İDEAL(İST) MÜƏLLİM
Təlim-tərbiyə işləri hər dövr və cəmiyyətdə ən əhəmiyyətli məsələlərdən biri olmuşdur. Bu sahəyə göstərilən qayğı və əhəmiyyət ideal fərd və cəmiyyət formasında özünü büruzə vermişdir. Hər nə qədər hərtərəfli əhəmiyyətli məsələ olsa da, heç də hər cəmiyyətin bu məsələyə göstərdiyi reaksiya birmənalı olmamışdır. Buna baxmayaraq yenə də sözügedən sahədə nümunə şəxsiyyətlər formalaşmış və tarixə qızıl hərflərlə adlarını yazdırmışdır. Qəbul etməliyik ki, müasir dövrün kiçik məktəbliləri və yeniyetmələr əvvəlki dövrlərlə müqayisədə fərqli müəllim görmək istəyirlər. Bu istək məktəblinin daxili tələbatından irəli gəlir və onun zövqünü formalaşdırır.
İstər rahat, istərsə də sıxıntılı anlarda sevilən, sayılan, nümunə alınan təhsil işçisi olmaq üçün bəzi xüsusiyyətlərin o şəxsdə xarakter halına, həyat fəlsəfəsinə çevrilməsi danılmaz bir məcburiyyətdir. Məşhur pedaqoq, musiqişünas Üzeyir Hacıbəyli müəllimi “millətin xeyri üçün iş görən şəxs” kimi dəyərləndirir və belə deyirdi: “Hər adam bu işin öhdəsindən gələ bilməz və hər adama müəllim deyib uşaqları ona tapşırmaq böyük xətadır”, “Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub evini yıxar”. Bu yazıda bu xüsusiyyətlərin bəzilərinə təmas ediləcəkdir.
Əvvəla səmimiyyətlə ifadə etmək lazımdır ki, tarix boyunca gəlib-keçmiş müəllimlər arasında ən sevilib-sayılanı, idealist olanı Hz. Peyğəmbər (s.ə.s) olmuşdur. Bu həqiqəti görmək üçün onun vəhşilik bataqlığından xilas edərək bəşəriyyətin ən zirvəsinə çıxardığı səhabə nəslinə baxmaq kifayətdir. Onun insan yetişdirmə nüansları hələ də öz gücünü və keçərliliyini qoruyub saxlayır. Əfsuslar olsun ki, dünya ictimaiyyəti bu düsturların əksəriyyətindən bixəbərdir.
Dünyəvi sıxıntı və təmənnalara ilişib qalmadan idealist və nümunəvi bir müəllim olmaq istəyən hər bir təlim-tərbiyə işçisi bu peşənin peyğəmbər peşəsi olduğunu bilməli və vəzifəsini bu həyəcanla icra etməlidir. Heç bir maddi qarşılığı olmadan bir nəsil yetişdirən peyğəmbərin (s.ə.s) insan yetişdirmə həyəcanını özünə təlqin etməli və buna inanmalıdır. Bu həyəcanın təzahürünü məşhur pedaqoq Mahir İzdə görə bilərik. O belə deyir: “Mən hər dəfə sinfə daxil olarkən məbədə girən kimi girərdim”. Sinfi bir ibadətxana kimi təsəvvür etmək və məlumatları ibadət şüuru ilə tələbələrə ötürmək... Hər bir tələbəyə Allahın əmanəti kimi baxmaq... Məhz bu anlayış yorğunluğu aradan qaldırar, dünyəvi mənfəətlərin mənəvi hissiyyatın qarşısına keçməsinə əngəl olar. Tələbələrinin yaddaşından silinməsinə mane olan Mahir İzin məhz bu baxış bucağıdır. Allaha ibadət şüuru ilə tələbəyə yaxınlaşmaq mənəvi həzzi əldə etmək nüansıdır.
Gücünü Allaha ibadət və Hz. Peyğəmbərin davamçısı olmaq şüurundan alan hər bir müəllim tənəffüsü sevən yox, dərs müddətində faydalı bilgiləri tələbələrinə öyrətməyə can atan müəllimdir. O hər bir saniyəsini ona bəxş edilmiş bir fürsət kimi görür. Tələbələrə dünyaya fərqli nəzərlə baxmağı öyrətmək üçün hər daim yeni məlumatlar öyrənir, oxuyur, tədqiq edir və öyrədir. Tələbənin müvəffəqiyyətinə sevinir, daxilində ona həsəd aparmır. Məktəb xaricində yaşadığı problemləri sinfinə, tələbəsinə əks etdirmir. Çünki onun ülvi məqsədi və amalı adam yetişdirməkdir. O bilir ki, emalatxanada səhvə yol verildikdə düzəltmək olar, ancaq insan səhv aşılandıqda düzəltmək qeyri-mümkündür.
İdealı olan müəllim tələbəsinə hədəf göstərən və onu inandıra biləndir. O hədəfə çatmaq üçün hər daim tələbəsinin yanında olan, məktəb xaricində də maraqlanan, dərdinə və sevincinə şərik olandır.
Aparılan tədqiqatlara görə, tələbələr üçün müəllimin vəzifə xüsusiyyətlərindən daha çox şəxsi xarakter və şəxsiyyəti maraqlıdır. Deməli, müəllim şəxsi həyatına da diqqət etməlidir. Tələbə məktəb xaricində onu arzuedilməz şəkildə görməməli, sinifdə tələbələrinə tövsiyə verdiyi şəxsiyyət kodlarına zidd davranışlar sərgiləməməlidir.
Tələbənin könlündə taxt quran “rol model” müəllim hər bir tələbəyə öz övladı kimi yaxınlaşar, övladına rəva bilmədiyini ona da rəva görməz. Tələbənin etdiyi xətanı ata-ana nəvazişi ilə düzəldər. Necə ki, öz övladının təhqir edilməsini, şiddətə məruz qalmasını xoş qarşılamırsa, özü də tələbələrinə bunları etməz.
Cəmiyyətə faydalı fərd yetişdirməyi özünə peşə seçən hər bir müəllim valideynlərlə sıx ünsiyyətdə olmalı, tələbənin ailə daxilindəki davranışlarını izləməlidir. Valideyn-müəllim münasibəti tələbənin yetişməsində bilavasitə təsirlidir. “Keçid dövrü”, “çətin dövr”, “böhran dövrü” kimi adlandırılan yaş dövründə tələbələrdə bəzi boşluqlar, təhsilə marağın azalması yarana bilər. Belə vəziyyətlərdə müəllim dialoqa üstünlük verməli, bu halın baş vermə səbəbini, hansı nəticələrə apara biləcəyini proqnozlaşdırmalıdır. Müəllim-valideyn əks-əlaqəsini yaradaraq bu cür situasiyalarda qarşılıqlı fəaliyyətin daha çox səmərə verə biləcəyini onlara izah etməlidir.
Xülasə, heç kimin şəxsi mənfəət və həvəslər uğrunda kiminsə həyatı ilə oynamağa haqqı yoxdur. Xeyrə vəsilə olan onu işləmiş kimi savab qazandığı kimi, şərə vəsilə olan da günaha şərikdir. Xeyrə açar olan hər bir tələbə müəllimi üçün cənnət vəsiləsidir.
ŞƏRHLƏR