Tarix və təqvim
Prof.Dr. İhsan Süreyya Sırma
Hər gün istifadə etdiyimiz təqvimlə tarix arasında yaxın əlaqə var. Əslində türk dilində hər ikisi “tarix” kəlməsi ilə ifadə olunur. Günün təqvimini öyrənmək istəyəndə “bu gün hansı tarixdir” deyə soruşuruq. Təqvim səhifələrindəki zamanı tarix adlandırırıq. Bununla paralel olaraq tarixdən bəhs edərkən də “tarix” sözündən istifadə edirik. Hər ikisi, yəni təqvim səhifəsindəki tarix ilə elmini araşdırdığımız tarix zamana tabe olduğu üçün hər ikisinin müştərək vəsfi olan zaman onları bir-birinə bağlayır.
İnsan oğlunun yaşadığı ilk çağlarda həyat həddən artıq sadə olduğu üçün zaman vahidlərinə ehtiyac yox idi. O dövrdə yaşayan insanın bu və ya digər saatda yatıb-oyanmaq kimi bir problemi olmadığı üçün saat qurmağa da gərək yox idi. Məhz ona görə də vaxt, zaman vahidi yox idi. Lakin zaman keçdikcə bu ehtiyacdan yaranan vaxt anlayışı bugünkü zaman vahidlərini meydana çıxaracaqdı.
İnsan oğlunun zamanı ifadə edən zaman vahidlərinə yaranan ehtiyacı ilə birlikdə onun ictimai həyatı da başlamış oldu. Yaxud da əksini söyləyərək belə deyə bilərik: insan oğlu “fərdi yaşayış”dan “sosial həyat”a keçid etdikdən sonra zaman vahidi də bir ehtiyac olaraq özünü göstərmişdir. Deməli, zamanı ifadə edən vahidlər sosial həyat üçün qaçınılmazdır.
İnsanların istifadə etdiyi zaman vahidləri əsasən günəş, ay və ulduzlara görə formalaşmışdır. Sosial həyat tərzinə keçən insan ay və günəşin hərəkətini öz həyat tərzinə tətbiq edərək işlərini ona görə planlaşdırmağa başladı. Ay onlar üçün bir növ həyat bələdçisi oldu. Bu prosesdə günəş və ulduzlar yer alsa da, əsas mərkəzi ay tutdu. Kəşf olunan bu sistemin inkişafı ilə qəməri, yəni aya görə nizamlanan təqvim yarandı. Qəməri təqvimin ilk dəfə Babillilər tərəfindən tərtib olunduğu rəvayət edilir.
Tarix zaman məfhumu ilə bilinir. Başqa cür desək, zaman tarixi hadisələrin baş verdiyi arenadır. Zaman dediyimiz ünsür bəzi astronomik sistemlərin iştirakı ilə həm meydana gəlir, həm də insanlar tərəfindən qavranır ki, bunların da ən başlıcası günəş sistemidir. Dünya və ayın günəş sistemindəki hərəkətləri nəticəsində həftələr, aylar və illər meydana gəlir. Bütün bu hadisələr üzərində bir az təfəkkür etsək, görərik ki, Allah bu kainatdakı bütün nizamı insan üçün qoymuşdur. Uca Allah Qurani-Kərimdə belə buyurur: “Günəşi işıqlı, ayı parlaq edən, illərin sayını və hesabı bilməyiniz üçün aya mənzillər təyin edən Odur”. (Yunus, 5)
İslam tarixinə baxdıqda görürük ki, Məkkə şəhər dövlətində, daha sonra da Mədinə İslam dövlətində hər nə qədər qəməri təqvimdən istifadə olunsa da, bu təqvimin müəyyən bir başlanğıcı yox idi. İslamdan əvvəl Qüreyş Qusay bin Kilabın ölümünü təqvimin başlanğıcı sayırdı. Lakin Fil hadisəsindən sonra məkkəlilər bu hadisəni təqvimin başlanğıcı olaraq görməyə başladılar.
Hz. Peyğəmbərin Mədinəyə hicrətdən sonra tarixdən istifadə etdiyi deyilsə də, tarixin ilk dəfə müsəlmanlar tərəfindən istifadəsi Hz. Ömər dövründə baş vermişdir. Həmin vaxta qədər müsəlmanlar müxtəlif hadisələri təqvimin başlanğıcı qəbul edirdilər. Bəziləri Mədinəyə gəldikləri ilk ayı və ili, bəziləri Hz. Peyğəmbərin hicrətini əsas götürürdülər. Məhz bunun nəticəsində ilk ravilərin söylədikləri hadisələrdə fərqlilik ola bilirdi. Tarixlə bağlı bu kimi ziddiyyətlər Hz. Ömər dövrünə qədər davam etdi. Ta ki, Əbu Musa əl-Əşarinin Hz. Ömərə yazdığı bir məktubda “səndən məktub alırıq, amma tarixi yoxdur”, - deməsinə qədər. Həmçinin bir gün Hz. Ömərə üzərində “Şaban” yazılmış bir əhdnamə gətirilmişdi. Bunu görən Hz. Ömər “Bu hansı şabandır? Önümüzdəki şaban?” – deyə sual etmiş və yanındakılara: “İnsanların işini asanlaşdıracaq tədbir görün”, - deyə tapşırıq vermişdi.
Həmin məclisdə bəziləri Hz. Peyğəmbərin nübüvvətinin, bəziləri vəfatının, bəziləri də hicrətin başlanğıc sayılmasını təklif etdilər. Bu zaman Hz. Əli (r.a) belə tövsiyə etdi: “Tarixin başlanğıcını Hz. Peyğəmbərin hicrətindən götürək. Çünki onun hicrəti haqq ilə batili bir-birindən ayırmışdır”. Bəziləri: “Rum təqvimini əsas götürək. Çünki onların tarixi Hz. Zülqərneyndən başlayır”, - dedilər. Hz. Ömər belə olan təqdirdə çox uzun olacağını bildirdi. Bəziləri isə Sasani təqvimini əsas götürməyi təklif etdilər. Hz. Ömərin bu təklifə də cavabı belə oldu: “Onlarda nə vaxt bir şah iqtidara gəlsə, özündən əvvəlki şahın tarixini ləğv edir”. Nəhayət, Hz. Əlinin təklifi ilə razılaşaraq həmin gündən sonra Rəsulullahın hicrəti təqvimin başlanğıcı kimi qəbul edildi. Həmin hadisənin gerçəkləşdiyi tarix isə hicri 17 və ya 18-ci il olaraq bilinir.
ŞƏRHLƏR