Sehr və cadu
İslamda haqlı ilə haqsız, zalımla məzlum, alimlə cahil, yaxşı ilə pis bir deyildir. Bir olan yalnız tövhid, Allahın müqəddəs Zatı, bəndələrin Onun qarşısında şərtsiz təslimiyyəti və təqvalı olmasıdır. Təqva yeganə meyardır ki, bəşər övladı onun sayəsində Allahın yanında dəyər qazanır və bu, Uca Yaradana qarşı edilən itaət, təzim və ibadət nisbətindədir.
Müqəddəs dinimiz bir kəsin başqasına ziyan verməsini, haqqını əlindən almasını heç bir şəkildə qəbul etmir. İslamda hər kəsin malı və canı müqəddəsdir və dinimiz öz hökmləri ilə bunları qoruyur. Lakin bu bir həqiqətdir ki, insanın canına və malına müxtəlif üsullarla zərər vermək mümkündür. Verilən ən böyük zərərlərdən biri də mahiyyət baxımından digərləri ilə eyni olan sehr və cadudur. Buna görə də, bütün səmavi dinlərdə, xüsusilə də İslamda insanlara zərər verən sehr və cadu qəti olaraq qadağan edilmişdir. Çünki bu əməllərlə neçə-neçə insan ruhi böhran keçirmiş, sehrbaz və cadugərlərin tələsinə düşərək pərişan olmuşdur; neçə-neçə yalançı, hoqqabaz və şarlatan belə yüngül vasitələrlə qazanc əldə etmiş, haqsız sərvət toplamışdır. Qurani-Kərimin sehrdən bəhs edən ayələrindən birində buyurulur:
“İnsanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər”. (əl-Əraf, 116)
Qeyd edək ki, mübarək ayədə keçən “sehr” kəlməsi lüğətdə doğruluğun əksi olan “şarlatanlıq” və “hiyləgərlik” mənasına da gəlir. Sehr İslam dinində öyrənilməsi haram, istifadə edilməsi qəti qadağan edilən əməllərdəndir. Hətta bu əməlin günahı o qədər böyükdür ki, irəlidə qeyd edəcəyimiz hədisdən də göründüyü kimi, onunla məşğul olan kəs mütləq bu əməlindən tövbə etməlidir. Çünki məhz sehr vasitəsilə sehrbazlar haqqı batil, batili haqq, həqiqəti xəyal, xəyalı isə həqiqət kimi göstərmişlər. Bu barədə Qurani-Kərimdə belə buyurulur:
“(Sehrbazlar əllərindəkiləri yerə atan kimi) Ona elə gəldi ki, onların kəndirləri və çomaqları sehrləri sayəsində hərəkətə gəlib sürünür”. (Taha, 66)
Bəzən sehrlə məşğul olanlar onu bir növ möcüzə kimi qələmə verir və bəzi saf insanlar da onlara uyurlar. Halbuki sehrlə möcüzə arasında ciddi fərqlər var. Həmin fərqlərdən ən əsası budur ki, sehr öyrənməklə, möcüzə isə ilahi istəklə gerçəkləşir.
Peyğəmbərimiz (s.ə.s) də hədislərində sehr və cadunun haramlığını xüsusilə vurğulamışdır. Bir dəfəsində Allah Rəsulu (s.ə.s) buyurdu: “Yeddi həlakedici şeydən çəkinin!” Soruşdular: “Ey Allahın Rəsulu (s.ə.s), bunlar nədir?” Peyğəmbərimiz (s.ə.s) belə cavab verdi: “Allaha şərik qoşmaq, sehrbazlıq etmək, Allahın haram etdiyi canı haqsız yerə öldürmək, sələm yemək, yetim malı yemək, döyüş meydanından qaçmaq, evli, namuslu qadınlara zina iftirası atmaq”.
Hədisdən bir daha aydın olur ki, sehrlə məşğul olmaq Uca Allaha qarşı şərik qoşmaq qədər günahı ağır olan bir əməldir və hər bir müsəlmanın bundan uzaq durması vacibdir.
Hazırda sehr və cadu ilə bu və ya digər formada məşğul olanlar qədim kahin və cadugərlər tərəfindən yazılan və istifadə edilən zərərli kitablara, onların qalıqlarına müraciət edirlər. Kahin və cadugərlər isə insanları inandırmaq üçün belə kitablara Qurani-Kərimdən ayələr və bəzi dualar da əlavə ediblər.
Qeyd edək ki, sehr və cadunun qadağan olunmasının bir çox səbəbləri var:
- Din hər şeyə gücü çatan Allah-Təalaya, sehr və cadu isə təbiətdəki hər hansı bir gizli qüvvəyə yönəlir.
- Dində günah anlayışı var, sehr və caduda bu yoxdur; əxlaq, ibadət, dua, vəhdət kimi əsas ünsürlər yer almır.
- Sehr və cadu ilahi qüdrəti gözardı etmək, ona inanmamaq, kənar qüvvələr vasitəsilə iş görmək və məqsədini həyata keçirmək iddiasındadır. Dində isə Uca Allaha itaət etmək, Onun rizasını qazanmaq, qəzəbindən çəkinmək, cəza və ya mükafatına görə hərəkət etmək var.
- Sehr və cadunun başlıca məqsədi mənfəət olduğu üçün yeri gəldikdə dini və müqəddəs şeyləri istismar etməkdən, insanları aldatmaqdan çəkinmir, dində isə həqiqət əsasdır.
- Sehr və caduda yalnız şəxsi, dində isə həm şəxsi, həm də ictimai məqsədlər var.
- Din cəmiyyəti bir-birinə möhkəm bağladığı halda, sehr və cadu cəmiyyətin fərdlərini bir-birinə qarşı bədgüman edir, ruhi və maddi sıxıntıya salaraq əsarətə alır və bununla da ictimai əlaqələri sarsıdır...
İslam sehrin həqiqətini inkar etməmiş, lakin tövhid inancına zərər verdiyi üçün, eləcə də idarə edilməsinin çətinliyi və çox vaxt pis məqsədlərlə istifadə edildiyi üçün qadağan etmişdir.
Nəticə olaraq, sehr və cadu etmək necə haramdırsa, bu kimi işlərlə məşğul olan adamların yanına getmək, onlardan kömək ummaq da o dərəcədə haramdır. Allah-Təala aqibətimizi xeyirli etsin, bizi bütün şər işlərdən uzaq tutsun!
ŞƏRHLƏR