Foreks

Foreks

Günümüzdə dünya maliyyə bazarında böyük həcmə malik olan və gündən-günə inkişaf edən Foreks bazarı, aktual bir məsələ kimi İslam hüquqçularının gündəminə girmiş və İslamın məsələyə baxışı müsəlmanlar tərəfindən də maraq mövzusu olmuşdur. İngiliscə “Foreign Exchange” ifadəsinin qısaldılmış forması olan foreks, xarici valyutaların, əmtəə və qiymətli mədənlərin aralarındakı qiymət dəyişikliklərindən faydalanaraq yüksək gəlir əldə etmək imkanı verən beynəlxalq valyuta bazarı olaraq tərif olunur.

Son illərdə yatırım məqsədli valyuta əməliyyatlarının bütün dünyada yayğınlaşması ilə investorların bu sahəyə rəğbəti artmış və ölkələrin pul vahidləri və neft və qızıl kimi qiymətli əmtəə və mədənlərin ölkələrə görə dəyişən dəyərləri bir qazanc mənbəyinə çevrilmişdir. Tamamilə internet üzərindən əməliyyatların həyata keçirildiyi virtual bir bazar olan foreks, bütün dünyadan iştirakçılara açıq olması səbəbi ilə əməliyyat həcmi ən böyük maliyyə bazarlarından biri sayılır. Mərkəzi banklar, özəl banklar, valyuta birjaları, yatırım şirkətləri, beynəlxalq ticarət şirkətləri və brokerlər foreks bazarının əsas iştirakçılarıdır. Burda sərmayəçilər alıb-satdıqları valyuta, qızıl və digər əmtəələrin özlərinə fiziki olaraq sahib olmayıb, yalnız qiymətlərindəki dəyişmə üzərindən əməliyyat edərək gəlir əldə etməyi hədəfləyirlər.

Foreks bir ölkənin pul vahidi qarşılığında başqa bir ölkə valyutasının və qiymətli mədənlərinin alımı və satımı olaraq tərif edilsə də, əsasən foreks kredit çiyni (dəstəyi) adı verilən əməliyyat vasitəsilə kiçik məbləğlərlə böyük həcmli əməliyyatların həyata keçirildiyi bir bazar olaraq bilinir. Belə ki, bu sistemdə bank və ya digər vasitəçi şirkətlər müştəriyə, yatırdığı təminat miqdarının bir neçə qatına qədər valyuta və ya digər mal və əmtəə alım-satımı limiti verməkdədir. Bu limitlər ölkədən ölkəyə və bankdan banka fərqli olmaqla birlikdə, təminat miqdarının 100 qatına və ya daha yuxarı saylara qədər çıxa bilməkdədir. Müştəri özünə təxsis edilən limit çərçivəsində karı və zərəri öz hesabına olmaq üzrə foreks əməliyyatı edən quruluşa valyuta alması və ya satması yönündə təlimat verər. Kar edərsə, qazandığı məbləğ yatırdığı təminat miqdarına əlavə edilər. Zərər edərsə, zərərin miqdarı yatırdığı təminat miqdarından çıxılar. Bank və ya digər vasitəçi quruluş isə edilən hər əməliyyat başına müəyyən bir miqdarda komissiya alar.     

Bir misal üzərindən bu sistemi belə açıqlaya bilərik: Foreks əməliyyatı edən quruluş 1-ə 100 miqdarı ilə kredit dəstəyi verdiyi sərmayədarına belə bir təklif edir: 1000 AZN qarşılığında mən sənə 100000 manatlıq valyuta alım-satımı əməliyyatı icazəsi verirəm. Ancaq bu pulu fiziki olaraq sənə verməyəcəyəm. Əməliyyat etdiyin valyuta məzənnəsi yüksələrsə, meydana gələn karı 100 qatlıq nisbət üzərindən sənə ödəyəcəyəm. Lakin zərər etsən, zərərin 100 qat çox olacaq. Fəqət zərər sadəcə yatırdığın təminat miqdarı üzərindən çıxılacaq. Bu vəsfi ilə böyük qazanc ümidi yanında yatırılan miqdarın tamamilə itirilməsi riskini də daşıyan foreks, yüksək riskli bir bazar olaraq qiymətləndirilir.

Klassik İslam fiqh mirasında bir bənzəri olmayan yeni bir ticari sözləşmə olan foreks, bir çox fərqli sözləşmə çeşidinin xüsusiyyətlərini özündə cəm etməsi ilə qarışıq bir möhtəvaya sahibdir. Pul vahidlərinin qarşılıqlı mübadiləsi baxımından klassik sərf əqdinə bənzəyən foreks, bankların müştərilərə yatırdıqları təminat miqdarının üstündə bir kredit dəstəyi verməsindən dolayı qərz (borc) əqdinin bəzi xüsusiyyətlərini daşıyır. Vasitəçi qurumun müştəri adına əməliyyatlar icra etməsi nöqteyi-nəzərindən foreksin içərisində vəkalət əqdinin də mövcudluğundan bəhs etmək mümkündür. Başqa bəzi xüsusiyyətləri də özündə ehtiva edən foreksi, İslam hüquqçuları da bu yöndən dəyərləndirmiş və foreksin fiqhi hökmünü bu xüsusiyyətləri üzərindən təyin etmişdir.

Xüsusiyyətləri içərisində İslam hüquq prinsiplərinə zidd bir çox özəlliyin mövcudluğu səbəbilə foreks İslam hüquqçuları tərəfindən caiz görülməməkdədir. Belə ki, foreksdə şərtli satış, mənfəət təmin edən borc, haqsız qazanc, mövcud olmayan bir şeyin satışı, bir sözləşmədə iki sözləşmənin varlığı, qumar və faiz kimi İslam fiqh prinsiplərinə zidd ünsürlər mövcuddur. Foreksdə bankların müştərilərə verdiyi kredit dəstəyindən qazanc əldə etməyi hədəfləməsi mənfəət təmin edən borc və faizə aparmaqda və müştərinin sahib olmadığı məbləğlər üzərindən valyuta alış-verişi etməsi olmayan bir şeyin satışı qadağasını gündəmə gətirməkdədir. Bunlara əlavə olaraq bəzi İslam hüquqçuları foreksin qumara bənzədiyini və haqsız qazanc təmin etdiyini ifadə etmişlər. Çünki burda sərmayədar banka yatırdığı pulu riskə ataraq sahib olduğu puldan qat-qat çox miqdarda valyuta alış-verişi etməkdə və beləliklə, sırf riskə girmək yolu ilə qazanc əldə etməyi hədəfləməkdədir. Bu isə qumar və şans oyunlarında olduğu kimi riski qazanc vəsiləsi halına gətirməkdən başqa bir şey deyildir.               

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz