Qurbağa nəzəriyyəsi

Qurbağa nəzəriyyəsi

Günümüz modernizm dövrüdür. İntiharların çoxaldığı, israfın artdığı, sekulyarlaşmanın dəbdə olduğu, eqoizmin təşviq edildiyi, insanlar arasında hörmətin azaldığı, mərhəmət duyğusunun itdiyi dövrdür. Çox təəssüf ki, bu  kimi bir çox hallar biz müsəlmanlara da sirayət edir. Anti-islam təbliğatçıları bizim dəyərləri yox etməyə çalışırlar. Gəlin bu halımızı maraqlı bir təcrübə ilə izah edək. Qurbağa nəzəriyyəsi adlanan bir nəzəriyyə var; bir qurbağanı qaynar suyun içinə atdığınız zaman dərhal reaksiya verərək özünü suyun xaricinə atar. Ancaq eyni qurbağanı ilıq suya qoyduğunuz zaman tərpənmədən duracaqdır. Ardından yavaş-yavaş isinməyə başlayan suyun içərisindəki qurbağa suyun istiliyinin getdikcə artdığının fərqində olmayacaq. Çünki qurbağanın sinir sistemi ani dəyişikliklərə proqramlanmışdır. Qurbağa artan istilikdə getdikcə daha çox sərsəmləyər və çölə çıxa bilməyəcək hala gələr. Nəticədə qaynayıb bişərək məhv olar.

Əfsuslar olsun ki, günümüzdəki müsəlmanlar, yəni biz bu nəzəriyyəyə bənzər şəkildə yox edilməyə doğru gedirik. Artıq qaynar suya müdaxilə edə bilməyəcək hala gəlmişik. Əvvəllər normal qəbul etmədiyimiz bir çox şeyi artıq normal qəbul edirik. Biz suya girdiyimiz zaman su soyuq idi. Sonra altına bir odun parçası qoydular – ədəb qaydalarını ortadan qaldırmağa çalışdılar. Biz heç bir şey hiss etmədik, çünki canımız yanmadı. Təbii ki, su isinməyə davam edirdi. Sonra bir odun parçası da qoyub dedilər ki, Peyğəmbərimizin sünnələrinə nə gərək var?! Biz yenə reaksiya vermədik. Alov isinməyə davam etdikcə biz buna da öyrəşdik. Sonra bir odun daha atdılar; fərzlər getdi. Sonra bir odun da qoydular; haramları normallaşdırdılar. Zina, içki, qumar kimi 100 il öncəki insanların çirkin gördüyü şeylər bizə normal gəlməyə başladı. Artıq su qaynama nöqtəsinə gəldi. İndi son 10-15 il ərzində axırıncı odun parçasını da atdılar, suyun tam qaynamasına səbəb olacaq və yox olacağımız bir parça. Beləliklə, imanımızı almağa çalışırlar ki, bunu da qismən bacardılar. Çünki biz suyun altına ilk odun parçası qoyulduqda  oyana bilmədik. Ədəblər gedərsə, arxasınca imanımız da gedər deyə bilmədik.

Sadəcə biz “müsəlmanıq” deyirik, ancaq nə ədəblərə riayət edirik, nə sünnələrə, nə də fərzlərə. Əslində itirdiyimiz dəyərlər zənn etdiyimiz qədər uzaq deyil, sadəcə tutmağa çalışdığımız iplər çox qısadır. Gəlin o dəyərlərimizi yenidən həyatımızın bir hissəsi etməyə çalışaq. Su daha çox qaynayıb sonumuzu gətirmədən gəlin o odunları qazanın altından çıxardıb ataq və özümüzə gələk. Yoxsa biz də o məzlum qurbağanın düşdüyü qaynar suda əriyib yox olarıq.

Mahmud Alxazov

B.İ.U. Zaqatala şöbəsinin məzunu

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz