Duada ümid
Gəlin dünyanın bu qaçaqaçından, qovhaqovundan, izdihamından uzaqlaşaq, özümüzlə baş-başa qalıb bir anlıq dərin bir fikrə dalaq. Durmaq, doymaq bilməyən, daha çoxuna sahib olmaq istəyən nəfsimizlə kiçik bir mühasibə aparaq. Heç bir əvəz ödəmədən, zəhmət çəkmədən Allahın bizə bəxş etdiyi nemətləri düşünək. Ona görə düşünək ki, bu nemətləri bəxş edən Uca varlığı tanıyaq. Ona görə düşünək ki, həyatımızdan dad ala bilək, mənasını, məqsədini dərk edək, nankor olmayaq, şükrünü əda edək, qədrini bilək, israf etməyək. Ona görə düşünək ki, Rəbbimizdən naümid olmayaq.
Uca Allah bizə sayıb-sadalaya bilməyəcəyimiz qədər çox nemətlər, imkanlar bəxş etmişdir. Saçımızdan ta dırnağımıza qədər, maddi-mənəvi, gözə görünən-görünməyən nə varsa hamısı Rəbbimizin lütfüdür. Milyonlarla manat ödəməklə əldə edə biməyəcəyimiz göz kimi bir neməti dünya malından nə ilə dəyişmək mümkündür? Saya bilməyəcəyimiz bu lütflər elə böyük nemətlərdir ki, onlar həyatımızın, varlığımızın davamı üçün vazkeçilməz olan, bizi xoşbəxt edən və həyata bağlayan nemətlərdir.
Məsələn, heç birimiz səhərin təkrar açılması, günəşin yenidən doğması üçün dua etmədik. Hər səhər oyanıb nəfəs almaq, gözümüzü açanda görmək, eşitmək, danışmaq, ayaqlarımızın, qollarımızın hərəkəti üçün, ürəyimizin hər an döyünməsi, ciyərlərimizin gecə boyunca dayanmadan işləməsi üçün də dua etmədik. Gəlin bir düşünək, əgər bütün bunlar üçün dua etməli olsaydıq nə qədər dualar etməyimiz lazım olardı?! Sübhanəllah!..
Uca Allahın bizə lütf etdiyi, çox ehtiyacımız olan, onlar olmadan yaşaya bilməyəcəyimiz o qədər çox şey var ki!.. Həm də heç durmadan hər gün, hər an verməyə davam edir. Qurani-Kərimdə belə buyurulur: “O (Allah) hər gün yeni bir işdədir (sizə lütflər etməkdədir)”. (ər-Rəhman, 29) Bütün bu nemətləri bizə bəxş edən Uca Allahdır. Necə olur ki, bütün bu saydıqlarımızı bizlərə bəxş edən Allah bəndəsinin duasına cavab verməsin, onun duasını qəbul etməsin? Belə bir ifadə var: “Əgər Allah vermək istəməsəydi, istəməyi bizə verməzdi”.
Mövzumuza bir də belə bir örnək üzərindən baxaq: Uşaqlığımızdan etibarən bizi yedirən-içirən, hər bir ehtiyacımızı görən və bizi sevən anamız var. Onu görməyə, ziyarət etməyə gedirik. O da yaşlanmış bir vəziyyətdə olmasına baxmayaraq bizim üçün yeməklər bişirir, süfrə açır və ikram edir. Biz isə yeməyə başlar-başlamaz narazı bir şəkildə yeməyin duzsuz olduğunu, içməyə hər-hansı bir qazlı içkinin olmadığını, ketçapın əskik olduğunu bəhanə edib süfrədən qalxsaq, bu nə mənaya gələr? Biz bu davranışımızla anamızın həm keçmişdə çəkdiyi əziyyətlərə, sayı-hesabı bilinməyən yaxşılıqlarına, həm də hal-hazırda bizə təqdim etdiyi ikramına qarşı laqeyd yanaşmış, zəhmətinə qiymət verməmiş olarıq ki, bunun da bir adı var, o da nankorluqdur.
Nankorluq insanlarda yaradılış etibarilə var olan mənfi bir haldır. Bu həqiqəti Uca Allah müqəddəs kitabında belə ifadə edir: “Şübhəsiz ki, insan Rəbbinə qarşı çox nankordur”. (əl-Adiyat, 6) Bizi Rəbbimizin rizasından kənarlaşdıran bu mənfi xüsusiyyətimizi yalnız şükür etməklə müsbət hala çevirə bilərik.
Sonda gəlin bir daha düşünək. Bu qədər ikramları, saysız nemətləri heç bir əvəz ödəmədən bizə bəxş edən Rəbbimiz dualarımıza cavab verməkdən acizdirmi, haşa? Dualarım qəbul olunmur deyib naümid olma! Duan varsa, duyan da vardır! Dualarım qəbul olunmur deyib küsməkdənsə necə dua etdiyinə bax. Halal yeyirsənmi, Allahın fərzlərini yerinə yetirirsənmi? Qazancında qul haqqı varmı? İşlətdiyin şəxsin alın təri qurumadan zəhmət haqqını verirsənmi? İşlədiyin iş yerində işinə məsuliyyətlə yanaşırsanmı? Ticarətində, ölçüdə, çəkidə kiməsə yalan danışıb onu aldatmırsan ki? İşlərində faizdən, kreditdən nə qədər uzaq dura bilirsən?
Bəli, Uca Allah öz bəndəsinin duasını heç vaxt cavabsız qoymaz. Amma unutmayaq ki, duanın qəbul olunmasının da şərtlərini yerinə yetirməyimiz vacibdir.
ŞƏRHLƏR