Bir ayə

Bir ayə

بسم الله الرحمن الرحيم

إِنْ يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِثْلُهُ وَتِلْكَ الْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللهُ الَّذِينَ آمَنُوا وَيَتَّخِذَ مِنْكُمْ شُهَدَاءَ وَاللهُ لَا يُحِبُّ الظَّالِمِينَ

“Əgər siz (Uhud döyüşündə) bir yara almışsınızsa, o biri (kafir olan) dəstə də (Bədr döyüşündə) buna bənzər bir yara almışdı. Bu günləri insanlar arasında növbə ilə dəyişdiririk (bəzən bu dəstəyə, bəzən də o biri dəstəyə zəfər nəsib edirik) ki, Allah iman gətirənləri (digərlərindən) ayırd etsin və içərinizdən şahidlər tutsun. Allah zülm edənləri sevməz”. (Ali-İmran, 3/140)

 Bu ayənin səbəbi-nüzulu haqqında İbn Abbasdan (r.ə) nəql edilən bir rəvayətə görə, Uhud döyüşü günü müsəlmanlar məğlub olub Həzrət Peyğəmbərlə (s.ə.s) birlikdə bir dağa sığındıqları zaman müşriklərin liderlərindən Əbu Süfyan aşağıdan: “Ey Muhamməd! Müharibə belədir: Bir gün bizə, bir gün sizə!” – deyə səslənmiş, bir müddət müsəlmanlarla söz davası etdikdən sonra: “Növbəti döyüş məkanımız “Bədri-süğra” olsun”, - deyib getmişdi. Bu səbəbdən yuxarıdakı ayə nazil olmuşdur (Təbəri, “Camiul-bəyan”, IV, 69).

Təfsir alimləri bu ayədə Həzrət Peyğəmbərin (s.ə.s) dövründəki müsəlmanlar və müşriklər arasında baş verən Uhud döyüşü ilə Bədr döyüşünün müqayisə edildiyi qənaətindədirlər. Belə ki, Bədr döyüşündə müsəlmanlar qələbə çalmış, lakin daha sonra baş verən Uhud döyüşündə müşriklər qalib gəlmişdilər. Müşriklər Allah onları sevdiyi üçün yox, məhz səbir və əzmkarlıqla döyüşdükləri üçün zəfər əldə etmişdilər. Bu, Allahın yer üzündə qoyduğu bir qanundur ki, buna qısaca “sünnətullah” deyilir. Allah-Təala bu qanunu dünyada insanları imtahan edərək çətinlik anında səbir edənlərlə nankorluq edənləri bir-birindən ayırmaq üçün qoymuşdur. Yəni zəfər və müvəffəqiyyət bir gün lehimizə, bir gün əleyhimizə ola bilər. Bir gün üzülər, bir gün sevinərik. Çünki dünya həyatının ləzzəti də, acısı da daimi deyildir. Daimi olan ləzzət və acı axirət yurdundadır.

Bir qisim təfsirçilər bu ayeyi-kərimə barəsində səbəbi-nüzulundan ayrı olaraq ümumi fikirlər də səsləndirmişlər. Belə ki, bu ayə ilə dünyada gücün hər dəfə bir cəmiyyətdən başqa bir cəmiyyətə keçdiyinə işarə olunur. Dünya həyatında hökmranlıq davamlı surətdə yer dəyişdirir və bir qövmdən başqa bir qövmə keçir. Dünyadakı sıxıntılar və ya firavanlıq daimi deyildir. Uca Allah məşəqqətləri də, xoşbəxtlikləri də bəzən kafirlərə, bəzən də möminlərə nəsib edər.

Nəticə etibarilə, bir mömin maddi rəfah əldə etdiyində və ya zəfərə nail olduğunda qürrələnməməli, başına bir müsibət gəldiyində və ya məğlub olduğu zaman isə kədərlənib ruhdan düşməməlidir. Çünki bütün bunlar imtahan vəsiləsidir və Uca Allahın iradəsi altında daima yer dəyişir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz