Psixoloji problem olaraq “İftira”
İftira və böhtan hadisələri günümüzdə getdikcə daha çox yayılan bir sindrom halına gəlib. İftira ləkələmə, əsli olmayan bir mövzuda ətrafdakılara yanlış məlumatlar yaymaq mənasını ifadə edir. Az və qeyri-kafi məlumatlarla haqqında danışılan mövzunu həddindən artıq şişirtmək və olmayan şeyləri olmuş kimi göstərmək də böhtan və iftira xarakteri daşıyır. Bu sindroma meyillilik şayiələr və səthi məlumatlarla nəticə çıxarmağa həvəsli olan insanlarda daha çox müşahidə olunur. İftiraya yol açmaq və “xəbər daşıyıcısı kimi” iftiranı yayaraq ona dəstək olmaq həm insani, həm vicdani, həm də dini baxımdan böyük bir vəbal və günahdır.
İftira atmağa meyilli olan insanlar daha çox təhsil səviyyəsi aşağı olub, öz problemlərinin öhdəsindən gələ bilməyən insanlardır. Belə ki, aşağı təhsil səviyyəsi bir mövzuya qarşı az bilgi ilə çox şərh verməyə duyulan ehtiyacı artırır. Hadisələrin analizində konkret məlumatlardan istifadə edilmir və bu məlumatların toplanmasına da ehtiyac duyulmur. Böhtan atan insanlar öz problemlərinin öhdəsindən gəlmək bacarığını kifayət qədər inkişaf etdirə bilmirlər. Bu kateqoriyada olan insanlar passiv həll yolları axtarışlarını başqalarına böhtan atmaqla həll etməyə cəhd edir və bu kontekstdə müəyyən insanları problemləri ilə ön plana çıxararaq, özlərinin əsl problemlərini arxa planda saxlamağa çalışırlar. İftira qarşıdakı insanları qəsdli və bilərəkdən gözdən salmaq üçün atılır. Şüuraltı olaraq böhtan atan insanlar həyatlarının çirkli olduğunu düşünürlər. Onlardan daha təmiz, daha xoşbəxt və daha sevgi dolu insanlarla rastlaşdıqları zaman özlərini narahat hiss edir və həmin insanlara qarşı daxili qəzəb hissi keçirirlər. Böhtan atan və yayanlar bundan böyük həzz alırlar.
Böhtan atılan insanlar isə adətən cəmiyyət tərəfindən tanınan, sevilən və ya kifayət qədər uğurları olan insanlardır. Bu kateqoriyada olan insanların nailiyyətlərini qəbul edə bilməyənlər onların ictimai nüfuzunu zədələmək, şəxsi həyatlarını alt-üst etmək məqsədi ilə bu yola əl atırlar. Nəticə etibarı ilə böhtan, böhtan atılan insanın nüfuzuna xələl gətirməklə yanaşı, eyni zamanda onun psixoloji vəziyyətinə də mənfi təsir edir. Belə ki, böhtanın yaratdığı stress, fobiya və depressiya kimi psixoloji problemlərin fonunda intihara qədər gedib çatacaq dəhşətli nəticələr ortaya çıxır. Ona görə də dini terminologiyada böhtan hadisəsi insanı məhv edən ən böyük yeddi günahdan biri olaraq qəbul edilir.
Bəzi bəhanələr gətirərək iftiraya inanma meylinin artması cəmiyyətdə çirkin əməllərin daha da sürətlə yayılmasına səbəb olur. Çünki bu böhtan və iftiralara kütləvi şəkildə inanılacağının düşünülməsi, müəyyən qrupların diqqət mərkəzində olan insanları passivləşdirmək ehtiyacını ortaya çıxardır. Böhtana meylin artması cəmiyyətdə inamsızlıq, sevgisizlik, düşmənçilik hissləri yaradır. Bu da fərdlərin narahatlıq nisbətlərini artırır. Atılan iftira, iftiraya məruz qalan insanları təzyiq və stress altında yaşamağa məcbur edir.
Nəticə etibarı ilə qeyd edə bilərik ki, böhtan atmanın səbəbi ümumiyyətlə psixolojidir. Psixoloji olaraq "müdafiə mexanizmi" kimi və ya "şəxsiyyət pozğunluğu" nəticəsində istifadə olunur. “Böhtan, böhtan atanın böhtan atdığı şəxsin günahsızlığından, dürüstlüyündən və etibarından qorxduğunun çox açıq göstəricisidir. Bu mənada böhtan psixoloji müharibə üsulu kimi meydana çıxır. Bir insanı susdurmağın, danışsa belə onun sözlərinin təsirini azaltmağın yolu həmin şəxsin etibarını zədələmək, yəni ona alçaldıcı böhtan atmaqdır. Burada məqsəd açıqdır: “O qədər dəhşətli bir yalan atılmalıdır ki, iftiraya məruz qalan həmin adam özünü müdafiə edəndə belə, ən azından ləkələnə bilsin”.
Müqəddəs kitabımız Qurani-Kərimdə isə bu məsələyə münasibət konkret olaraq ciddidir. Belə ki, iftira hadisəsi ilə əlaqəli Nur surəsinin 23-cü ayəsində Allah-Təala “Şübhəsiz ki, heç nədən xəbərsiz olan namuslu mömin xanımlara iftira yaxanlar dünyada və axirətdə lənətlənmişlər. Onlar üçün (axirətdə də) böyük bir əzab vardır.” ayəsi ilə müsəlmanları iftiradan uzaq olmağa çağırır. Hucurat surəsinin 6-cı ayəsində isə: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirərsə, dərhal (onun doğru olub-olmadığını) araşdırın! Yoxsa, bilmədən bəzi insanlara pislik etmiş olarsınız və etdiyiniz əmələ görə peşmançılıq çəkərsiniz”, - buyuraraq fasiq insanlardan gələn xəbərlərə dərhal inanmamağa səsləyir.
Son olaraq, peyğəmbərlərin belə iftiraya məruz qaldığını nəzərə alaraq deyə bilərik ki, Allah hər zaman günahsız insanların günahsızlığını mütləq şəkildə ortaya çıxartdığı kimi, günahsızları günahlandıranları da həm bu dünyada, həm də axirət dünyasında rəzil-rüsvay edər.
ŞƏRHLƏR