Kəlama sığmayan təbəssüm

Kəlama sığmayan təbəssüm

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən varmı? (Allahla) etdiyiniz bu alış-verişdən dolayı sevinin. Bu böyük bir qurtuluşdur”. (ət-Tövbə, 111)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, onun rəsulu Hz. Muhammədə salətu-salam olsun.

 Rəbbimizin misilsiz bir rəhmət ərmağanı olaraq Uca Kəlamında: “Sən, əlbəttə ki, uca bir əxlaq üzərindəsən” (əl-Qələm, 4) deyə hörmətlə andığı və məhəbbət, hidayət və irfan həyəcanı ilə yoğrulmuş 23 illik risalət ömrünə  əzəmətli bir mərhəmət nişanı vurduğu Hz. Muhamməd əleyhissalamın rəhmət saçan könül sarayına qullarını dəvəti bu gün də ehtişamını davam etdirməkdədir. Abdullah ibn Abbas və Mücahid: “Sən, əlbəttə ki, uca bir əxlaq üzərindəsən” – ayəsini təfsir edərkən Uca Allahın (c.c) əxlaq kəlməsindəki muradının bundan ibarət olduğunu söyləmişlər: “Yəni; Ya Rəsulum! Sən uca bir din üzərindəsən. Çünki qatımda bu dindən (bu əxlaqdan) daha çox sevdiyim və daha çox bəyəndiyim başqa bir din yoxdur”.

Rəsulullahın (s.ə.s) Rəbbimizin bu böyük sevgisinin ümmətinin bütün fəaliyyətlərində ağırlıq qazanması naminə gecəsini gündüzünə qataraq vermiş olduğu hidayət mücadiləsinin iman və əxlaq meyvələrini bu gün də dadmaqdayıq. Əsrləri cazibəsi ilə şərəfləndirən bu böyük əxlaqın incə detallarını anladan Hz. Aişə anamız buyururdu ki: “Rəsulullah qəzəbləndiyi zaman tam qəzəblənər, razı olduğunda isə tam razı olardı”. Tam razılığının əlaməti olan gülümsəməsi ilk öncə Rəbbimizin də razılığının və təbəssümünün əlaməti idi ki, Adəm övladları başda olmaqla aləmlərin və onlardakı bütün mövcudatın bundan daha böyük sevinc və fəxr vəsiləsini təsəvvür etmək mümkün deyil. Əqabə beyətində (sözləşməsində) Rəsulullahın (s.ə.s) təklif etdiyi bu böyük dinə və əxlaqa sahib çıxmaq üçün tam bir təslimiyyət fədakarlığına qatlanaraq hər şeyini fəda edən Əsəd bin Zürarənin (r.a) qəhrəmanlığı söylədiklərimizin canlı nümunəsidir. Təklifi diqqətlə dinləyən Əsəd bin Zürarə (r.a) Rəsulullaha (s.ə.s) yönələrək qəlbindəkiləri bir-bir etiraf etdi:

 “Ya Rəsulallah! Bu gün Sənin etmiş olduğun dəvət çox çətin və məsuliyyətli bir dəvətdir. Çünki illərdir yaşanan həyat tərzini tərk edərək yeni bir həyata qədəm qoyacağıq. Bu insanların nəfslərinə olduqca ağır gələn bir dəvətdir. Sən bizləri mənliyimizə, məişətimizə kök salmış dinimizi buraxmağa və Rəbbinin dininə tabe olmağa dəvət etdin. Bunun çox çətin və ağır olduğuna baxmayaraq biz Sənin təklifini qəbul edirik. Sən bütlərə itaətdə israr edən yaxın-uzaq bütün əqrəba və qonşularımızla münasibətlərimizi kəsib atmağa dəvət etdin. Bunun məşəqqətinə qatlanaraq biz Sənin bu təklifini də qəbul edirik. Allahın təslimkar qulları xaric, diğər insanlar arasında qəbul edilməyəcək şeylər olduğu halda biz təklifini təsdiq edirik. Biz Sənin bu böyük təklifini dillərimizlə etiraf, qəlblərimizlə təsdiq etmək surəti ilə qəbul edirik. Biz Sənin Allahdan gətirdiklərinə inanaraq və qəlblərimizdə yerləşən bir mərifətlə təsdiqə yönələrək indi Sənə beyət edəcəyik. Allahın qüdrət əli əllərimizin üzərindədir. Biz Allah və Rəsuluna beyət edəcəyik. Övladlarımızı, zövcələrimizi qoruduğumuz kimi Səni də qoruyacağıq. Əgər biz bu əhdimizi pozsaq, Allahın əhdini pozmuş axmaq və bədbəxt kimsələr olarıq. Ya Rəsulallah! Bu Sənə qarşı bizim sədaqət andımızdır. Yardımına sığınılacaq olan isə ancaq və ancaq Allahdır!”

 Hadisələri diqqətlə izləyən Rəsulullah (s.ə.s) Quran oxumağa başladı. Qəlbləri kökündən silkələyən rabitə ilə oxunan Quran dinləyənləri indiyə kimi yaşamadıqları mənəvi bir dirilişə, Allaha və Rəsuluna könül vermənin eşq atəşinə qərq etdi. Rəsulullahdan (s.ə.s) qəlblərinə sirayət edən Quran əxlaqının  görünməmiş hərarətinə təslim olan mədinəlilər bir ağızdan ehtiramla dedilər: “Ey Allahın Rəsulu! Biz hazırıq. Bizdən Allah üçün də, şəxsin üçün də istədiyin sözü al. Söz Sənindir, ya Rəsulallah!”

Bu etirafdan məmnun olan Rəsulullahın (s.ə.s) mübarək çöhrəsində o anda ümmətinin uğurları ilə sevinən, qaranlıqları aydınlığa çevirən bir təbəssüm meydana gəldi. O tərifi imkansız təbəssüm bu gün də Allaha və Rəsuluna yaxın olma sevdası ilə çırpınan qəlbləri kəlama sığmayan gözəlliyi ilə qulluq həyatına dəvət etməkdədir.

 Səhabə nəsli əməllərini Rəsulullahın (s.ə.s) təbəssümünə layiq olacaq bir lətafətlə icra etməkdə rəqib tanımırdı. Musab bin Ümeyrin (r.a) duası bu həssasiyyətin kamil bir təcəssümü idi:

“Ya Rəbbi! Bizə elə xidmətlər müyəssər eylə ki, nəticəyə vardığında Rəsulullahın  hüznlü qəlb aynasının tərcümanı olan göz bəbəkləri gülsün”.      

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz