Bərəkətin on qızıl qaydası
Hər kəs evinin bərəkətli və daha hüzurlu olmasını arzu edir və bunun üçün vasitələr axtarır. Bəzən elə saraylar olmuşdur ki, içində yaşayanlar evlərinin bərəkətsiz, ailələrinin də hüzursuz olduğundan şikayətlənmiş, bəzən də elə daxmalarda yaşayanlar olmuşdur ki, ailələri hüzurlu, evləri də bərəkətli olmuşdur. Bəs ailəmizi və evimizi necə daha bərəkətli hala gətirə bilərik?
1) Evinizə girərkən salam verin. Salam sadəcə yoldan keçənlərə verilməz. Eyni zamanda ailə üzvlərinin də bir-biri ilə salamlaşması lazımdır. Ona görə də evə girərkən salam verilməli, bunun əhəmiyyəti də ailə və uşaqlarımıza izah olunmalıdır. Hz. Ənəs (r.a) Allah Rəsulu (s.ə.s) mənə belə buyurdu deyə nəql edir: “Ey oğul, evinə girərkən salam ver, bu sənin və ailən üçün bərəkət olar”. (Tirmizi, İstizan, 10, 2698)
2) Evdə şeytandan Allaha sığınmağı və bismillahı ehmal etməyin. Şeytanın ən böyük hədəfinin evlərimiz və ailəmiz olduğunu unutmayaq. Evə girərkən Allahı zikr edərək və şeytandan Allaha sığınaraq girməliyik. Hz. Peyğəmbər bir hədisində: “Kim evinə girərkən və yemək yeyərkən bismillah deyərsə, şeytan əsgərlərinə: “Burada nə gecələyə, nə də yemək yeyə bilərik”,- deyər. Əgər o kimsə evə girərkən bismillah deməzsə, şeytan onlara: “Gecəni keçirəcək bir yer tapdıq”, - deyər. O şəxs yemək yeyərkən bismillah deməzsə, şeytan yenə əsgərlərinə: “Həm sığınacaq yer, həm də yeyəcək yemək tapdınız”, - deyər”. (Müslim, Əşribə, 103)
3) Evinizdə yeməyi ailə üzvləri ilə birgə yeyin. Hər öynə olmasa da, ən azından axşam yeməklərini ailə üzvləri ilə bir süfrə ətrafında əyləşərək yeməyə əhəmiyyət verin. Bu, evin bərəkəti üçün vacib amillərdəndir. Beləcə, ailənin dərdləşib bir-birinə nəsihət və tövsiyələr etməsinə də şərait yaranar. Eyni zamanda bu, ailə üzvlərinin, xüsusilə də ailənin gənc və yeniyetmə üzvlərinin evə vaxtında gəlmələri üçün gözəl fürsətə çevrilə bilər. Birgə yemək yeməyin fəziləti barədə buyurulur: “Birlikdə yeyin və bismillah deyin ki, yeməyiniz bərəkətlənsin!” (Əbu Davud, Ətimə, 14)
4) Evinizdə Qurani-Kərim oxuyun. Bərəkət üçün evdə Qurani-Kərim oxunması lazımdır. Hədisdə buyurulur: “Quran oxunan evin xeyri artar; orada yaşayanları sıxmaz. Belə evlərə mələklər toplanar, şeytanlar uzaqlaşar. İçində Quran oxunmayan ev orada yaşayanlara dar gələr; belə evlərin xeyir və bərəkəti az olar; mələklər bu evdən uzaqlaşar; oraya şeytanlar yığışar. İçində Quran oxunan, məna və şərhiylə məşğul olunan ev, ulduzların yer üzünü işıqlandırdığı kimi, səma əhli üçün işıqlandırılar”. (Darimi, 2/429-430; əl-Heysəmi, 7/171)
5) Evinizdə söhbət, dərs, nəsihət və zikr məclisinə yer verin. Allahı xatırladan, Quran və Sünnənin öyrənildiyi dərslər və söhbətlər sayəsində ailəvi olaraq Allahın rəhmət və bərəkətinə nail ola bilərik. Peyğəmbərimiz buyurur: “Hər hansı bir camaat Allah-Təalanın evlərindən bir evdə toplanar, Qurani-Kərim oxuyar və onu aralarında müzakirə edərsə, şübhəsiz ki, onların üzərinə hüzur və səkinə (mənəvi rahatlıq) enər; onları rəhmət bürüyər, mələklər onları əhatə edər və Allah-Təala onları öz dərgahındakı xeyirli topluluq arasında yad edər”. (Müslim, Zikr, 38)
6) Evinizdə ata-anaya və digər yaşlılara hörmət göstərin. Valideynlərimiz və digər böyüklərimizin könüllərini xoş etmək, dualarını almaq və ayrı yaşayırlarsa, onları evimizə dəvət edərək qonaq etmək bizim üçün böyük fürsət və evimizin bərəkətinin artmasına səbəb olar. Hədisdə buyurulur: “Feyz və bərəkət böyüklərinizlə bərabərdir”. (Beyhəqi, Şuabul-iman)
7) Evinizdəki ruzi və nemətlər üçün Allaha şükür edin. Allah-Təalanın bizə verdiyi ruzi və nemətlər üçün hər daim şükür etməliyik. Şükür edəcəyik ki, Allah-Təala da hüzur və bərəkətimizi artırsın. Belə buyurulur: “Kim Allahın verdiyinə razı olarsa, o nemət və ruzi Allah tərəfindən bərəkətlənər və artar…” (Beyhəqi)
8) Evinizdə gözəl əxlaq və mülayim rəftarla davranın. Hüzur və bərəkət üçün ailəmizə, valideyn və uşaqlarımıza qarşı mülayim və gözəl əlxaqla rəftar etməli, kobud biri olmamalıyıq. Hədisdə buyurulur: “Kimə mülayimlikdən bir pay verilmişsə, ona xeyirdən bir pay verilmişdir. Kim də mülayimlikdən olan payından məhrum olmuşsa, xeyirdən olan payından məhrum olmuşdur”. (Buxari, “Ədəbul-Müfrəd”, 464)
9) Evinizdə israfa yol verməyin. İrsaf Allahın verdiyi nemətlərə qarşı vəfasızlıqdır. Evlərdə başda çörək olmaqla heç nədə israfa yol verməmək, tədbirli davranmaq lazımdır. “Tədbirli (qənaətcil) olmaq dolanışığın yarısıdır”. (Deyləmi)
10) Evinizdə dua etməyi unutmayın. Dua bütün nemətlərin qapısıdır. Bərəkət nemətinin qapısı da səmimi və ixlaslı dualardır. Hz. Peyğəmbərin etdiyi bu duanı hamılıqla etməyimiz lazımdır: “Allahım! Halal ruzi verməklə məni haramdan qoru! Lütfünlə məni Özündən başqasına möhtac etmə!” (Tirmizi, Dəavat, 110/3563; Əhməd, I, 153)
ŞƏRHLƏR