Nəfs tərbiyəsi
Ehtiras, şiddətli istək, arzu və s. kimi mənalara gələn nəfs dünya imtahanında keçilməsi lazım olan ən böyük maneələrdən biridir və insanın üzləşdiyi mənfilikləri xatırladır. Halbuki onun özündə qiymətli gövhər kimi bir mahiyyəti vardır. İnsanın vəzifəsi mənəvi tərbiyə ilə nəfsi mənfilikdən təmizləyərək əsl mahiyyətini üzə çıxarmaqdır. Həqiqətən nəfs insanı həm uca bir mövqeyə çıxaran, həm də bunun ziddi olaraq “əsfələ səfilin” (ən aşağı mərtəbə) səviyyəsinə düşürən iki qabiliyyətli vasitədir. Nəfs tərbiyə edildiyi zaman xeyrə, bunun əksinə, tərbiyə olunmadığı zaman isə şərə səbəb olan iki uclu bir bıçaq kimidir.
Əbədi səadətin ən əhəmiyyətli şərtlərindən biri nəfsi saleh əməllər işləyəcək bir səviyyəyə çatdıra bilməkdir. Belə bir qayədən məhrum olan nəfs əhliləşməmiş at kimidir. Əhliləşməmiş at sahibini mənzilinə çatdırmaq yerinə uçurumlardan yuvarlayaraq onun həlakına səbəb ola bilər. Lakin bir minik atı yaxşı əhliləşdirilərsə, sahibini ən təhlükəli yollardan belə sağ-salamat aparar. Tərbiyə edilməmiş bir atla istənilən hədəfə çatmaq mümkün olmadığı kimi, islah olunmamış və idarə edilməz halda olan nəfs ilə həyatın ülvi qayələrinə çatmaq mümkün deyildir.
Allah-Təala ilə qul arasına girib qulu əsl istiqamətindən uzaqlaşdıran əsas maneələrdən biri nəfsin pis və bəyənilməyən sifətləridir. Nəfsin bitib-tükənməyən ehtiraslarına qarşı ancaq böyük əzmkarlıq göstərməklə mübarizə aparıla bilər.
Nəfsin ən böyük təhlükələrindən biri də tərbiyə nəticəsində qazandığı tərəqqini görüb özünü bəyənməkdir. Nəfs ilə mübarizədə ən kiçik bir ehmalkarlıq göstərilərsə, o, dərhal əvvəlki vəziyyətinə geri qayıdar. Çünki nəfs həmişə pusquda olduğu üçün şərindən heç bir vaxt əmin olunmaz. Buna görə də hər bir mömin içində daşıdığı gövhərin əbədi həyatı üçün öldürücü təhlükələrinə qarşı ayıq-sayıq olmalıdır. Nəfsin itaətsizliyi sağlam mühakimə və vəhylə tərbiyə olunmuş bir iradə ilə itaət altına alınmalıdır.
Nəfsin təmizlənməsi əvvəlcə doğru olmayan inanc və əqidələrdən, pis əxlaqdan təmizlənməsidir. Sonra isə onu iman, elm, irfan, hikmət, gözəl duyğu və xasiyyətlə bəzəyərək ruhaniyyətlə doldurmaqdır.
Nəfsin tərbiyəsi və nəfslə mübarizə Hz. Peyğəmbər (s.ə.s) tərəfindən böyük cihad hesab edilmişdir. Allah-Təala da müqəddəs kitabımızda: “Nəfsinin arzularını ilahlaşdıran kimsəni gördünmü? Onu sənmi qoruyacaqsan?” (əl-Furqan, 43) - buyuraraq onun ehtiraslarının insan üçün nə qədər təhlükə ərz etdiyinə diqqət çəkmişdir.
Nəfs tərbiyəsində üç mərhələ var:
- Allahın təzkiyə etməsi (təmizləməsi).
“Ona görə də özünüzü təmizə çıxartmayın! Allah günahlardan çəkinəni və Ondan qorxanı yaxşı tanıyır”. (ən-Nəcm, 32)
Allah-Təala kimi istəyərsə, onu təmizə çıxardar. Ona görə də qul nəfsin tərbiyə olunması üçün nə qədər çalışsa da, bunun öz bacarığı ilə deyil, Allahın köməyi ilə olduğuna inanmalıdır.
- Peyğəmbərin təzkiyəsi.
Qurani-Kərimdə Allah-Təala belə buyurur: “Həmçinin öz içinizdən ayələrimizi sizə oxuyan, sizi təmizləyən, Kitabı (Quranı) və hikməti, eləcə də bilmədiklərinizi sizə öyrədən bir peyğəmbər göndərdik”. (əl-Bəqərə, 151)
Ayədə də bildirildiyi kimi, Peyğəmbərimiz (s.ə.s) insanları nümunəvi əxlaqı və həyatı ilə Quranda dərinləşməyə sövq etmişdir. Bunun nəticəsi olaraq Allah-Təalanın camal sifətlərinin möminin qəlbində təcəlli etməsinə zəmin hazırlamış, hikmətə və kamala çatmasına səbəb olmuşdur.
- İnsanın öz nəfsini təzkiyəsi
Allah-Təala ayeyi-kərimələrdə yeddi dəfə and içərək: “Nəfsini günahdan təmizləyən nicat tapmışdır. Nəfsini günaha batıran isə ziyana düşmüşdür”, (əş-Şəms, 9-10) - buyurmuş, insanın nəfsini təmizləməsi üçün çalışmasının əhəmiyyətini xüsusi vurğulamışdır.
Mömin bir bəndə olaraq halal ruzi ilə qidalanan bədən və Allahı zikr edən qəlb ilə ibadət iqlimində ruhani ləzzətlərlə nəfsimizi təzyin etməliyik (zinətləndirməliyik).
Nəfsi günahlardan təmizləmənin qarşılığı cənnət və onun yüksək dərəcələridir. Ayədə belə buyurulur: “Kim də yaxşı əməllər etmiş bir mömin olaraq Onun hüzuruna gələrsə, onlar üçün ən yüksək dərəcələr vardır. İçində əbədi qalacaqları, altından çaylar axan Ədn cənnətləri! Bu, (günahlardan) təmizlənənlərin mükafatıdır”. (Taha, 20)
Bütün qeyd olunanların xülasəsi belədir: Allah-Təala imtahan aləmi olmasını istədiyi bu dünyada hər insanın qarşısına nəfs maneəsini qoyaraq nəfsin meydana gətirəcəyi çətinliklərə qalib gələrək əslinə dönməsini istəmişdir. Buna görə də nəfsi tərbiyənin bərəkəti dünyada heç bir şeylə müqayisə edilməyəcək dərəcədə böyükdür.
ŞƏRHLƏR