İMANIN İZZƏTİ

İMANIN İZZƏTİ

Hz. Ömərin (r.a.) xəlifəliyi dövründə Şamın Qeysəriyyə tərəflərində rumların üstünə bir İslam ordusu göndərilmişdi. Abdullah ibn Hüzafə (r.a) də ordunun tərkibində idi. Rumlar onu əsir tutdular və “bu, Muhammədin əshabındandır” dedilər. Kral Hz. Abdullahı (r.a)  bir evdə həbs edib günlərlə ac-susuz saxladı. Sonra da ona yemək üçün bir az donuz əti və şərab göndərdilər. Üç gün gözlədilər. Abdullah (r.a) nə şəraba, nə də donuz ətinə əl vurdu.

Krala: 

- Onun boynu əməlli-başlı büküldü. Oradan çıxarmasanız, öləcək! - dedilər.

Kral onu yanına gətirtdirərək:

- Səni yeyib-içməkdən məhrum edən nədir? - deyə soruşdu.

Abdullah (r.a):

- Əslində zərurət olduqda onları yemək və içmək mənə halaldır. Amma mən səni özümə və İslama güldürmək istəmərəm! - dedi.

Kral onun bu qürurlu davranışı qarşısında:

- Sən xristian olsan, mülkümün yarısını sənə verərəm, səni mülk və səltənətimə ortaq edərəm, qızımı da səninlə evləndirərəm,  nə deyirsən? - deyə soruşdu.

Abdullah (r.a):

- Sən mənə Muhammədin (s.ə.s) dinindən bir göz qırpımı qədər dönməyimin müqabilində mülkünün hamısını və bütün ərəb mülkünü versən də, bunu əsla etmərəm, - dedi.

Kral:

- Onda səni öldürərəm, - dedi.

Hz. Abdullah:

- O da sənin öz işindir! - dedi.

Abdullah (r.a) çarmıxa çəkildi. Ox atanlar əvvəlcə ona dəyməyəcək şəkildə gözünü qorxutmaq üçün ox atdılar. Daha sonra ona təkrar xristian olmaq təklif edildi. O mübarək səhabə zərrə qədər də buna meyil etmədi. Bunu görən kral:

- Ya xristian olarsan, ya da səni qaynar qazanın içinə ataram, - dedi.

Bunu qəbul etmədikdə böyük bir mis qazan gətirildi. İçinə zeytun yağı və su töküldü, altına ocaq qalanıb qaynadıldı. Kral başqa bir müsəlman əsiri gətirtdi. Xristian olmağı təklif etdi. Əsir bu təklifi qəbul etmədikdə qazanın içinə atılmasını əmr etdi. Müsəlman əsir qazana atıldı. Abdullah (r.a.) ona baxırdı. Əsirin bədəninin əti bir anda sümüklərindən ayrılıb töküldü.

Kral Abdullaha (r.a) bir daha xristian olmağı təklif etdi. Qəbul etmədikdə onun da qazana atılmasını əmr etdi. Hz. Abdullah qazana atılacağı vaxt ağlamağa başladı. Kral fikrini dəyişdirdiyini zənn edərək Abdullahı (r.a) yanına çağırdı və yenə də xristian olmasını təklif etdi. Qətiyyətlə rədd etdiyini gördükdə heyrətlənərək:

- Elə isə niyə ağladın? - deyə soruşdu.

Hz. Abdullah bu möhtəşəm cavabı verdi:

- Elə bilmə ki, sənin mənə etmək istədiyindən qorxaraq ağladım! Mən Allah yolunda verə biləcəyim bir tək canım olduğu üçün ağladım. Öz-özümə: “İndi sən bu qazana atılacaq bir tək can daşıyırsan. Allah yolunda bir anda ölüb gedəcəksən”, - dedim. Halbuki vücudumdakı tüklərin sayı qədər canımın olmasını, Allah yolunda hər biri üçün mənə işgəncələrin təkrar verilməsini necə də arzu edərdim. 

Hz. Abdullahın sərgilədiyi bu möhkəm duruş, iman şücaətinin bariz nümunəsi olan bu müdhiş davranış kralın çox xoşuna gəldi və onu sərbəst buraxmaq istədi.

- Başımı öp, səni sərbəst buraxım, - dedi.

Abdullah (r.a) bir az fikirləşdi, elə də böyük bir qəbahəti olmayan bu təklifə yeni bir təkliflə cavab verdi:

- Mənimlə birlikdə digər müsəlman əsirləri də azad edərsənmi?

Kral:

- Bəli, hamısını sərbəst buraxaram, - dedi. Bu zaman Abdullah (r.a):   

- Bax, onda olar, - deyərək razılaşdı.   

             Həzrət Abdullah (r.a) necə bu qərara gəldiyini açıqlayarkən belə deyir:

“Öz-özümə həm canımı, həm də müsəlman əsirlərin canını qurtarmaq üçün Allah düşmənlərindən bir düşmənin başını öpsəm nə qəbahət olacaq ki? Öp getsin!” - deyə düşündüm”.

O gün səksən müsəlman azad edildi. Hz. Ömərin yanına gəlib baş verənləri ona danışdılar. Hz. Ömər (r.a):

- Abdullah ibn Hüzafənin başını öpmək hər müsəlmanın borcudur və vəzifəsidir! Bunu yerinə yetirməyə hamıdan əvvəl mən başlayıram, - dedi. Ayağa qalxıb onun yanına getdi və başını öpdü. (İbn Əsir, Usdul-ğabə, III, 212-213; Zəhəbi, Siyəru aləmin-nubəla, beyrut 1986-1988, II, 14-15)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz