“Kosmosda izi olmayanın dünyada sözü olmaz!”

“KOSMOSDA İZİ OLMAYANIN DÜNYADA SÖZÜ OLMAZ!”

Türkiyə Kosmik Agentliyinin rəhbəri

Serdar Hüseyin Yıldırım:

“KOSMOSDA İZİ OLMAYANIN DÜNYADA SÖZÜ OLMAZ!”

 

 

İrfan: Serdar bəy, əvvəla Azərbaycana xoş gəlmisiniz. Bu gün dünya gündəmindəki məsələlərdən biri də, şübhəsiz ki, kosmosla əlaqəlidir. Bu haqda giriş mahiyyətli nə demək istərdiniz?

Serdar Hüseyin Yıldırım: Çox təşəkkür edirəm, buradan can Azərbaycana qardaş ölkənin salamlarını çatdırıram.

Artıq 10 ildir ki, dünyada kosmosla bağlı inkişaf tempində misligörülməmiş hadisələrə şahid oluruq. Vaxtilə kosmos sahəsindəki irəliləmələr Amerika və Sovet İttifaqı arasında gedən yarışdan ibarət idisə, artıq dünyanın bir çox ölkəsi bu yarışmaya qoşulub. Hardasa bütün dünya dövlətlərinin kosmosla bağlı çalışmalarının olduğu dövrdə yaşayırıq. Bu gün dünya orbitində minlərlə peyk dolaşır. Fərqli orbitlərdə də yüzlərlə, minlərlə peyk var. Ayda, Marsda tədqiqatlar davam edir. Artıq kosmos çağında yaşayırıq. Kosmos çağının ən fərqli tərəfi yer üzündəki bütün sistemlərin yuxarıdan idarə edilməsidir. Getdikcə hər şey tamamən kosmosdakı sistemlər tərəfindən idarə edilir. Məsələn, bu gün bütün televiziyalar öz yayınlarını kosmosdakı peyklər vasitəsilə yayınlayır. Hərbi sahədə təhlükəsizliyi təmin edən xeyli sayda peyklər və sistemlər var. Bir sıra modern silahlar var ki, kosmosdan ötürülən siqnallar vasitəsilə istifadə edilir və s. Bütün bunlarla yanaşı, kosmos iqtisadiyyatı və kosmos turizmi kimi yeni sahələr yarandı, hazırda bu sahələr də inkişaf edir. Kosmosda faydalı qazıntılar aparacaq qurumlar fəaliyyətə başladı. “Kosmos tibbi”, “kosmos hüququ” dediyimiz sahələr formalaşdı. Yəni bu gün bütün sahələrdə kosmosla əlaqəli qurumlar fəaliyyət göstərir. Kosmosun dünyada əhəmiyyəti artır və artmağa davam edəcək.

- Belə çıxır ki, yaxın gələcəkdə hər sahənin mütləq kosmosla əlaqəsi olacaq.

- Bəli. Ona görə də hər bir dövlətin bir şəkildə kosmosda yer alması lazımdır. Bu da asan məsələ deyil, əlbəttə ki. Həm texnoloji inkişaf tələb edir, həm ciddi məbləğdə büdcə ayrılmalıdır, həm də bu sahədə xidmət edəcək səviyyəli insan resurslarına ehtiyac var. Bu saydıqlarım bəsit məsələlər deyil. Biz Türkiyə Kosmik Agentliyinin ilk qurulduğu gündən etibarən bu sahədə durmadan çalışırıq. Bilindiyi kimi, iki il bundan əvvəl cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən bütün dünyaya bizim hazırladığımız “Milli Kosmik Proqram” elan edildi. Qarşımıza ciddi hədəflər qoyduq və bu istiqamətdə dayanmadan irəliləyirik. Məsələn, əsas məqsədlərimizdən biri aya peyk göndərməkdir. Türkiyə olaraq aya toxunmaq istəyirik, türk astronomlarını kosmosa göndərmək istəyirik. Bunun üçün insan yetişdirmək lazımdır, peyk istehsalında texnoloji yeniliklər etmək barədə planlar qururuq. Bu və bu kimi sahələrdə ciddi cəhdlə çalışmalara davam edirik. Əlbəttə ki, bu işlərdə dost və qardaş ölkələrlə birlikdə hərəkət etmək istəyirik. Bu məqsədlə; Türk Dövlətləri Təşkilatının kosmik tədqiqatlarla bağlı ilk iclasında iştirak etmək məqsədi ilə Bakıdayam. Azərkosmosun ev sahibliyi ilə gerçəkləşdirəcəyimiz toplantıda təşkilata üzv dövlətlərin bu günə qədər gördüyü işlərlə tanış olacaq, birlikdə görə biləcəyimiz işləri müzakirə edəcəyik. Bu bir başlanğıcdır. Sonrakı mərhələdə bu kimi toplantıları bütün üzv ölkələrdə gerçəkləşdirəcəyik, inşallah. Məqsədimiz kosmik inkişafı birlikdə həyata keçirməkdir. Çünki güc birliyində böyük fayda var. Bu gün dünyadakı heç bir ölkə kosmosla əlaqəli layihələri təkbaşına həyata keçirmir. Buna heç kimin gücü çatmaz. Hətta bəzi ölkələr var ki, bir-biri ilə düşmən mövqedə olsalar da, kosmos proqramlarında müştərək fəaliyyət göstərirlər. Biz də bütün qüvvəmizi səfərbər edərək kosmosun böyük gücləri olan Amerika kimi, Rusiya və Çin kimi ölkələrlə rəqabət etmək istəyirik.

- Nə üçün kosmosda olmaq istəyirik?

- Bildiyiniz kimi, son Qarabağ müharibəsində İHA-lar, SİHA-lar böyük iş gördü. Hər biri modern silah sistemləridir. İçində insan yoxdur, yolunu necə təyin edir? Tamamilə kosmosdakı ana sistemdən aldığı siqnallarla. Bu siqnallar gəlməsə hava boşluğunda yolunu itirə bilər. Təbii ki, sadəcə bu silahlar deyil, adicə hamımızın telefonda istifadə etdiyi naviqasiya proqramları, internet, xəbər agentlikləri, bütün bunlar kosmosa bağlı fəaliyyət göstərir. Yeni sistemlər var ki, onlar sayəsində dünyadakı bütün makinaları bir-biri ilə ünsiyyətə keçirmək mümkündür. Peyklər vasitəsilə sizin səsinizi dinləmək, getdiyiniz yeri santimetr dəqiqliyi ilə təsbit etmək mümkündür. Bütün  bunlar bir inkişafdır, amma gələcəkdə təhlükəli tərəfləri də ola bilər. Bizim Türkiyə Kosmik Agentliyinin bir sloqanı var: “Kosmosda izi olmayanın dünyada sözü olmaz!” Bu bir gerçəkdir ki, əgər kosmosa əliniz çatmırsa, gələcəkdə dünyada sözünüzü heç kim dinləməyəcək. Söz sahibi olmaq istəyirsinizsə, bu gün bunun yolu kosmosdan keçir. Qardaş ölkələr olaraq əl-ələ verib kosmosda güclü bir şəkildə yer almalıyıq. Zaman-zaman Türkiyədə bu çalışmalara etiraz edənlər olur. Deyirlər ki, nə gərək var buna, bu qədər büdcə ayrılır, boş yerə xərclənir, ondansa ölkədəki kasıblara xərclənsin, filan. Amma bu yanaşma tamamən yanlışdır. Bu gün kosmosdakı inkişafa pul xərcləməyən ölkələr gələcəkdə daha da yoxsul hala düşəcəklər. Yəni zənginləşmənin yolu da artıq kosmosdan keçir. Ayda, Marsda çox qiymətli elementlər var. Hansı ki, həmin maddələr dünyada yoxdur. Yaxın gələcəkdə kosmosda fabriklər istifadəyə veriləcək, görəcəksiniz. Məsələnin nə qədər geniş bucaq əhatə etdiyi aydın olurmu? Biz də Amerikadakı bir sıra şirkətlərlə görüşərək 2028-ci ildə kosmosda qurulacaq fabriklərə ortaq olmaq üçün müvafiq təkliflər edirik. Sözün qısası, iş çox fərqli yerə doğru irəliləyir. Sənaye inqilabında geri qaldıq, hələ də aradakı məsafəni aşa bilmirik. Heç olmasa bu sahədə geridə qalmayaq.

- Amma sanki bir az gecikmişik. Aradakı məsafəni aşa biləcəyikmi?

- Bəli, düz deyirsiniz. Gecikmə var, amma ata sözümüzdə deyilir ki, zərərin harasından dönülsə, kardır. Keçən aylarda Sankt Peterburqda toplantı keçirildi. Mövzu Yuri Qaqarinin aya çıxmasının 60-cı ildönümü idi. 60 illik bir fərq var arada. Amma bu, bizi ruhdan salmır və salmamalıdır. Çünki bilirsiniz, başqa məsələlərdə də geridə idik, amma sürətlə irəliləyib hədəfimizə çatdıq. Bu məsələdə də əzmlə, qərarlı bir şəkildə çalışsaq, inanıram ki, yaxşı nəticələr əldə edəcəyik. Bizim bu gün ən böyük problemimiz insan qaynağıdır. Yetişmiş insan qıtlığımız var. Bir layihənin gerçəkləşməsi üçün pul da taparsınız, yer də təşkil edərsiniz, başqa məsələləri də həll edərsiniz, amma yetişmiş insanınız yoxdursa, onun boşluğunu doldurmaq imkansızdır. Gec qalmağımızın ən böyük zərəri burada özünü büruzə verir. Kifayət qədər sahəni bilən mütəxəssislər olsa, daha sürətlə irəliləyərik. Amma dediyim kimi, bu bizi ruhdan salmır, hər gün hədəfimizə bir az daha yaxınlaşırıq. Yeni metodlarla, fərqli üsullarla, (məsələn, süni zəkadan istifadə edərək) irəlidəki ölkələrlə aramızdakı məsafəni qısaldacağıq. 10-15 il dayanmadan çalışmaq lazımdır və biz bu məsələdə iradə sahibiyik. İnanırıq ki, birlikdə bütün maneələri aşaraq ən qabaqcıllardan olacağıq.

- Təşəkkür edirik, Serdar bəy! Bizə vaxt ayırdığınız üçün minnətdarlığımızı bildirir və işlərinizdə uğurlar arzulayırıq.

- Mən də öz növbəmdə sizə təşəkkür edir, hər gəlişimdə oxucularla görüşdürdüyünüz üçün minnətdarlığımı bildirirəm.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz