Ağdaş bazarında

AĞDAŞ BAZARINDA

1999-cu ilin son ayları, yaxud 2000-ci ilin ilk ayları olardı; Elşən qardaşla Ağdaş bazarını gəzirdik. Qəssabların yanından keçərkən əli ilə göstərmədən “müəllim, bu qəssab kəsilmədən murdar olan heyvanları təzə ət kimi satır, ona yaxın durmayın; bu qəssab camış ətini inək əti adı ilə satır; bu qəssab yaxşıdır, əti də, özü də təmizdir”, - deyə məsləhət verirdi. Dost dostun, qardaş qardaşın murdar ət yeməsini istəməz. Ey dostlar, ey qardaşlar, niyə qeybət edərək bir-birimizin ətini yeməyə davam edirik və bundan heç iyrənmirik? Donuz ətindən diksindiyimiz qədər niyə insan əti yeməkdən diksinmirik, qul haqqından çəkinmirik? İt, pişik, ilan əti yeyən çinlilərin videolarını görəndə diksinirik, bəs qeybət eşidəndə, qeybət edəndə niyə diksinmirik?

Bazarda satılan 30-40 sm uzunluğunda ilanbalıqları üst-üstə düzülmüşdü. Hələ də tərpənirdilər. Bu ilanlar 3 günə qədər canlı qalırmış. Ağdaşdan İstanbula təyyarə ilə canlı halda çatdırıla bilirmiş. Toyuqlar, adi balıqlar, quşlar rahatca ölür, ilanlar, əqrəblər, timsahlar niyə rahat ölmür? İnsanın sahib olduğu heyvani sifətlər də ilanbalığı kimidir, rahat-rahat ölmür.

Ömrümdə ilk və son dəfə çox ləzzətli olduğu deyilən ilanbalığının dadına insana rahatlıq verən gözəl bir həyət evində baxmışdım. O illərdə ev sahibinin israrı ilə balığın baş barmaqdan bir az incə, ilana bənzəyən başını da yemişdim. İndi olsa, özünü belə yeməkdə çətinlik çəkərəm. Gənclik illərində bir az dəlisovluq, bir az da yırtıcılıq hissi olur. İlanbalığına qonaq edən gül qardaşım, sənə də qucaq dolusu salamlar göndərirəm. Bilirəm ki, bu sətirləri oxuyursan...

Həyətindən tut yediyimiz ev sahiblərini, hər gedəndə bizi balaca çiyələk bağçasına aparan, sevgilərinə qarşılıq verməkdə aciz qaldığım, məni məndən daha çox sevən könül sahiblərini xeyirlə yad etməmək mümkündürmü? Hələ biri vardı, böyük bir xurma (karalyok) budağı ilə qapıma kimi gəlmiş, “xocam, bunu balkona qoy, yeyərsən” demişdi. Allah razı olsun, o xurmaları balkona gələn quşlarla qardaş payı edib yemişdik.

Biqafıl getdiyimiz evdə yediyimiz bir neçə yumurtanın, içilən bir stəkan çayın dadına nə otellərdə, nə də şadlıq saraylarında rast gəldim. Şadlıq saraylarında masanın üstündə hər şey var: ət, toyuq, balıq, növ-növ salatlar, sayrışan işıqlar, musiqi... amma o dad, o ləzzət yoxdur. Hər şey var, könül yoxdur. Padşahların belə sahib olmadığı komforta sahibik, amma bu küçələrdə, alış-veriş mərkəzlərində, binalarda Leyli və Məcnundakı məhəbbətin milyondabiri yoxdur.

Yenə həmin illərdə bir dükanda alış-veriş edərkən dal hərfi kimi əyilmiş bir nənə rəflərə düzülmüş tualet kağızlarına xeyli baxdıqdan sonra satıcıya: “Oğul, bu nədir?” – deyərək soruşmuşdu. Əli müəllim ona: “Tualet kağızıdır”, - demədi. “Nənəcan, vaxtilə biz onu satmağa utanırdıq, müştərilər də onu almağa”, - dedi, başqa heç nə. Müdhiş bir təsbitdir!.. Haradan haraya?.. Tualet kağızını satmağa və ya almağa utanmaq haqqında söylənə biləcək sözlər bununla məhdud qalmamalıdır. Niyə satmağa və almağa utanırdılar? Cavabı olan varmı?

Azərçay ağlı-qırmızılı qutusunun üstündə “Doğma çay” şüarı ilə satılır. Paketində “xalis çəkisi” yazılır. O illərdə digər çaylara nisbətən ucuz olan və camaatın çox da rəğbət göstərmədiyi bu çayı üstündəki azərbaycanca yazılarına görə hədiyyə kimi Türkiyəyə aparmışdım. Hər kəs çayın dadını bəyəndi. Ağdaşa qayıtdığım zaman “C...” ilə başlayan digər çay markası evlərimizdən və mədrəsələrdən çəkilərək yerini Azərçaya buraxdı.

Bir gün bazarda toz-torpaq içində, arasına saman qırıntıları qarışmış, rəngi qırmızıya çalan düyü gördüm. Satıcı bunun Ağdaş düyüsü olduğunu dedi. Dadına baxmaq üçün bir az aldım. Yuyub təmizləmək vaxt aldı, amma plovu çox ləzzətli çıxdı. İndi necədir bilmirəm, amma o illərdə çox da qiymət verilməyən Azərçay və Ağdaş düyüsü dadı, qoxusu və ləzzəti ilə “mən burdayam” deyərək keyfiyyətini sübut etmişdi. Ağdaşın yerli düyüsü tozu, samanı ilə gözə xoş görünməsə də, dadı ilə fərqli idi. İnsanlar da belədir:

“Sizə cənnətlikləri xəbər verimmi? Onlar həm zəif olduqları, həm də xalq tərəfindən zəif görüldükləri üçün heç kimin əhəmiyyət vermədiyi, lakin “belə olacaq” deyə and içsələr, Allahın onların istəklərini gerçəkləşdirəcəyi kəslərdir. Sizə cəhənnəmliklərin kim olduğunu deyimmi? Qatı qəlbli, kobud, xəsis və lovğa-lovğa gəzən təkəbbürlü kəslərdir”. (Buxari, Əyman, 9)

Populyar hadisələr, populyar insanlar, maqazin səhifələrini bəzəyənlər görüntü etibarilə bəlkə gözəl görünə bilərlər. Bəs Allah qatındakı vəziyyətləri? İnsanlardan layk (like) alanlar Allahdan layk ala bilirlərmi? Münafiqlər haqqında Qurani-Kərimdə belə buyurulur:

“Onları gördüyün zaman cüssələri xoşuna gələr. Danışdıqları zaman sözlərinə qulaq asarsan. Onlar sanki üstünə paltar geyindirilmiş kötük kimidirlər...” (əl-Münafiqun, 4)

Hər kəsin 15 dəqiqəliyinə məşhur olduğu imic dövründə dəfinələrin viranələrdə olduğu gerçəyini unutmamaq lazımdır. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz