Qış yuxusu

Qış yuxusu

Abdullah kişi əsr namazını qılıb məsciddən çıxdı. Günəşin batmasına hələ vardı. Həmyaşıdı olan kənd sakinlərinin əksəriyyəti kimi Abdullah kişi də vaxtının müəyyən hissəsini kəndin mərkəzi sayılan yol qovşağında – gimgədə keçirərdi. Bu səfər məscidin qapısında dayanıb bir az fikrə getdi, sonra üzünü yaxınlıqdakı mağazaya tutdu. Oradan, içində bir az şirniyyat, bir-iki kilo da meyvə olan sellofan torba ilə çıxdı. Adətinə xilaf, üzüyuxarı çevrilib yaşı yetmişi adlamış qoca kişilərə məxsus ağır bir yerişlə kəndin dağ dibindəki küçələrinə doğru addımladı.

Yol boyunca Abdullah kişi orta məktəbdən sinif yoldaşı olan yaxın dostu Təmrazı fikirləşirdi. Neçə gündür gimgədə görünmürdü. Xəstə olduğunu eşitmişdi, telefonla zəng edib şəfa da diləmişdi, amma vəziyyətinin gimgəni tərk edəcək qədər ağırlaşacağını düşünməmişdi. İndi yanına gedirdi – xəstə ziyarətinə. Həm dostluqda vəfası, həm də əqidəsinin təşviq etdiyi yüksək dəyərli bir ibadət olması səbəbilə gedib yaxından maraqlanmaq qərarına gəlmişdi. Hərçənd, hər dəfə görüşmələri dini mövzulardakı zidd yanaşmalarının alovladığı mübahisə ilə yekunlaşırdı. Bunu xatırlayıb Abdullah kişi bığaltı gülümsədi: “Hə qoca Təmraz, indi görək nə deyəcəksən? Əzrayıl gəlib həndəvərində dolananda da Allahı inkar edəcəksən?”. Sonra bu düşüncə onun özünə də çox ağır gəldi, əti ürpəşdi. Əstəğfirullah çəkib yoluna davam etdi.

Ağ rəngə boyanmış dəmir darvazanın yanına çatanda Abdullah kişi əyilib yerdən balaca bir daş götürdü. Darvazanı bir-iki dəfə daşla möhkəmcə vurduqdan sonra (bu vuruşu hər ikisi edirdi və eşidəndə bilirdilər ki, gələn kimdir) balaca qapını aralayıb içəri boylandı. Uzaqdan Zərnigar xanımın səsi eşidildi:

- Gəl, ay Abdul, gəl, qardaşın da deyir bu harda qaldı, nə əcəb gəlmədi?!...

Dostunun gözünün onu axtarmağına sevincək olan Abdullah kişi salam verdi, əvvəlcə xanımından dostunun vəziyyətini elə həyətdəcə xəbər aldı.

- Elə hey yatmaq istəyir. Heç halı-hal deyil, - qadın dedi.

- Qış yuxusu ağır olar. Fikir eləmə, qoy doyunca yatıb dincəlsin, - Abdullah kişi bunu təsəlli mənasında dedi, sonra içəri keçdi.

Təmraz – yetmiş altı yaşını keçən ay tamamlayan kəndin təqaüdçü icra rəhbəri (Sovet dövründən bu vəzifədə işləmişdi) üzüyuxarı, əlləri yanında, hərəkətsiz halda uzanmışdı. Üzü solmuş, cavanlıq dövründəki zəhmindən, əzmkarlığından əsər-əlamət qalmamışdı. Solğun baxışlarını qapıya doğru çevirib bir müddət baxdı. Abdullahı tanıyıb yerində dikəlmək istədi, tərpəşdi, amma gücü çatmadı.

- Xoş gəlmisən, keç otur, - titrək səslə dilləndi.

- Maşallah, - Abdullah kişi dedi, - danışığın yerindədir. Qalanı da tezliklə ötüb keçər, inşallah. Şəfanı verən Allahdır!

Təmraz kişi çəp-çəp dostuna baxdı. İllərin kommunisti, elmi ateizmin bu bölgədəki ən alovlu təbliğçisi olan qoca Təmraz onun üçün Allahdan şəfa dilənməsi ilə razılaşa bilməzdi. Ağzını açıb etiraz etmək istədi, lakin bu halı ilə Abdullahla söz güləşində üstün çıxacağına gümanı olmadığı üçün susdu. Bu, Abdullah kişinin gözündən yayınmadı. Zərnigar xanım çay gətirdi. Abdullah kişi bir müddət kənd söhbətlərindən danışdıqdan sonra mövzunu yenə eyni məsələyə gətirdi:

- Hələ də Allah deməyəcəksən? Cavab vermək üçün özünü yorma, bilirəm ki, taqətin yoxdur. Eləcə qulaq as. Yəqin ki, hər gün bu pəncərədən bayıra baxırsan; yarpağını tökən ağaclara, bozaran dağlara, keçəlləşən həyət-bacaya... Təbiət qış yuxusuna gedib, elə bil ki, ölüb. Bir də iki-üç ay sonranı fikirləş. Qara torpaqdan yaşıl-yaşıl cücərtilər baş qaldıracaq, qupquru ağac budaqları tumurcuqlayıb çiçək açacaq. Onlara can verən, həyat bəxş edən qüvvəni necə inkar edə bilərsən? Ağılsız, düşüncəsiz, ruhsuz maddə buna necə qadir ola bilər?..

Təmraz qımışmaq istədi, lakin üzündə acı bir iztirabın izləri meydana çıxdı; baxışlarını divara tərəf çevirdi.

Abdullah əlini qoltuğuna apardı, bir az dayandı, nədənsə vaz keçdi. Xəstəni çox yormamaq üçün icazə istədi, Zərnigar xanıma ürək-dirək verdi, nə lazım olsa ona bildirməsini tapşırdı, sağollaşıb ayrıldı.

Pilləkəni enərkən əlini qoltuğuna apardı, cibini tutdu. Tutdu ki, hər zaman cibində gəzdirdiyi balaca kitab – “Tərcüməli Yasin” kitabı birdən düşər. Təmraz kişinin yanında da çıxardıb Yasin surəsindən ölüm və dirilişlə bağlı ayələri oxumaq istəmişdi. Sonra vaz keçmişdi ki, Zərnigar inciyər ki, bəs ərim ölüb ki, üstünə Yasin oxuyursan? Qadınların nədən inciyəcəklərini təxmin etmək çətindir.

Sübh tezdən Abdullah kişinin telefonu çaldı. Dəstəmaz alırdı, buna görə telefonu açmaqda bir az gecikdi. Əl-üzünü qurulamadan telefonu götürdü:

“Alo!.. Təmraz?..” Cavab gəlmədi.

“Zərnigar sənsən?..” Yenə cavab gəlmədi. İçini çəkə-çəkə özünü ələ almağa çalışan, sonda bunu bacarmayan qadının acı hıçqırığı eşidildi və telefon söndü. O anda Abdullah kişi dünən kitabı qoltuğundan çıxartmamağın peşmançılığını çiyinlərində dağ boyda ağır bir yük kimi hiss etdi.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz