Qış möminin baharıdır
Əbu Səid əl-Xudridən (r.a) nəql olunduğuna görə, Allah Rəsulu (s.ə.s) belə buyurur: “Qış mövsümü möminin baharıdır”. (Əhməd b. Hənbəl, Müsnəd, III, 75)
Bahar təbiətdə diriliş və canlılıq demək olduğu və yayı müjdələdiyi üçün sevilən və arzulanan bir mövsümdür. Bu həqiqət istiqamətində qış mövsümünü “möminin baharı” olaraq göstərən hədisimiz bu mövsümü gecə və gündüzləri ilə qulluq baxımından daha yaxşı şəkildə qiymətləndirməyə çağırmaqda və bu yolla möminin həyatında mənəvi bir dirilişə vəsilə olmasını təşviq etməkdədir.
Demək olar ki, hər canlının qış yuxusuna yatdığı, yəni fəaliyyətlərinin müəyyən səviyyədə məhdudlaşdığı bir mövsümdə möminin oyanıqlığı və diriliyi, əlbəttə, ona yeni, təzə bir bahar yaşatmış olacaqdır. Hədisin başqa nəqlində bu əlavəyə yer verilməkdədir: “Gecəsi uzundur, onu ibadətlə əhya edər (canlandırar); gündüzü qısadır, onu da oruclu keçirər”. İmam Deyləminin Abdullah ibn Məsuddan (r.a) mərfu olaraq nəql etdiyi hədisdə də belə buyurulur: “Qış mövsümünə mərhəba! Onda rəhmət vardır, ibadət edən üçün gecəsi uzun, oruc tutan üçün də gündüzü qısadır”. Ənəs bin Malikdən (r.a) nəql olunan hədisdə isə: “Qış orucu soyuq qənimət (və ya abidlərin qəniməti)dir”,[1] - buyurulmaqdadır.
Bu hədislər möminliyinin qiymətini bilib Allaha qulluğa və ibadətə əhəmiyyət verən, dini həyat baxımından “qara qış” günündə bir “bahar” yaşamaq istəyənlər üçün qış mövsümünün hansı cəhətdən möminin baharı olduğunu izah etməkdədir.
Qış mövsümünün mömin üçün bahar olması gecələrinin namaz, gündüzlərinin də oruc üçün daha rahat və əlverişli olması ilə izah olunur. Bu izah digər mövsümlərə müqayisə ilə ümumi və doğru bir qiymətləndirmədir. Əsas olan qış mövsümünün imkan verdiyi fürsətin fərqində ola bilməkdir. Həmçinin bilindiyi kimi: “namaz dinin dirəyidir”. Uzun qış gecələrində dinin dirəyi olan bu ibadəti artırmaq möminə bahar dirilişi və bərəkəti qazandıracaqdır. Keçmiş ehmalkarlıqların düzəldilməsi, zikr, tövbə və istiğfarlar, Quran qiraəti və Allah rizası üçün qılınacaq nafilə namazlar və s. kimi ibadətlər mömin üçün yuxusuz qalma narahatlığı olmayan qış gecələrinin qazancı olacaqdır. Bu isə qış gecələrində qulluq cəhətindən qüvvətlənmək, yaya və biçinə hazırlaşmaqdır.
“Oruc qalxandır”, amma çətin ibadətdir. Çünki gün boyu davam etməkdədir. Mömini hər cür pislikdən qoruyan belə bir ibadət -daha qısa müddətdə yerinə yetirilə bilməsi və orucu saxlama asanlığı ilə birlikdə- nəticə baxımından digər günlərdə tutulan oruclardan əsla fərqli deyil. Bu asanlıq “gündüzləri saim, gecələri qaim” mömin olmaqda böyük imkan qazandıran bir ünsürdür. Bu da heç bir zaman kiçik görülməməlidir. Oruc borclarının ödənməsi və daha çox nafilə oruc tutulması hər zamandan çox bu günlərdə həyata keçirilməlidir.
Bunlarla birlikdə “uzun və soyuq qış gecələri”nin uzununu qısaldan və soyuğunu daha da artıran televizor bəlasını da nəzərə alsaq, hədisimizin təsbit və təşviqinin əhəmiyyəti qat-qat artar. Keçmişdə yerli, milli və dini mədəniyyətin çatdırılması istiqamətində yaşanan (əhəmiyyət göstərilən) uzun qış gecələri, çox təəssüf ki, bu zamanımızda televiziya vasitəsi ilə xarici və xristian mədəniyyətlərin mentalitetinin təbliğ edildiyi zamanla əvəz olunmuşdur. Televizor başında hədər edilən bir qış mövsümü ilə, əlbəttə, hədisimizdə diqqət çəkilən “bahar”a qovuşmaq olmaz. O halda indi, gecə və gündüzlərə daha xüsusi bir diqqətlə sahib çıxma zamanıdır. Əlbəttə, bunun millətcə və ümmətcə alınacaq tədbirləri və fərdi şəkildə inkişaf etdiriləcək tədbirləri vardır. “Bahar”larının ağla sığmayan lazımsız fəaliyyət və məşğuliyyətlərlə hədər edildiyini görən möminlər hər halda işə bu nöqtədən başlamağı daha çox gecikdirməyəcəklər.
Hədisi-şəriflərdəki təsbiti, yəni qış mövsümünün bahar olma şansını həm bu imkanı fürsətə çevirərək gözəl yaşamaq, həm də televizor/internet bəlası və kirliliyi ilə hədər etmə zərərləri ilə birlikdə düşünmək, yəqin ki, vəziyyəti bütün ziyanı və açıqlığı ilə göz qabağına sərmək üçün yetməkdə və başqa sözə gərək qalmamaqdadır.
Allah mömin könüllərin və mömin evlərin/ailələrin yardımçısı olsun.
[1] Bütün bu hədislər üçün bax. əl-Acluni, Kəşful-xafa, II, 5.
ŞƏRHLƏR