SUAL? - CAVAB!
Sual: İslam dininə görə borclu və borc verənin riayət edəcəyi əxlaq normaları haqqında məlumat verə bilərsinizmi?
Cavab: Qeyd edək ki, sözügedən mövzu ilə bağlı müxtəlif ayə və hədislər vardır. Burada ayə və hədislər kontekstində bir neçə əxlaq normalarını qeyd etməyə çalışacağıq:
- Borclu hər bir halda aldığı borcu müəyyən edilən vaxtda qaytarmalıdır.
- Borc verən borcunu təyin olunan vaxt gəlmədən əvvəl tələb etməməlidir.
- İmkanı olan borclunun borcunu müəyyən edilən vaxtda qaytarmaması İslam dinində zülm hesab edilmişdir.
- Əgər borclu borcunu qaytarma vaxtı gəldikdə onu qaytara bilmirsə, borc verən ona möhlət verməlidir. Hətta imkansız olduğu təqdirdə verdiyini ona sədəqə kimi bağışlaması məqsədəuyğun davranış hesab olunmuşdur.
- İslam dini borclunun borcundan qurtula bilməsi üçün onun zəkat almasına icazə verir.
- Bundan əlavə, vurğulamaq lazımdır ki, İslam dinində borc müqaviləsində tərəflərdən birinin xeyrinə qoşulan hər hansı bir mənfəət şərti birmənalı olaraq qadağan edilmişdir.
Sual: Sələmçiliklə məşğul olmağın ticarətdən fərqi nədir? Nə üçün Qurani-Kərimdə faiz və ticarətin bir-birindən fərqli olduğu vurğulanır?
Cavab: Əvvəla, qeyd edək ki, İslam dini sələmin/faizin halal bir qazanc yolu olmadığına, faiz və ticarətin bir-birindən fərqli olduğuna diqqət çəkmiş və beləliklə də, faizin, yəni sələmçiliyin haram, ticarətin isə halal olduğuna hökm vermişdir (Bax: əl-Bəqərə, 2/275). Qeyd edilən bu fərqi İslam alimləri belə izah etmişlər:
- Borc verilən pul həyata keçirilən əməyin məhsuludur. Çünki onun əldə edilməsi üçün əmək sərf edilmişdir. Lakin borc verənin verdiyi borcdan əlavə olaraq aldığı miqdarın hər hansı bir qarşılığı yoxdur və buna görə də əməksiz, yəni səbəbsiz və haqsız bir qazanc əldə etmək məqsədi daşıyır.
- Faiz bir əşyanı və yaxud bir evi kirayə verənin aldığı kirayə haqqı kimi hesab edilmir. Belə ki, kirayə müqaviləsində kirəkeş tərəfindən istifadə edilən ev, obyekt və ya avadanlıq kirayə müddəti ərzində köhnəlir, lakin borc müqaviləsində borc verənin əmək sərf edərək yığdığı pul qoyulan müddətin sonunda olduğu kimi geri qaytarılır. Çünki pul heç vaxt köhnəlmir. Təbii ki, pulun borclunun əlində devalvasiyaya məruz qalması tamamilə başqa bir məsələdir. Həmçinin istehsalat üçün nəzərdə tutulan cihazlar və avadanlıqlar kirayə verilərək istehsalat prosesində istifadə edilə bilər. Lakin kapitalist iqtisadiyyat sistemindən fərqli olaraq İslam iqtisadiyyatına görə, sərmayənin istehsalat cihazı və avadanlığı kimi qəbul edilərək kirayə verilməsi düzgün hesab edilməmişdir. Belə ki, istehsalat üçün nəzərdə tutulan avadanlığın istifadəsi nəticəsində onda köhnəlmə baş verir. Lakin borc alınan pul vaxtı gəldikdə eynilə geri qaytarılır və borc alanın istifadəsi nəticəsində onda hər hansı bir köhnəlmə baş vermir. Çünki borc müqaviləsinə əsasən borclu borcu geri qaytarma vaxtı gəldikdə aldığı pulu olduğu kimi sahibinə geri qaytarır.
- Faizi borc olaraq verilən sərmayənin geri qaytarılmama riski və təhlükəsi müqabilində alınan bir əvəz kimi qiymətləndirib səbəbsiz və haqsız bir qazanc olmadığını iddia etmək də məntiqli deyil. Çünki İslama görə, halal qazanc risk və təhlükə qarşılığında yox, əmək qarşılığında əldə edilən qazancdır.
- Faizin sərmayə sahibinin borc olaraq verdiyi sərmayədən bir müddət istifadə edə bilməməsi və bunun müqabilində borc alanın həmin pulla iş görərək qazanc əldə etməsinin qarşılığında alınan bir məbləğ, yaxud sərmayə sahibinə verilən bir mükafat olduğunu iddia etmək də düzgün deyil. Çünki məcburi şəkildə borc alanlar (kredit götürənlər) ehtiyaclarını aradan qaldırmaq və yaxud müalicə ola bilmək üçün borc aldıqda burada hər hansı bir qazancdan söhbət getmir və bu səbəbdən sözügedən anlayışı hər kəsə şamil etmək qeyri-mümkündür.
Nəticə etibarilə, İslam dininə və onun hüquq düşüncəsinə görə, insanın əməyinə söykənən qazanc halal, digərləri isə haram qazanclardır. Çünki halal qazancın bir çox yolu olsa da, buradakı əsas anlayış ortaya qoyulan və sərf edilən “əmək”dir.
ŞƏRHLƏR