QURANİ-KƏRİMİN KİTABLAŞDIRILMASI
Peyğəmbərimizin (s.ə.s) vəfat etdiyi dövrdə mövcud olan Quran ayələri bir çox mərhələlərdən keçdikdən sonra hal-hazırkı vəziyyətini almışdır. Bunları beş mərhələdə ələ almaq mümkündür:
- Ayələrin müxtəlif əşyalarda yazılı olduğu vaxt. Ayələr nazil olduqca Hz. Peyğəmbər onları müxtəlif əşyalara - daş, qabırğa, dəri və s. üzərinə yazdırardı. Beləliklə, enən bütün ayələr, dağınıq da olsa, yazılı olaraq mövcud idi. Ancaq Hz. Peyğəmbər (s.ə.s) vəfat edənə kimi vəhyin davam etməsi müxtəlif vasitələr üzərində yazılı olan ayələrin kitab halına gətirilməsinə imkan vermirdi.
- Ayələrin cəm edilməsi. Nazil olan bütün ayələr həm yazılı olaraq, həm də bəzi səhabələrin əzbərində mövcud idi. Yəmamə müharibəsində Qurani-Kərimi ən yaxşı bilən çox sayda səhabənin şəhid edilməsi dağınıq halda olan ayələrin bir yerə cəm edilməsi məsələsini aktuallaşdırdı. Çünki Quran ayələrinin hər biri hansısa əşya üzərinə yazılmış olsa da, bu ayələrin düzülüşünü ancaq onu əzbərləyən səhabələr bilirdi. Doğrudur, Hz. Peyğəmbər vəfat etdiyi vaxt Quranın tamamını əzbərləyənlərin sayı çox deyildi, ancaq bir çox səhabə surələrin əksəriyyətini əzbərləmişdi. Onların da bir qisminin şəhid olduğunu nəzərə aldıqda həqiqətən Qurani-Kərimin yox olma ehtimalı vardı. Qurandan surə əzbərləyən hafizlərin olmaması ilə yüzlərlə parçaya yazılan ayələrin hansının hansından sonra yazılacağını bilmək çox çətin, hətta mümkünsüz idi. Bütün bu düşüncələr Hz. Öməri çox narahat etdi və dərhal Xəlifə Hz. Əbu Bəkrə tez bir zamanda Quran ayələrini bir müshəf halına gətirməyi tövsiyə etdi. İslam xəlifəsi Qurani-Kərimin müshəf halına gətirilmə vəzifəsini Hz. Peyğəmbərin Hz. Cəbrayıla son oxuyuşuna şahidlik edən, vəhy katiblərindən biri olan və üstəlik Qurani-Kərimin hamısını əzbər bilən hafiz səhabələrdən Zeyd ibn Sabitə həvalə etdi.
Zeyd ibn Sabit ciddi təhqiqatla Qurani-Kərimi müshəf halına gətirərək xəlifəyə təhvil verdi.
- Qurani-Kərimin çoxaldılması. Bilindiyi kimi, Hz. Əbu Bəkr dövründə Qurani-Kərim bir araya cəm edilmişdi. Bununla birlikdə, İbn Məsud, Übey bin Kab kimi bəzi səhabələrdə, belə demək mümkünsə, Quranla əlaqəli özəl kolleksiyalar mövcud idi. Bu kolleksiyalarda ayələrdən savayı təfsir xarakterli açıqlamalar da vardı. İslam dövlətinin hüdudlarının genişlənməsinə bağlı olaraq ərəb olmayan müsəlmanlar arasında həm bundan, yəni fərqli Quran kolleksiyalarından qaynaqlanan (eyni zamanda həmin kolleksiyalarda fərqli ləhcələr yer alırdı), həm də Mədinəyə uzaq bölgələrdə Qurani-Kərimin başdan-sona qədər yazılmış bir mətninin olmaması səbəbindən Quranın oxunuşunda müəyyən ixtilaflar yaranırdı. Bütün bunları nəzərə alan III xəlifə Hz. Osman Hz. Hafsanın yanında olan Quran müshəfi əsasında müshəf saylarını çoxaltmağa qərar verdi. Bunun üçün Abdullah ibn Zübeyr, Səid ibn As və Abdurrahman ibn Harisdən ibarət bir heyət qurdu və bu heyətin başına yenə Zeyd ibn Sabiti gətirdi. Hz. Osman heyət tərəfindən hazırlanan bu müshəflərin birini Mədinədə saxlayıb digərlərini Məkkə, Bəsrə və Şam kimi önəmli İslam mərkəzlərinə göndərdi.
- Qurani-Kərimin hərəkələnməsi. Qurani-Kərim əvvəllər hərəkəsiz və nöqtəsiz idi. Ərəblər Qurani-Kərimi bu şəkildə rahat oxuyur və anlayırdılar. Ancaq ərəb olmayan müsəlmanların sayı da artmaqda idi. Bu səfər ərəb dilini bilməyən bu şəxslər Qurani-Kərimi oxumaqda çətinlik çəkir, hətta səhvlərə yol verirdilər. Məsələn, ərəb olmayan bir müsəlman bir gün Tövbə surəsində keçən “Allah və Rəsulu müşriklərdən uzaqdır” ayəsində keçən “rəsuluhu” sözünü səvhən “rəsulihi” oxumuşdu. Bu xətalı oxuyuş nəticəsində məna dəyişərək belə olmuşdu: “Allah öz Rəsulundan və müşriklərdən uzaqdır”. Görüldüyü kimi, bir sait səhvi mənada nə qədər böyük dəyişiklik meydana gətirir. Bu hadisəyə şahid olan Əbül-Əsvəd əd-Düəli (69/688) daha əvvəl Bəsrə valisi Ziyad ibn Əbihin verdiyi təklifi də nəzərə alaraq “ə, a” səsini vermək üçün hərfin üzərinə bir, “i” səsini vermək üçün altına bir, “u,ü” səsini vermək üçün önünə iki, tənvini ifadə etmək üçün isə iki nöqtə qoyaraq Qurani-Kərimin doğru oxunmasını asanlaşdırmışdır.
- Qurani-Kərimin nöqtələnməsi: Qurani-Kərimin hərəkələnməsindən qısa müddət sonra İraq valisi Həccac ibn Yusifin əmri ilə Düəlinin tələbəsi Nasr ibn Asım (89/708), bəzi rəvayətlərə görə Yəhya ibn Yamər (129/746) tərəfindən Qurani-Kərim nöqtələnmişdir. Nəzərə alsaq ki, hərəkələr də nöqtələrlə ifadə edilmişdir, ona görə hərfin nöqtəsi ilə qarışmaması üçün fərqli rənglərdən istifadə olunmuşdur.
Daha sonra Xəlil ibn Əhməd (175/791) tərəfindən həmzə, şəddə, işmam kimi digər işarələr də əlavə edilərək Qurani-Kərim bugünkü halını almışdır.
ŞƏRHLƏR