Essevari fikirlər

Essevari fikirlər

Düşmənə sevgi, yoxsa...? 44 günlük müharibədən illər öncə, 1988-ci ildə Göyçədən qovulmuş qonşumla söhbətlərin birində o, erməniləri tərifləyəndə heyrət etmişdim. “Belə mehribanıydıq, get-gəl, biz onlara gedəndə heyvan kəsirdilər, onlar bizə gələndə eyni şey, evlərində nələri var gətirib süfrəyə düzərdilər, Allah Qorbaçovun evini yıxsın, gül kimi yaşayırdıq, aləmi qatdı, iki xalqı düşmən elədi bir-birinə...”. Qəribədir ki, qonşum o hadisələrə görə bir dəfə də olsun erməniləri, onların başında duranları söymədi. Matım qurumuşdu.

Bu söhbətdən bir neçə il sonra - Talibanın hakimiyyətə gəlməyinə hələ illər qalırdı - “Komsomolskaya Pravda” qəzetində vaxtilə Sovet əsgərlərinə qarşı vuruşmuş sıravi əfqan mücahidiylə  intervünü oxuyanda heyrətim pik nöqtəsinə çatmışdı. Mücahidin - qəzetdə gülərüz şəklini vermişdilər - dediklərindən təxmini yadımda qalanları yazıram: “Sovet əsgərləri Kabildə əhali ilə çox mədəni davranırdılar, avtobusları dayandırıb sənədləri yoxlayanda qadınlarımızın üzünə belə baxmırdılar”. Yenə deyirəm, bunu dinc əfqan sakini yox, əlindəki avtomatla Sovetlərə qarşı vuruşmuş mücahid deyirdi.

Tutaq ki, ermənilər göyçəli qonşumgilə fiziki güc, xətər yetirməyibmişlər, ya evlərini yandırmayıbmışlar, eləcə evlərindən qovubmuşlar deyə onda ermənilərə qarşı nifrət, kin yox idi, hərçənd onun Ermənistanın başqa bölgələrində zorakılıqla üzləşmiş azərbaycanlıların başına gələnlərdən xəbəri olmaması mümkün deyildi. Bəs 1979-88-ci illərdə bir milyona yaxın dinc əfqanın ölümünə səbəb olan Sovet əsgərlərinə qarşı vuruşmuş döyüşçüdə niyə onlara qarşı nifrət hissi yox idi? Bir neçə ehtimal ağlımdan keçdi. Birincisi, yaranın illər sonra sağalması, faciənin yavaş-yavaş unudulması məsələsi. İkincisi, mücahid, rus jurnalistinin suallarına cavab verərkən, onun xətrinə dəyməkdən çəkinməyi bir yana, hətta onun xoşuna gəlmək istəyibmiş, lap açıq desək, ona yarınıbmış. Nəhayət, daha çox inandığım ehtimal: hər bir insan bəzən elə bir ovqata düşür ki, illərlə nifrət etdiyi obyektdə ancaq müsbət cəhətləri xatırlayır, məhz onları dilə gətirmək qərarına gəlir və bununla hardasa rahatlıq tapır.

Tarixdə bundan da betər hadisələr olub. İkinci dünya müharibəsində alman faşistinin əsir düşərgələrində əzab verdiyi əsgər illər sonra öz cəlladını tapıb onu bağışladığını deyib, hətta sonda onlar dost olublar. Bu, xristianlıqda “Öz düşmənini sev” prinsipiylə uzlaşır. Azərbaycanlının qonşu olduğu ermənilər, əfqan mücahidinin onun xalqına faciə yaşatmış Sovet əsgərləri haqda dediyi xoş sözlər yəqin ki, insanın böyük tikanlıqda qızılgül görməsi kimi bir şeydir. İnsan qəlbi bəzən yuxa kimi yumşaq olur, onda o yuxa qəlbin gözləri pis şeyi görmür, ya görmək istəmir; qəlbin yaddaşı qətl, dağıntı səhnələrini özündə canlandırmaqdan çəkinir.

*   *   *

Həqiqəti söyləyən həqiqəti bilib susandan üstündür. Həqiqəti bilib susansa yalan danışandan üstündür.

*   *   *

Məğlubiyyət sindromundan çıxmaq. Keçən əsrin doxsanlarında “Torpaqları satdılar”, “Torpaqlar satıldı” sözlərini tez-tez eşidirdik və açığı, indiyə qədər belə bir şeyin gerçək, yoxsa şayiə olduğunu bilmirəm. Bu sözlər hətta Azərbaycanın sərhədlərini də aşıb keçmişdi. Mən Sankt-Peterburq Dövlət Universitetində oxuyanda, qaldığım yataqxanada iki dəfə bu sualı eşitmişdim: “O, düzdü ki, sizin torpaqların alınmasında xəyanət olub?” Milli qürur məsələsinə görə cavab vermişdim ki, yalan şeydi, elə şey olmayıb, sadəcə, o vaxt təzə yaranmış dövlətdə səhlənkarlıq, məsuliyyətsizlik, səriştəsizlik olub, üstəlik, Rusiya daxil olmaqla, Ermənistanın arxasında güclü dövlətlər dayanıb, ona görə biz müharibədə məğlub olmuşuq. Bir dəfə Azərbaycan türkcəsindən dərs dediyim bir amerikalı tələbə, mərhum Məhəbbət Kazımovun “Laçınım, Laçınım” mahnısını zümzümə edə-edə mənə sataşmışdı: “Laçını satdız da”. Özümü itirmişdim, indi yadımda deyil, kəkələyə-kəkələyə ona nəsə demişdim. Yadımda qalan odur ki, amerikalı tələbəm heç nə deməsə də, bir növ, cavabımın zəif olmasına işarə vuraraq istehzalı təbəssümlə mənə baxmışdı. Düzü, Bakıya qayıdandan sonra da, o sualları xatırlayanda, özümü alçalmış hiss edirdim.

Nəhayət, 44 günlük müharibə nəticəsində əldə etdiyimiz qələbə “satqınlıq” sindromuna, “alçaldılma” duyğularım(ız)a son qoydu. İndi arzu edirəm ki, bir də Sankt-Peterburqa gedəndə, həmin adamı tapıb pafosa varmadan, amma həvəslə onlara qələbəmizin detallarından (XTQ fenomeni, düşmənə dəqiq zərbələr, XXI əsrdə qısa müddətli müharibə və s.) danışam.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz