GÜN VAR ƏSRƏ BƏRABƏR
Məfhum yaratmaq
Əslində hər insan bir roman və bir qəhrəmandır.
Gün gələr başa düşər ki,
sərf etdiyi tək şey xəyalları yox, zamandır.
Düşüncə tarixində mütəfəkkirlərin fikri müstəvidə aşa bilmədiyi əsas problem zamandır. Zamana dair dəqiq fikir formalaşdırmaq hələ də mümkün olmayıb, çətin ki, mümkün olsun. Bu elə bir məfhumdur ki, ətrafında gəzərkən ona dolaşırsan və sarmaşıq kimi səni özünə bürüyür. Etiraf etmək lazımdır ki, filosoflar zamanın içində ola-ola ondan danışmaqda israr edir, nəticədə düşdüklər quyudan çıxa bilmirlər. Ədəbi mühit çevrəsində dolananlar isə hər nə qədər sarmaşıqlara dolaşsalar da, sanki zamanın içi ilə kənarının kəşisməsindən onu dəyərləndirməyi bacarırlar. Təbii ki, çox az yazıçı zaman adlı quyuya enib oradan zaman qapısının açarını taparaq quyudan çıxa, zamanı qələmində əks etdirə, qələmində zamanın axarlılığını tuta bilib və o nadir yazıçılardan biri Çingiz Aytmatovdur[1].
Çingiz Aytmatov təkbaşına nəsrlə Sovet müstəmləkəçiliyinə qarşı sağlam təməl atan, mənliyin, milli kimliyin məhv edildiyi məhfumu dirildən, manqurt ifadəsini ədəbi çərçivələrlə bəzəyib onu azadlığa buraxan, ana və zəhmətkeş qadınların timsalında Şərq incisinin dəyərini göstərən, əsərlərində zaman və məkan keçidlərinin xaotikliyi içində nizamla keçmiş və gələcəyi sözlərlə bir-birinə çırpan, bunun müqabilində bütün prizmalarda əxlaqı əsas alan, gözlərin önündən süzülən fikirlərlə düşünməyə məcbur edən mütəfəkkirdir. O, məfhum yaradan yazıçıdır. Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərində mifik hekayələr və fantastik süjetlər daha çox marağa səbəb olub. Fəqət əsərin bütününün və Çingiz Aytmatovun qəsdi zamandır. Ümumiyyətlə, Çingiz Aytmatov zaman yazıçısıdır, mətni zaman üzərində qurulub. “Gün var əsrə bərabər” əsərinin adının özü, yəni “gün var əsrə bərabər” ifadəsi əsəri aşır, məzmunu vurub keçir, dərinliyinə enərkən onun təsir gücü beyini parçalayır, üzərinə fikirlər irəli sürüləcək mərhələlərə aparır. “Gün” Çingiz Aytmatov yazarkən tez-tez qələmini batırdığı ikinci mürəkkəb qabıdır. Onun günə xüsusi yer ayırmasının səbəbi uşaqlığında gördüyü şiddətli günlərdə, atasından ayrı düşməsində, atasının öldürülməsində, vətən xaini adlandırılmasında, onun adı ilə əzilməsində, insanların xoşbəxt, firavan, mehriban həyata doğru addım atmaqdansa geri çəkilərək fürsətləri hədər etməsini, birlikdə əmin-amanlıq içində yaşamaqdansa bir-birinə daş atmaqlarını görməsindədir. “Gün var əsrə bərabər” əsəri bir gün içərisində davam edir. Onlarla əhvalat sadəcə bir gündə əhatə olunur, amma bu bir gün keçib getmək bilməyən, axmayan zamandır, əsrə bərabər uzunluqdadır. Bəs niyə bu gün belə uzundur? Niyə Aytmatov günü əsrlə bərabərləşdirmişdi?
Ölüm… Aytmatov romanına bu dünyadakı zamanın sonu olan ölümlə, Yedigeyin dostu Qazanqapın ölüm xəbəri alması ilə başlayır. Qazanqapın son arzusu Yedigeyin onu Sarı Özəkdə dəfn etməsi idi. Dostunun xahişini yerinə yetirmək üçün yola düşən Yedigeyin bir günlük dünyası Çingiz Aytmatovun bu ifadəsinin arxa planını doldurur: “Gün gələr və insan başa düşər ki, yaşadığı hər şey yalandır”. Ölümün gələcəyi gün var və onun nə vaxt gələcəyi bilinməz, amma onun gələcəyi gün bu gündür. Növbəti hər gün bu gündür. Nə üçün o gün (bu gün) əsrə bərabər olsun ki?!.
İnsan gününü ilk günü, yeni doğulmuş kimi yaşamalıdır...
İnsan gününü son günü, ölümün çatacağı gün kimi yaşamalıdır...
İnsan keçmişi unutmamalı və gələcəyini insani prinsiplər üzərində inşa etməlidir.
Bu gün biz insanıqmı? Sabah, biri gün, o biri gün, bir sonrakı, bir sonrakı günlər – insan olacağıqmı?... Bax, əsas məsələ budur. Əbəs yerə Aytmatov “İnsan üçün ən çətin şey hər gün insan qalmaqdır” demir. Yedigey dəmiryolçudur, o hər gün qatarların gəliş və gedişini görür. Qatar zamandır, zaman da qatar kimi bəzən asta, bəzən sürətli, yırğalana-yırğalana keçib gedir. Yedigey qatarın son stansiyasına çatmış dostu üçün qatarına minərkən pəncərədən çirkin mənzərələri seyr edir: atasının son arzusuna xilaf çıxan gənci; kimliyi və mənliyi beynindən çıxardılaraq yaddaşı əlindən alınan gənci; dünyanın gələcəyini, birlik və bərabərliyini təhlükəyə atan gənci. Çingiz Aytmatov zaman qatarının pəncərəsindən insanların dünyanı saldıqları günləri gözlər önünə gətirir. Bütün çirkabı məhz 24 saatda dondurur və bu çirkabı təmizləmək üçün elə 24 saat verir.
24 saat... 24 saatda insan olduqmu? 24 saatda insanıqmı? 24 saatda insan olacağıqmı? Günün qədrini bil və onu əsrə bərabər etmə. Qədərin bu gündən asılıdır. Yeni gün başlayacaq və o yeni günlər də 24 saatlıq bu gündür. Ey yolçu, Yedigeyin getdiyi yolda göstərdiklərindənmi olmaq istəyirsən, göstərənlərdənmi?.. Günü əsrə bərabər olanlardanmı olmaq istəyirsən, əsri günə bərabər olanlardanmı?..
[1] Çingiz Aytmatov haqqında daha ətraflı bilgi üçün İpəkyolu nəşriyyatı tərəfindən nəşr edilən “Tariximizin Dahiləri” kitabındakı “Çingiz Aytmatov” adlı məqaləmə nəzər yetirə bilərsiniz.
* Çingiz Aytmatovun ədəbi burulğanına saldığı, dənizinin kənarında gəzdirdiyi və Sarı Özək çölündə düşündürdüyü üçün İrfan dərgisinə təşəkkürümü bildirirəm.
ŞƏRHLƏR