RUSİYA-UKRAYNA MÜHARİBƏSİ: İLKİN NƏTİCƏLƏR VƏ GÖZLƏNTİLƏR
Bu il fevralın 24-dən başlayaraq Rusiya prezidenti V.Putinin müstəqil Ukraynanın ərazisində “xüsusi əməliyyatlar” adı altında həyata keçirdiyi təcavüz aktı hal-hazırda pandemiyadan sonra dünya ictimaiyyətini narahat edən əsas məsələdir.
Artıq on gündən çoxdur davam edən bu müharibə nəticəsində istər dinc əhali, istərsə də hərbçilər arasında ölənlərin sayı minlərlədir; paytaxt Kiyevin ətrafında yerləşən bir sıra kiçik şəhərlər yerlə-yeksan olunub. Artıq müharibənin ilkin nəticələri ilə bağlı politoloqlar və hərbi ekspertlər öz rəylərini bildiriblər.
Ən çox rast gəldiyimiz fikir budur: Rusiya hərbi komandanlığının blitzkriq - üç-beş gün üçün nəzərdə tutulmuş qısamüddətli əməliyyat həyata keçirmək, Kiyevi, eləcə də sağsahil Dnepr vilayətlərini tutmaq planı iflasa uğrayıb. Düzdür, Ukrayna ordusu ağır döyüşlərdən sonra Melitopol, Xerson kimi iri şəhərləri, eləcə də Donetsk və Luqansk vilayətlərində bir sıra yaşayış məntəqələrini itirib. Amma eyni zamanda Ukrayna rəhbərliyinin, eləcə də müstəqil analitiklərin dediyinə görə, məhz güclü müqavimət nəticəsində Rusiya ordusu Xarkov, Çerniqov, Nikolayev və Odessa kimi şəhərləri tuta bilməyib.
Ukraynanın bu müharibədə dirəniş göstərə bilməsi bir neçə amillə izah edilir. Birincisi, vətən müharibəsi anlayışının xalqın şüurunda dominantlıq təşkil etməsidir. Qısa müddət ərzində keçirilən hərbi səfərbərlik nəticəsində on minlərlə ukraynalı nizami ordu ilə bir yerdə hal-hazırda ərazi müdafiə birləşmələrinin tərkibində işğalçılara qarşı qəhrəmancasına mübarizə aparmaqdadır. İkincisi, Ukrayna 2014-15 müharibəsindən nəticə çıxara bilib və həmin dövrdən etibarən rəhbərlik ordu quruculuğu sahəsinə xüsusi diqqət göstərirdi. Üçüncüsü, Qərbin Ukraynaya göstərdiyi hərbi-siyasi dəstəyi nəzərə almaq lazımdır. 2021-ci ilin noyabr-dekabr aylarında, RF öz hərbi birləşmələrini Ukrayna ilə sərhədə cəmləşdirəndən, eləcə də total hücumun baş verəcəyi ilə bağlı kəşfiyyat məlumatları əldə ediləndən sonra ABŞ, Böyük Britaniya, Kanada və başqa ölkələr Ukraynanı müasir silah və sursatla təmin etməyə başladı. Məhz bunun nəticəsində döyüşlərin ilk günlərindən başlayaraq, Ukrayna ordusu daşına bilən zenit qurğuları vasitəsilə Rusiyanın qırıcı təyyarə və helikopterlərini vura bildi. Dördüncüsü, indiyə qədər əksər Qərb ölkələri, o cümlədən, Asiya dövlətlərindən olan Yaponiya və Cənubi Koreya Rusiyaya qarşı ən sərt sanksiyalar tətbiq etməyə başladı. Bir yandan rus rublunun kursunun dollar və avroya nisbətdə sürətlə aşağı düşməsi, digər yandan, aparıcı transmilli şirkətlərin bu ölkədə öz fəaliyyətlərini dayandırması sanksiyaların həqiqətən sarsıdıcı olmasından xəbər verir. Artıq ekspertlər bu ilin aprel ayının ortalarında Rusiyanın özünü defolt edəcəyini söyləyirlər.
Bu müharibənin nə qədər davam edəcəyi ilə bağlı hal-hazırda müxtəlif fikirlər söylənir. Ukrayna prezidenti V.Zelenskinin açıqlamaların birində səsləndirdiyi “Biz bu müharibədə strateji dönüş yarada bildik” fikri müəyyən mənada həqiqəti özündə əks etdirir. Digər tərəfdənsə, onun son açıqlamalarının birində “Biz bu müharibədə qələbə çalacağımıza 100 faiz əminik. Amma bunun nə vaxt baş verəcəyini 100 faiz əminliklə söyləyə bilmərik” deməsi istər-istəməz onun problemə skeptik yanaşdığını göstərir. Qeyd edək ki, bu yanaşmanın əsasında rəsmi Kiyevin döyüşlər başlayandan israrla ölkənin hava məkanına tam sahib çıxmaq üçün Qərbdən qırıcı təyyarələr və raket hücumundan müdafiə kompleksləri istəməsi, amma bu istəklərin yerinə yetirilməməsi faktoru durur. ABŞ başda olmaqla Qərb ölkələri açıqca Rusiya ilə birbaşa toqquşmadan çəkindiklərini, baş verəcək toqquşmanın 3-cü dünya müharibəsinə səbəb olacağını bəyan edirlər.
Əgər Rusiya kütləvi qırğın silahlarına malik olmasaydı, Qərb üçün Ukraynanı yuxarıda bəhs edilən silahlarla təmin etmək, sözsüz ki, problem olmazdı. Avropa üçün döyüş bölgəsində hətta taktiki nüvə silahının tətbiqi ən azından ekoloji baxımdan təhlükə sayılır. Bununla bağlı, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali nümayəndəsi Josep Borrel CNN-Türk müxbirinə verdiyi müsahibədə məsələni səmimi şəkildə izah edir: “Biz bir tərəfdən Ukraynanı müdafiə etməyə, digər tərəfdən isə daha böyük müharibənin qarşısını almağa çalışırıq. Kimsə Putinə bəhanə verməməlidir, çünki o, hərbi əməliyyatları genişləndirə bilər”.
Təəssüflə qeyd etmək lazımdır ki, hələ də davam etməkdə olan müharibə nəticəsində 100 milyard dollardan çox ziyan görən Ukraynanın çətin günləri qabaqdadır. Bizim - adi adamlarınsa bu ölkənin ərazi bütövlüyü qorunmaq şərtiylə hərbi əməliyyatların tezliklə bitəcəyinə ümid etməkdən başqa heç nəyə gücümüz çatmır.
ŞƏRHLƏR