BİR HƏDİS
عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : أَعْطُوا الْأَجِيرَ أَجْرَهُ قَبْلَ أَنْ يَجِفَّ عَرَقُهُ
Abdullah ibn Ömərdən (r.a) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "İşçinin əmək haqqını təri qurumadan verin". (İbn Macə, Rühun, 4)
Cəmiyyət birinin digərinə möhtac olduğu insanlar məcmusundan meydana gəlir. İnsanlar arasında maddi imkanı yaxşı olanlar işçiyə, maddi imkanı zəif olanlar isə işə möhtacdırlar. Bu bir baxıma dünya həyatındakı zəruri vəzifə bölgüsüdür. Uca Allah bu həqiqəti bir ayədə belə bəyan etmişdir: "Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir". (əz-Zuxruf, 43/32)
İşçi ilə işəgötürənin münasibətinin yaxşı olması və istehsalın səmərə verməsi üçün qarşılıqlı olaraq haqların qorunması lazımdır. Vəzifələr fərqli olsa da, işçi və işəgötürənin əvvəlcə Allaha, sonra da bir-birinə qarşı məsuliyyətləri vardır. Zənginlərin, tacirlərin böyük bir hərisliklə mal-mülk yığma yarışına girib xidmətçilərinə, kölələrinə xor baxdıqları və alçaq gördükləri bir anda haqsızlıq və zülm ortaya çıxar. Müsəlmanların işəgötürəni, işçisi və işsizi, hamısı qardaşdırlar. Bir qismi amir, bir qismi məmur olsalar da, bir-birilərinə qardaş kimi davranmaq məcburiyyətindədirlər. Belə olduğu halda qardaşlar bir-birilərinə zülm və haqsızlıq etməz, bir-birilərinin haqqını yeməz və bir-birilərinə arxa çevirməzlər. Əks təqdirdə işçinin haqqını yeyən və ona haqsızlıq edən iş sahibi Allahın əzabına mütləq düçar olacağını bilməlidir. Bir qüdsi hədisdə Uca Allah belə buyurur: "Mən qiyamət günü bu üç qrup şəxsin düşməni olacağam: Mənim adıma and içdikdən sonra sözündə durmayanın, azad bir insanı kölə kimi satıb pulunu yeyənin və bir işçini çalışdırıb işini gördüyü halda əmək haqqını verməyənin". (Buxari, İcarə, 10)
Müəyyən bir məbləğ qarşılığında razılaşıb çalışdırdığı işçinin məvacibini verməyənlər həm verdikləri sözə sadiq qalmamaları, həm də işçinin alın tərinin qarşılığını verməmələri səbəbilə Allahın əzabına düçar olarlar. Çünki Uca Allah möminlərdən əhdlərinə sadiq qalmalarını (əl-Maidə, 5/1) və əmanətləri sahiblərinə vermələrini (ən-Nisa, 4/58) tələb etmişdir. İnsanları və ya millətləri zor gücüylə kölələşdirib sahib olduqları təbii sərvətləri talayanlar da Allah qarşısında böyük bir cinayət işlədikləri üçün bu etdiklərinin cəzasını mütləq alacaqlar.
Nəticə olaraq, işəgötürən işçinin haqqını vaxtında ödəməlidir. Rəsulullah (s.ə.s) bu hədisində işçinin alın təri qurumadan məvacibinin ödənməsinə diqqət çəkərək bu işdə həssas davranmağa təşviq etmişdir.
ŞƏRHLƏR