Bu səbəbdən yuxuya təslim olaraq sahuru ötürməməliyik. Cəmiyyətimizdə geniş yayılmış vərdişlərdən biri də sahura qalxmaq yerinə, yeməyi gecə yatmazdan öncə yemək, yaxud gecə qalxıb sadəcə su içərək oruc tutmaqdır. Belə bir vərdiş yanlışdır və tövsiyə edilmir. Çünki bu şəkildə qidalanma təxminən 12 saat çəkən aclığı 19-20 saata çıxardır, əzələ zəifliyi yaradır, maddələr mübadiləsini yavaşladır. Bunun nəticəsində gündəlik hərəkətin yavaşlaması, yatmaq istəyi, baş ağrısı, halsızlıq halları baş verir. Ona görə də sahura qalxmağı vərdiş halına gətirməli, heç iştahamız olmasa belə, ən azından su, süd, meyvə şirəsi və s. içərək Peyğəmbərimizin (s.ə.s) hədisi-şərifinə əməl etməliyik: “Sahur yeməyini yeyin, çünki sahurda bolluq-bərəkət vardır”. (Buxari, Savm, 20)

Peyğəmbərimiz (s.ə.s) yenə başqa bir hədisi-şərifində: “Bizim orucumuz ilə əhli-kitabın orucu arasındakı ən önəmli fərq sahur yeməyidir”, (Müslim, Siyam, 46) - buyuraraq sahurun önəminə diqqətimizi cəlb edir.

Sahurda çox yeməkdənsə daha gec həzm olunan, uzun müddət toxluq hissi yaradan proteinli və lifli qidalar qəbul etməliyik. Lifli qidalar sıx-sıx rast gəlinən qəbizlik probleminin də qarşısını alır. Lifli qidalar; taxıl məhsulları, süd məhsulları, yumurta, tərəvəz və meyvələrdir. Ağ undan hazırlanmış xəmir yeməkləri və şirniyyat insulinin ifrazına səbəb olduğu üçün həm tez acdırır, həm də qəbizlik yaradır.     

Sahurda qara çayı az qəbul etməkdə fayda var. Çünki çay sidikqovucu təsirə malik olduğu üçün maye itkisini artırır. Sahurda su, xurma, kəpəkli buğda çörəyi, ilıq şorba, süd, qatıq, pendir, kompot, yaşıl çay, soyutma yumurta, bal, zeytun, tərəvəz və tərəvəz salatı, fındıq, qoz, yaxud badam, bir şaftalı ya da 4-5 ədəd alça (susuzluğu yatırdığı üçün) qəbul edə bilərik.

Tərkibində bol miqdarda protein, vitamin, mineral, karbohidrat, yağ və lif olan xurma bədənin gümrah olmasını təmin edir. Qədərində yeyilən xurma qandakı şəkəri yüksəltməməklə yanaşı, əlavə susuzluğa da səbəb olmur. Buna görə də sahur və iftarda xurma yemək tövsiyə olunur.

Sahurda, eləcə də iftardan sonra, yatmazdan əvvəl su içməliyik. Gündə ən az 2-2,5 litr (12-14 stəkan) su içməyə, bununla bərabər, Ramazan ayında su ehtiyacını qarşılaya biləcək ayran, təzə sıxılmış meyvə şirəsi qəbul etməyə çalışmalıyıq. Unutmayaq ki, çay, mineral su, meyvə şirəsi, qazlı içkilər bədənin su ehtiyacını ödəmir. Sahurda çox duzlu və istiotlu qidalardan da uzaq durmalıyıq.

Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Sizdən biriniz orucunu açacağı zaman xurma ilə açsın. Çünki xurmada bərəkət vardır. Əgər xurma tapa bilməsə, su ilə açsın. Çünki su təmizləyicidir”. (İbn Macə, Siyam, 24; Əbu Davud, Savm, 21)

Biz də Peyğəmbərimizi örnək alaraq orucumuzu xurma, su, quru meyvə, zeytun, qoz, badam ilə aça bilərik. Ardınca dərhal axşam namazına keçməli, namazdan sonra iftar süfrəsinə əyləşməliyik. Ramazanda mədəmiz uzun müddət boş qaldığı üçün çox yemək həzm sistemimizi korlayır, dincəlmə və yenilənmə mərhələsində olan həzm, tənəffüs və sinir sistemimizi yorur. Belə halların qarşısını almaq üçün Ramazan süfrələrində yeməklərin çeşidləri mütləq azaldılmalı, doymadan süfrədən qalxılmalıdır. Həzm ağızda başladığı üçün qidanı tələsmədən, yaxşıca çeynəyərək yeməli, şorbamızı ilıq halda içməliyik. Çünki çox isti yeməklər boş olan mədəni narahat edir və qaz yaradır. Əsas yemək olaraq ət, toyuq və balıq yeməkləri (qızartma istisna olmaqla) qəbul edilə bilər. Uzun müddət ac qalmış mədəmizi yüksək kalorili yeməklərlə yormaq yerinə yüngül yeməklərə üstünlük verməliyik. Yeməklərin yanında hər axşam bir çay qaşığı zeytun yağı qatılmış salat yemək məsləhət görülür. 

Nəticə olaraq, Ramazanda ibadətlərimizi layiqincə yerinə yetirə bilməyimiz və Ramazani-Şərifdən, Peyğəmbərimizin (s.ə.s) müjdəsinə nail olacaq şəkildə çıxmağımız üçün sahur və iftarda sağlam qidalanmağa əhəmiyyət verməliyik.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz