ZƏİF HALQA

ZƏİF HALQA

Canavar sürüsü uzun bir səfərə çıxmışdı. Qarşılarındakı qarlı dağı aşaraq daha münbit torpaqlara, qoyun-quzusu, ceyran-cüyürü bol otlaqlara qovuşacaqlarını umurdular. Aralarında, daha doğrusu, cərgənin lap axırında xeyli yaşı olan, qoca bir qurd da vardı. Boz tüklərinin və iti dişlərinin çoxu tökülmüş, necə deyərlər, heyi qalmamışdı. Nə digərləri kimi ovlana bilirdi, nə də qidalana. Amma sürü hara getsə, o da dallarıyca gedirdi. 

Qarlı dağların yamaclarına dırmaşarkən cavan qurdlardan biri başçıya təklif etdi: “Qoca bizi ləngidir, fikrimiz həmişə onda qalır. Ondan qurtulsaq, daha sürətli hərəkət edərik”. Başçı dedi: “Qarşıda bizi nəyin gözlədiyini bilmirik. İtirəcək nəfərimiz yoxdur. Ən azı dar gündə yeməyimiz olacaq”.

Özümüzü heyvanlarla, hələ bir də canavarla müqayisə etmək insan oğluna, ələlxüsus da adı  ilə sülh aşılayan, sülhə tərəfdar olan, salamatçılıq gətirən “müsəlman”a heç yaraşmaz. Amma ən azından hekayənin verdiyi mesaja tərsdən baxaraq bəzi yerlərindən müəyyən dərslər çıxartmaq olar. Nə də olsa, insanların canavarlaşdığı, bir-birini gəmirdiyi, quyu qazdığı, varını-yoxunu əlindən almaq üçün dəridən-qabıqdan çıxdığı bir dövrdə yaşayırıq. Deyəcəksiniz ki, hərə özünə görə haqlıdır (!). Bu da günün ayrı bir problemidir. Hər kəs özünü haqlı gördüyü üçün dünyadakı “haqq” sayı yeddi milyardı ötüb. Belə baxanda, tarix boyu dava-dalaşsız, problemsiz bir günümüz olubmu?

Olmayıb. Ona görə də Ulu Yaradan zaman-zaman nəfəs dərək, doğru yolu görək deyə elçilər – peyğəmbərlər və kitablar göndərib. Onların kölgəsində insanlıq nəfəs dərib, özünə gəlib, yenilənib. Qəriblər, kimsəsizlər onların hənirinə yığışıb, aclar, yolda qalmışlar onların süfrəsinə axışıb. Nəticə olaraq insanlıq üçün böyük bir iz qoyub, haqqın səsini dilləndirən o rəhbərlər. Bəs biz onların çağırışına nə qədər qulaq veririk, nə qədər onları eşidirik?!

Eşitmirik. “Möminlər bir binanın daşları kimidir, bir-birinə arxa olar, bir-birini möhkəm tutub saxlayar” buyuran, “Möminlər bir bədənin üzvləri kimidir, biri ağrısa, sancılansa, digərlərini də yuxu tutmaz, narahat olar” buyuran, “Mömin olmadıqca cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə də mömin ola bilməzsiniz” xəbərdarlığını edən peyğəmbəri sanki eşitmirik. “Şübhəsiz ki, möminlər qardaşdır, onların arasını düzəldin” buyuran, “Sən əfv yolunu seç, yaxşı işləri məsləhət bil, onların hərəkətinə fikir vermə” buyuran, “Hamılıqla Allahın ipinə sarılın, ayrılığa düşməyin” buyuran ilahi kitabı sanki oxumuruq. Oxusaydıq və oxuduğumuzu eşitsəydik, bu gün üst-üstə yığılan binalarda könüllər arasında fərsəx-fərsəx məsafələrdə itib-batmazdıq.

Batırıq, hər gün tonlarla günaha batırıq, əlimiz bala batırmış kimi. Bir-birimizin qəbahətlərini, əskiklərini, keçmişdəki və indiki nöqsanlarını tapıb aşkar etməyi böyük bir məharət və ictimai məziyyət saymağa başladıq. “Siz bir-birinizin eyiblərini örtün, Allah da axirətdə sizin eyiblərinizin üstünü açmasın” buyuran ülvi çağırışı eşitmirik. Dilimiz, maşallah, heç dayanmır. Ağzımızdan çıxan hər bir sözün bir gün qarşımıza dikilib əleyhimizdə şahid duracağını bilsəydik, bəlkə də, onu kəsib atardıq. Qulaqlarımız batıb sanki, kapitalist zehniyyətin dəyərləri dəyərsizləşdirən hay-küyündən. Başımızın iki yanındakı qızarmayan qulaqlarımız deyil, can qulağımız, qəlb qulağımız batıb, günaha qarşı həssasiyyəti itib, refleksi keyləşib.

Keyləşən könüllərimizin donmuş bəsirətini məhşər qızmarından əvvəl açmaq üçün nələr edə bilərik, düşünməli deyilikmi?! Hər kəs özünün cənnətlik olacağını, Allahın əfv və mərhəmətinə nail olacağını uma bilər. Bəs yaxşı, özləri ibadət etdikləri halda Allaha asi olmuş qövmləri ilə birlikdə həlak olanların qissəsini tərəzinin hansı gözünə qoyaq? Onlar da özləri haqqı bildikləri halda digər insanların haqqa yönəlmələri, həqiqəti görmələri üçün narahat olmayan, tükləri ürpərməyən, fədakarlıq etməyi düşünməyən, demək olar ki, bizim kimi insanlar deyildimi?..

Biz ki, günah bataqlığına düçar olmuş bir insana quyuya düşmüş, köməyə möhtac biri kimi baxaraq əl uzatmağı, onu xilas etməyi tövsiyə edən bir mədəniyyətin uşaqlarıyıq. Uca Allah Quran ipi ilə bizi bir zəncirin halqaları kimi bir-birimizə bağlayıb bir-birimizə əmanət etdi. Quyuya düşmüş qardaşlarımıza Quran ipini uzadıb onları zülmətdən nura, irfanın aydınlığına dəvət etməli deyilikmi?! Bu uzun zəncirin nazilmiş, pas tutmuş, çatlamış zəif halqasını qopardıb atmağa əsla haqqımız yoxdur. Əksinə, hər iki qolundan möhkəm tutmalıyıq ki, nə zəncir qırılsın, nə də o halqa zəncirdən qopub öz kimliyini itirsin.

İnsan cəmiyyətinin günü-gündən bir-birindən izolyasiyaya məhkum edildiyi müasirlik ənənəsinə, bu azmış kimi, bir də koronavirus pandemiyasında fərdi təcrid tədbirləri də əlavə olunanda insanın olan-qalan səmimiyyət duyğuları da solub qurumaqla üz-üzə qaldı. Qarşımızdakı badirəni keçməli olduğumuz, susuzluqdan çatlamış böyük bir səhra və ya aşmalı olduğumuz hündür, başı qarlı, sıldırım qayalıqlı dağlar kimi təsəvvür edə bilərik. Amma bu şərtlər bizi əsla bir-birini yeyən qurd sürüsünə çevirməməlidir!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz