Şəhidlər və şahidlər

Şəhidlər və şahidlər

Hər şey açıq-aydındır, həqiqət gün kimi ortadadır. Amma neçə göz buna şahiddir?! Bir çox şey var ki, çox gizlidir, amma mütləq onun da görənləri vardır. Görünəni hər kəs haqqı ilə görə bilmir, o ki qaldı gizlilərə... Haqqı ilə görə bilmək üçün inanmaq, güvənmək, üzərində düşünmək, təfəkkür etmək şərtdir. Belə olan halda 1988-ci illərdə kim deyərdi ki, azadlığımızın qiyməti tanklara qarşı duran sinələrdir? Kim deyərdi ki, azadlıq qanla əldə olunduqda daha dəyərlidir? Kim deyərdi ki, torpaqlarımız işğal olunacaq, işğal edən də, yardım edən də sənin qardaş, yoldaş dediklərin olacaq. Qoynunda bəslədiyin, torpağına qonaq etdiyin ilan boğazına sarılacaq. Otuz il səndən can almağa çəkinməyəcək. Otuz il vampir olub qanını içəcək. Məgər nə qəddar canavar yatırmış insanın içində?! Özünün olmayanı özününkü sayan necə nadanlar varmış! Və gün gələcək , sən onu torpaqlarından qovacaqsan. Azadlığı haqqı ilə dadacaqsan. Dininə, dəyərlərinə haqq edərək yiyələnəcəksən. Bəs gedən bu qədər can, tökülən bu qədər qan, ərşə yüksələn bu qədər ah-nalə, fəryadu-fəğan? Əlbəttə, bunun bir qarşılığı var! Əlbəttə, intiqam millətimin unutmadığı bir hesabdır! Əlbəttə, çəkilən əzabın ilahi mükafatı haqdır! Əlbəttə, tökülən qanı, bu fəryadı, fəğanı unutmaq günahdır!..

Unutmadıq! Unutdura bilmədilər bizə əslimizi, dəyərlərimizi. Şəhidlərimiz kimdir, bilirsinizmi? Şəhidlər torpağa əkilən zəfər toxumları, gələcəkdə böyüyən, yetişən dəyər ağaclarımızdır. Gələcək nəsillərimizin meyvəsini yeyəcəyi firavanlıq toxumlarıdır. Boş yerə yatmır o cəsədlər orda. Torpağın altı qorunmazsa üstünə düşmən çökər.

Otuz illik müstəqilliyin ilkin ağır bədəli 1990-cı ilin 20 Yanvar hadisələri oldu. Xalqımızın hər il fəxarətlə yad etdiyi bu şəhidlər tanklara qarşı sinə gərən qəhrəmanlarımızdır ki, bu cəsarət  gələcəkdəki bütün məkrli planları alt-üst edəcəkdi. Çünki gələcəkdə mənfur düşmənin otuz illik planı pozulacaq və bu otuz il əvvəlki şəhidlik salnaməsinin müsbət qarşılığı olacaqdı. Bəzən: “Əşi 20 Yanvarı bildik də, nə qədər xatırlamaq olar, başa düşdük də, Allah hamısına rəhmət eləsin, biz neyləyə bilərik ki?..” – kimi üzdəniraq, ruhsuz ifadələr, aşağılayıcı duyğular da eşidilir. Əlbəttə, bir nəsil asanlıqla yetişmir. Demək ki, yeni bir nəslin yetişməsi, vətəninə bağlanması, dəyərlərini ucaltması, yuxulayan zehinləri oyatması üçün otuz il tələb olunurdu. Amma unutmayaq ki, o otuz illik bəhrənin ilkin toxumları elə həmin 20 Yanvarda əkilmişdi, doğma torpağa.

Bəzən belə bir sərzəniş də eşidirik: “Şəhidlər ölməz, onlar unudulduğu zaman ölərlər”. Xeyr! Şəhidlər əsla ölməz, bu bir gerçəkdir; əksinə, onları unudarsa, o millət, o xalq ölər!

Bunu da qeyd etməliyik ki, şəhidlərimizi yas mərasimi səbəbi saymaq, insanları hüznə boğacaq videoçarxlar hazırlamaq, məzarlarını hədsiz dərəcədə çox bəzəyərək dəyərlərini dini dəyərlərimizin kənarına çıxarmaq kimi haqqı dinimiz heç kimə vermir. İl mərasimlərini musiqili toy halına gətirmək də dəyərlərimiz ilə uyğun gəlməməkdədir. Şəhid ailələrinin artıq normal həyata qayıtmaları üçün əl birliyi ilə çalışmaq da onların bizim üzərimizdəki haqqıdır. Şəhid və şəhadətin dəyərinin necə ülvi olduğunu başda vurğuladıq. Şəhidimizin ruhuna sadəcə və sadəcə hər birimiz üçün yüksək dəyər ölçüsü olan İslam dini çərçivəsində mədhlər söyləməli, səviyyəsini düşürməyəcək, həddi də aşmayacaq ölçüdə dərəcələrinə hörmət etməliyik. Hər işdə orta yol ən uyğun olanıdır deyərək, şəhidlərimizə və onların bizə əmanəti olan yaxınlarına etidal ilə təskinlik verməliyik. Hər bir şəhidimizə borcluyuq. Ancaq bu borcu həddi aşan ifadələrlə və imanımızla tərs düşən davranışlarla deyil, sevgili peyğəmbərimizin şəhidlərə və ailələrinə göstərdiyi qayğı ölçüsündə ödəməyə çalışmalıyıq.  Əks halda keçmiş ümmətlərin düşmüş olduqları səhvi təkrarlamış olarıq.

Onların bu cür qəhrəmanlıq və cəsarətləri üçün sadəcə və sadəcə Uca Allahın qarşısında baş əyirik. Ona şükürlər edir, Ondan başqa ilah olmadığını təsdiq edirik. Şəhidlərimizin hər birini Cənnət şəhidlərinin əfəndisi Hz.Həmzə (r.a) ilə bərabər anır, Cənnət gənclərinin əfəndiləri olan Hz.Həsən və Hz.Hüseyn (r.anhuma) ilə birgə xatırlayırıq. Peyğəmbərimizin ətrafında dini, vətəni, namusu, müqəddəs dəyərləri uğrunda yaşayan və can verən hər kəsi rəhmət və sevgi ilə anır, xalqımızın da bütün şəhidlərinin onlar kimi ali dərəcələrə yüksələcəyinə inanırıq. İmanlı bir xalq olaraq onlar üçün dualar edirik. Quranı təsdiq edən bir topluluq olaraq arxalarınca Quran oxuyuruq.

Keçmişindən ibrət alaraq gələcəyinin, son aqibətinin xeyirli olması üçün çalışan bir millət olaraq diqqətli və etidallı davranmaq borcumuzdur. Var olduğumuz dünyanın bir inanc ilə əxlaqi dəyərlərə bağlanması gələcəyimizin qurtuluş səbəbi deyilmi?!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz