Təqvimin tarixi, tarixin təqvimi

Təqvimin tarixi, tarixin təqvimi

Təqvim zamanın əsr, il, ay, həftə və gün kimi hissələrə bölünərək müntəzəm sıra ilə göstərildiyi, hesablandığı bir cədvəldir. Dövrümüzdə əsasən günəş və ayın hərəkət trayektoriyası ilə tənzimlənən təqvim, müxtəlif qədim icmalarda çayın daşması, məhsulun yetişməsi və s. bu kimi təbiət hadisələri ilə müəyyən edilirdi. Bəzi qədim mədəniyyətlərdə isə xüsusi ehtiyaclara uyğun təqvimlər hazırlanırdı.

Rəvayətə görə, tarixdə ilk dəfə ay təqvimindən şumerlər, günəş təqvimindən isə qədim misirlilər istifadə etmişdir.

Hal-hazırda dünyada ən çox Miladi və Hicri təqvimdən istifadə olunur. Miladi təqvim günəşin hərəkətlərinə görə hesablanır və İsa peyğəmbərin dünyaya gəlməsi ilə başladığı bildirilir. Hicri təqvim isə İslam peyğəmbəri Həzrət Muhammədin Məkkədən Mədinəyə hicrət etməsi (miladi 622-ci il) ilə başlayır və ayın hərəkəti ilə tənzimlənir.

Tarixdə əsasən bu təqvimlərdən istifadə edilmişdir:

Miladi təqvim

Hicri təqvim

Rumi təqvim

Cəlali təqvimi

Assuriya təqvimi

Xalq təqvimi

12 heyvan simvollu təqvim

Miladi təqvim və ya Qriqori təqvimi — dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının rəsmi təqvimidir. Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunmuşdur. Daha əvvəlki Yuli təqviminin təkmilləşdirilmiş variantıdır. 4 oktyabr 1582-ci ildən tətbiq olunsa da, ayrı-ayrı ölkələrdə bu təqvimə müxtəlif vaxtlarda keçilmişdir.

Hicri-qəməri təqvimi Həzrət Muhammədin hicrət etdiyi ildən başlasa da, ilk olaraq Həzrət Muhammədin dünyasını dəyişməsindən 5 il sonra 637-ci ildə Həzrət Ömərin xilafəti dövründə Həzrət Əlinin təklifi ilə qəbul edilmiş və rəsmən nömrələnməyə başlamışdır. Hər ay başlanğıcını yeni ayın görünməyə başlamasından aldığına görə buna ərəbcə “ay” mənasında “qəməri” təqvim deyilmişdir.

Rumi təqvim Osmanlı imperiyasında 1840-cı ildən başlamaqla istifadə edilmiş və Türkiyə respublikası zamanına — 1926-cı ilə qədər istifadəsi davam etmiş rəsmi təqvimdir. Rumi təqvimdə illərin nömrələnməsi hicri-qəməri təqvimdə olduğu kimi 622-ci ildən, yəni hicrətin baş verdiyi ildən başlayırdı, lakin aylar Yuli təqvimindən götürülmə idi və il mart ayının 1-də başlayırdı. Bu nöqteyi-nəzərdən 1 mart 622-ci il tarixi şərti olaraq Rumi təqvimin erası hesab edilməlidir.

Cəlali təqvimi günəşin hərəkəti ilə tənzim edilən, riyaziyyatçı və astronom Ömər Xəyyamın rəhbərlik etdiyi heyət tərəfindən hazırlanmış bir təqvimdir. Səlcuqlu dövlətinin hökmdarı Sultan Məlikşaha təqdim olunan bu təqvimin 1079-cu ildən istifadəsinə başlanmışdır. Hicrət ilinin başlanğıc kimi qəbul edildiyi bu təqvimdə ilin dəyişilməsi mart ayının ortalarına təsadüf etmişdir. Səlcuqlu dövləti ilə yanaşı, Babur imepatorluğu da bir müddət bu təqvimdən istifadə etmişdir. Cəlali təqvimdən əkinçilik və heyvandarlıq kimi iqtisadi işlərin tənzimlənməsində istifadə edilmiş, normal həyatda isə Hicri təqvimdən istifadə edilmişdir.

Assuriya təqvimi e.ə. 4750-ci ildə başlayan ay-günəş əsaslı bir təqvimdir. Təqvim Assuriyada inşa edilən ilk məbəddən ilham almışdır. Bu təqvimdə yeni il yazın ilk günü ilə başlayır. Assuriya yeni ili hələ də hər il toplanaraq festivallarla qeyd olunmağa davam edir.

Xalq təqvimi rəsmiyyəti olmayan və müəyyən bir bölgəyə xas olan, ya da ümumi qəbul edilməyən təqvim növüdür. Xalq təqvimi istifadə edildiyi bölgədə xalq tərəfindən rəğbət görən hesablama üsuludur; hətta bəzən rəsmi təqvimdən daha məşhur olur. Ancaq günümüzdə şəhərləşmə və artan texnologiya xalq təqvimlərini ikinci plana atmışdır və ictimai mənada istifadə nisbətləri get-gedə aşağı düşür. Sel fəlakəti kimi təbii hadisələr, əkinçiliklə bağlı anlayışlar bunda təyinedici olur. Bəzən bu təqvimlərin bir qismi və ya bütünü rəsmi təqvim statusuna da çata bilər. Məsələn, günümüzdəki Türkiyə təqvimində yer alan bəzi ay adları xalq təqvimlərindən alınmışdır: ocaq (yanvar), əkim (oktyabr) və s.

12 heyvan simvollu təqvim əsasən Yaponiya, Çin, Koreya, Monqolustan, Vyetnam başda olmaqla Şərqi Asiya ölkələrində geniş istifadə olunur. Amma bir çox tarixçi “Orxon-Yenisey” kitabələrinə istinad edərək bu təqvimin ilk dəfə türk tayfaları tərəfindən istifadə edildiyini və adı çəkilən ölkələrə də türklərdən keçdiyini bildirir.

Təqvimlər əsasən 12 aydan, 1 ay isə 28, 29, 30 və ya 31 gündən ibarətdir.  Bir çox təqvimdə bir ildə 365 gün vardır. Hicri təqvimdə isə 1 ildə 354 gün var. Digərləri kimi Hicri təqvimdə də bir il on iki aydan ibarətdir. Bu təqvimdə ayların gün sayı 29 və ya 30 olur. Hicri təqvim günəşlə bağlı təqvimləri hər il on bir gün qabaqladığına görə, İslam dininin əsas şərtlərindən olan oruc və həcc ibadəti ilin bütün mövsümlərinə təsadüf etməkdədir. Bunun şimal-cənub yarımkürəsi və hər mövsümün xüsusi imkanları ilə bağlı bir çox hikmətlərinin olduğu deyilir.

Ümumiyyətlə, təqvimdən istifadənin yaşının sivilizasiyanın yaranması ilə eyni olduğu, tarixdəki mədəniyyətlərin sayı qədər təqvim olduğu güman edilir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz