“Uşaqlar insanlığın gələcəyidir”.
Müsahibə
Məlum olduğu kimi 6-10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilmişdi. Sərgi günlərində dost nəşriyyatlarla görüşüb fikir mübadiləsi apardıq. Bu sayımızda Türkiyədə xüsusilə uşaq nəşrləri ilə tanınan Nar Uşaq Nəşrlərinin (Nar Çocuk Yayınları) direktoru Doğan Gökmenlə müsahibəmizi sizinlə bölüşürük.
Tayfur Esen:
“Uşaqlar insanlığın gələcəyidir”.
İrfan: Tayfur bəy, əvvəla, xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü qısaca təqdim edərdiniz.
Tayfur Esen: Buyurun, xoşdur. Mən, Tayfur Esen, Bursa İlahiyyat fakültəsi məzunuyam, 1990-cı ildən bəri İstanbulda nəşriyyat işi ilə məşğulam. Nəşriyyatın müxtəlif sahələrində işləmişəm, paylama, satış və s. Uzun illər göstərdiyim fəaliyyət sonrasında uşaq nəşrləri sahəsində böyük bir boşluq olduğunu gördüm və 2006-cı ildə bir dostumla “Nar uşaq nəşrləri”ni qurduq. Uşaq və gənclərə xitab edən kitablarla bu sahədə fəaliyyətə başladıq.
- Artıq ikinci dəfədir ki, Azərbaycanda təşkil edilən beynəlxalq kitab sərgisində iştirak edirsiniz. Bəlkə bir az uşaqları kitabla görüşdürməyin əhəmiyyətindən danışaq?
- Əslində, uşaqlar insanlığın gələcəyidir. Uşaqları təkcə öz mədəniyyətimizin uşaqları kimi görmək yanlışdır. Çünki biz bütün insanlığa xitab edən bir ümmətin təmsilçiləriyik və ailəmizdən başlayaraq gələcəyimizi inşa edəcək uşaqlarımızın daha yaxşı bir dünyada yaşamalarını hədəfləyirik. Bu səbəbdən, arzumuz budur ki, onlar böyüklərin sahib olduğu bəzi ideoloji yanaşmalardan uzaq qalaraq daha sağlam böyüsünlər, zehinləri, qəlbləri daha sağlam inkişaf etsin və onlar bizim qura bilmədiyimiz daha doğru, mövlanın daha razı olduğu bir dünya qursunlar. Uşaqlar bizim dinimizi, mədəniyyətimizi, dilimizi gələcəyə daşıyacaq olan nəsillərimizdir. Əslində onlar hər mənada gələcəkdə bizim adımıza var olma mübarizəsini aparacaq olan kəslərdir. Buna görə də biz uşaqlarla maraqlanmağı, onlarla birlikdə irəliləməyi özümüzə hədəf bildik.
- Uşaq kitabları nəşr edirsiniz, Tayfur bəy, uşaqların könül dünyaları zəngindir və onlar bərbəzəyi xoşlayırlar. Yəni bir uşağın kitaba meyil etməsi üçün onun rəngarəngliyi mühümdür. Bəs yaxşı, belə kitab sərgiləri necə, uşaqların kitab sevgisinə nə dərəcədə təsir edir?
- Uşaqların ətrafında çox rəngli bir dünya var. Allah insana elə orqanlar bəxş edib ki, bu orqanlar öz xüsusiyyətləri ilə dünyadan həzz alarlar. Dilimiz yediklərimizdən, içdiklərimizdən dad alar və yaxşı ki, həyat var dedirdər. Nə isə öyrəndiyimiz zaman düşüncəmiz özümüzü qiymətli hiss etdirər. Bir də göz var; göz kainata baxar. Göz gözəli görər, o möhtəşəm quruluşu seyr edər və Allahın xaliqi-mütləq olduğunu dərk etməyimizə vəsilə olar. Qurani-Kərimdə: “Biz göyü bəzədik” buyurulur. Allah göyü niyə bəzəyib? Ətrafımızdakı minlərlə növ çiçəklər, cürbəcür rənglər niyə var? Bütün bunlar, elə uşaqlıqdan etibarən bizə Allahın nə qədər möhtəşəm nemətlər bəxş etdiyini göstərir. Hər cür rəng ehtişamı içində dünyaya gələn uşaqları, əlbəttə, biz də rəngli kitablarla dəstəkləmək məcburiyyətindəyik. Uşaqlar hər şeyi başa düşür, hər şeyin yaxşısını bilirlər. Və bizim uşaqlarımız ən yaxşısına layiqdirlər. Biz onlara artıq olanı deyil, haqları olanı verməyə çalışırıq. Buna görə də dildən məharətlə istifadə edən və uşaq həssasiyyətini yaxşı dərk edən yazıçılarla işləyərək, zehinlərini bulandırmayacaq mətnlər ortaya qoymağa çalışırıq. Çünki onların zehin rahatlığını pozmamalıyıq. Erkən yaşda yormamalıyıq. Hər yaşın özünə aid gündəmi var. Bütün erkən yüklənmələr krizlərə yol açar. Buna yol verməməliyik. Çəkilən şəkillər də belədir, uşaq həssasiyyətini, uşaq zövqünü bilən, Türkiyədən və ya xaricdən peşəkar müəllif və rəssamlarla işləyirik. Bütün bu sərgilərdə iştirak etməkdə əsas məqsədimiz budur ki, biz öz ölkəmizdə kitablar nəşr edirik, görəsən, dünya səviyyəsində bizim gördüyümüz işin qarşılığı nədir, başqa ölkələrdəki uşaqlar da bizim kitablarla maraqlanırlarmı, yaxud biz dünyanın əksər ölkələrində maraqla qarşılanacaq kitablar ərsəyə gətirə bilirikmi? Bu gün nəşriyyat dünyasına yön verən əsas naşirlər bunu düşünürlər, bunun üçün xüsusi araşdırmalar aparırlar. Onlar məhsullarını sahəyə çıxartdıqları zaman da onların qəhrəmanları və ya nəşrləri böyük rəğbətlə qarşılanır. Burada ehtiyac qədər üslub da çox mühümdür. Əlinizdə çox dəyərli bir əsər olsa və onu düzgün təqdim edə bilməsəniz, hədər etmiş, əmanətə layiqli dəyəri verməmiş olarsınız. Beynəlxalq sərgilərdəki məqsədlərimizdən biri də budur, bu nəhəng güzgüdə özümüzü görək, əskiyimizi təsbit edib onu necə tamamlaya biləcəyimizi düşünək.
- Madam ki uşaqlardan danışdıq, siz Azərbaycan uşaqlarının kitaba və sizin nəşrlərinizə marağını necə qiymətləndirirsiniz?
- Bu il əvvəlki gəlişimizə nisbətən daha çox maraq olduğunu görürəm. Demək ki, biz də səbirlə buraya gəlib-getməyə davam etməliyik. Nəticədə, digər ölkələrdən fərqli olaraq biz Azərbaycanla ortaq mədəniyyətə və eyni dilə sahibik. Bu üstünlüyün bizə və uşaqlarımıza çox şey qazandıracağına inanıram.
- Sağ olun, Tayfur bəy, həm özümüz, həm də balaca oxucularımız adından sizə təşəkkür edirik.
- Mən də təşəkkür edirəm, növbəti sərgilərdə və kitabla bağlı tədbirlərdə görüşmək diləyi ilə.
ŞƏRHLƏR