Ömür Səhifələri

ÖMÜR SƏHİFƏLƏRİ

İnsan oğlu bu dünyada həyatını zaman və məkan çərçivəsində davam etdirir. Necə ki, bizə verilən müəyyən məkan sərhədlərini aşmaq mümkün deyil, eləcə də təyin olunmuş zaman hüdudlarından da kənara çıxmaq imkansızdır. Təbii ki, bu məhdudiyyət fiziki olaraq belədir, xəyalən keçmiş və gələcək zamanlarda, heç görmədiyimiz və görə bilməyəcəyimiz məkanlarda səfər etmək mümkündür. Nə etsək də, necə etsək də, zaman hüdudlarımızı gecə və gündüzümüzlə birlikdə yaşadığımız 24 saatlıq sutka və 12 aylıq il təyin edir. Əslində bizə verilən zaman ərzində adına ömür dediyimiz bir bina inşa edirik. İşin maraqlı tərəfi budur ki, zaman və məkan çərçivəsində inşa etdiyimiz ömrümüz də məkan və zaman hüdudlarını aşmağı bacarır və insan bütün zamanlarda yaşamağa davam edir. Yəni əgər kamil bir insan olmağı bacarmışıqsa, elmimiz, xidmətimiz, əxlaqımız və bir sıra üstün keyfiyyətlərimizlə yaxşı bir həyat sürmüşüksə, cəmiyyətə faydalı fərd olmuşuqsa, fiziki olaraq dünya məkanından ayrılsaq da, inşa etdiyimiz insanlığımız var olmağa davam edər. Əsrlər keçməsinə baxmayaraq əməlisaleh insanların, abid və ariflərin qəlblərdə yaşaması kimi. Əsri-səadət toplumu, səhabə və tabeun kimi. Mövlanalar, Xalid Bağdadilər, Yunus Əmrələr, Seyyid Yəhyalar, Nizamilər, Füzulilər kimi…

İki ilin astanasındayıq. Miladi olaraq 2021-i yola salır, 2022-ni qarşılayırıq. Məhz bu zaman kəsiyində bir müsəlman olaraq hansı duyğular içində olmalı, haləti-ruhiyyəmizi hansı tellərə görə kökləməliyik? Ən başlıcası, əlbəttə ki, keçən ilin mühasibəsini aparmalı, yaşadığımız günləri, ayları nə ilə doldurduğumuzu gözdən keçirməliyik. Zamanımızı daha çox kimlərlə keçirmişik, ömür sərmayəmizi hansı işdə tükətmişik? Şəxsiyyətimizi bəzəyən hansı əxlaqi keyfiyyətlərə yiyələnmişik, Allahın bizdən istədiyi təqva yolunda irəliləyə bilmişikmi? Hansı kitabları oxumuşuq, ötən ilin əvvəlində qurduğumuz planları (əgər qurmuşuqsa) həyata keçirə bilmişikmi? Vicdanımızla baş-başa qalıb özümüzü hesaba çəkməliyik: Görəsən, ömürdən gedən bütöv bir il ərzində günah dəftərimizdəki sətirləri doldurmuşuq, yoxsa savab xanalarımız dolub? Həzrət Ömərin hər gün yatmazdan əvvəl özünə verdiyi “Bu gün Allah üçün nə etdin?” sualını heç olmasa ildə bir dəfə özümüzə verib cavabı üzərində baş sındırmaq bizim bir insan kimi yaşamağımızın ən əsas qayələrindən olmalıdır.

Nəfsimizi hesaba çəkdikdən sonra növbəti il üçün yol xəritəmizi də indidən təyin etməliyik, əlbəttə. Bizi qarşıda gözləyən bir ili necə keçirəcəyimiz məhz bu planlamadan və ona nə qədər əməl edəcəyimizdən asılıdır. Oxunacaq kitablarımızı, yazacaqlarımızı, görəcək işlərimizi indidən müəyyənləşdirməli, xeyir-həsənat dəftərimizə yazılacağına inandığımız faydalı əməllərimizi bu gündən planlaşdırmalıyıq. Çünki bütün bunlar həyat gəmimizin istiqamətini təyin edən kompas kimidir.   

Unutmayaq ki, zamanı iki cür yaşamaq mümkündür. Bəlkə də yaşamaq mümkündür yerinə yaşayırıq deməliyik. Çünki insanlar olaraq zamanı iki cür yaşayırıq, doğrudan da. Əvvəllər divardan asılan təqvimlər olardı, rəqəmsal texnologiyanın, ağıllı telefonların təsiri ilə indi çox az adam istifadə edir. Artıq əvvəlki populyarlığını itirən həmin təqvimlə münasibətdə hər zaman iki insan tipi olmuşdur. Biri, hər gün o təqvimin bir səhifəsini cıraraq zibil qutusuna atan, digəri isə cırdığı səhifənin önündə, arxasında yazılanları diqqətlə oxuyan, oxuduqlarını düşünən və bu sayədə hər gün bir yenilikdən xəbərdar olan, bildiyi hər hansı məlumatı yenidən kəşf edərək fərqində olan, bəzi səhifələri əhəmiyyətinə görə qoruyub saxlayan insan.  Əslində burada insanın divardan asılan təqvimə münasibəti onun zamana, keçib gedən ömrünə nə cür münasibət bəslədiyinin də göstəricisidir. Görəsən, bu həyatı təqvim səhifəsini laqeydliklə cırıb atan adam kimi yaşayırıq, yoxsa önündə, arxasında yazılanları diqqətlə oxuyan, oxuduğunu təfəkkür edən insan kimi ömür sürürük? Vədə tamam olduqdan sonra dünyaları da versək ala bilməyəcəyimiz, indi isə heç bir qarşılıq ödəmədən bəxş olunan günləri necə yaşayırıq, görəsən? Günün önünü və arxasını (gecə və gündüzünü), saatlarını necə dəyərləndiririk? Rəbbimizlə, özümüzlə, insanlarla, sevdiklərimiz və sevmədiklərimizlə, dilsiz-ağızsız heyvanlarla, hətta bir mövsümlük bitkilərlə nə qədər düzgün ünsiyyət qururuq? Vaxtımız boşa gedir, yoxsa həyatı dolu-dolu yaşadığımız üçün boş vaxt tapa bilmirik? Əslində insan özü elə təqvim deyilmi? Gizli bir əl hər gün ömür ağacımızdan bir yarpağı qoparmırmı? Təqvimdən qopan hər səhifə ömrümüzdən qopan bir gündürsə, görəsən, ömür səhifələrimizdən neçəsi zibil qabına atılmağa deyil, etina ilə yanaşmağa layiqdir? Məncə növbəti ilə girərkən bunu düşünək…

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz