QURANDA UŞAQ TƏRBİYƏSİ

QURANDA UŞAQ TƏRBİYƏSİ

Təqva sahibi hər bir müsəlman bütün işlərini Quran və Sünnəyə görə müəyyən etməkdə, onun buyruqlarını həyatının mərkəzinə alaraq tətbiq etməkdədir. Çünki Rəbbimiz həyat kitabımız olan Qurani-Kərimdə hər işimizdə bizə doğru yolu və metodu göstərmişdir.

Qurani-Kərimi oxumağa başladıqda qarşımıza çıxan ilk ayələrdən biri: “Bu Kitabda heç bir şübhə yoxdur! O, təqva sahiblərinə doğru yolu göstərən bir Kitabdır”, (əl-Bəqərə, 2) - bəyanıdır. Rəbbimiz kitabında hər işdə yol göstərdiyini və bu yolun bütün insanların ehtiyacını qarşılayacaq keyfiyyətdə olduğunu vurğulamaqdadır.

Müsəlmanların bəzən işlərində uğursuz olmaları və ya problemlərlə qaşılaşmaları aldıqları tədbirlərin yetərsiz olmasına görədir.

Bütün işlərimizdə bizə yol göstərən kitabımız Qurani-Kərim ailə və uşaq tərbiyəsi mövzusunda da doğru yolu göstərməkdə, tərbiyə metodlarını açıqlamaqdadır. Uşaq tərbiyəsi mövzusunda nələrə diqqət edilməsi, uşağa necə xitab ediləcəyi və uşağa nəsihət edərkən hansı ardıcıllığa riayət edilməli olduğu kimi bir çox məsələdə Hz. Loğmanın (ə.s) oğluna nəsihəti bizə nümunə olaraq təqdim edilmişdir.

Hz. Loğmanın (ə.s) peyğəmbər, övliya və ya saleh kimsə olduğu xüsusunda alimlərimizin müxtəlif görüşləri var. Allah-Təala yüzlərlə peyğəmbər və saleh kimsələrin yaşadıqları bu qədər hadisələr arasından Hz. Loğmanın oğluna etdiyi nəsihəti kitabında qeyd etmişdir. Bu, Hz. Loğmanın kim olmasından asılı olmayaraq uşaq tərbiyəsinin nə qədər əhəmiyyətli olduğunu göstərir.

Gəlin bu ayələrə nəzər salaraq kitabımızda bizə bildirilən metodlarla tanış olaq:

          “Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)”. (Loğman, 13)

Ayənin bu qismində diqqətimizi çəkən mühüm bir xüsus var: Bir Peyğəmbər belə olsanız, övladlarınızın təlim-tərbiyəsi və əxlaqından məsulsunuz. Heç bir status, iş, vəzifə və məşğuliyyət sizi bu məsuliyyətdən azad etmir.

Uşaq tərbiyəsində ən mühüm məsələlərdən biri uşaqları əzizləmək, onlara müraciət edərkən “oğlum, balam, qızım” kimi şəfqət və sevgimizi ifadə edən bir üslubla yanaşmaqdır. Bəzi valideynlər uşaqlarının islah olmayacağını, çox yaramaz və əxlaqdan yoxsul olduqlarını söyləyərək onlara xoş sözün yaramadığını desələr də, kitabımız Quran onların bu yanaşmasının yanlış olduğunu söyləyir. Qurani-Kərimdə Hz. Nuhun qissəsində Nuh (ə.s) da, oğlu kafirlər arasında olmasına baxmayaraq, ona “oğlum, balam” deyə müraciət etmiş, onun qurtuluşu üçün son ana qədər çalışmışdır.

Ayədə Loğman (ə.s) oğluna ilk nəsihət olaraq “Allaha şərik qoşmamağı” öyrədir. Bu, uşaq tərbiyəsində ilk addımdır. Bu gün gənclərimizin və övladlarımızın əlimizdən çıxaraq yanlış ideologiyalara yönəlməsinin səbəbi onların inanc təməlinin düzgün və sağlam qoyulmamasından qaynaqlanır.

          “Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etmişik. Anası onu çətinliklərə dözərək bətnində daşımışdır. Onun süddən kəsilməsi də iki il ərzində olur. Mənə şükür et və ata-anana təşəkkür et! Axır dönüş Mənədir”. (Loğman, 14)

          Ayənin davamında Loğman (ə.s) oğluna ikinci nəsihət olaraq “ata-anaya  hörmət göstərməsini” söyləyir. Bu, uşaq tərbiyəsində növbəti mərhələdir. Uşaqları ata-analarına və böyüklərinə qarşı hörmətkar yetişdirmək onların gələcəkdə yerini bilən, nəsihət dinləyən biri olmalarına və şəxsiyyət kimi formalaşmalarına zəmin yaradacaqdır. Ailədən qopmuş, valideyni saymayan uşağın hər cür təsirə rahatlıqla düşmə ehtimalı var.

          “Şübhəsiz, (etdiyin yaxşı və ya pis bir iş) xardal dənəsi ağırlığında olub bir qayanın içində, yaxud göylərdə və ya yerin içində olsa belə, Allah onu (sənin qarşına) gətirər”. (Loğman, 16)

Ayədə uşaqlara vicdan duyğusunun verilməsi məsələsinə diqqət çəkilir. Allah inancı olan biri oğurluq etməz, başqasının haqqını tapdamaz, insanların görmədiyi yerlərdə belə onu görən bir varlığın olduğunu bilər.

“Ey oğlum, namaz qıl, yaxşı işlər görməyi əmr et və pis işlər görməyi qadağan et! Başına gələn müsibətlərə də səbir et! Həqiqətən, bunlar əzmkarlıq tələb edən işlərdir”. (Loğman, 17)

Burada övladlarımıza namaza təşviq ilə yanaşı, yaxşı işlər görməyi və pis işlərdən də çəkinməyi öyrətməli olduğumuzu görürük. Ayənin sonunda isə müasir insanın bəlkə də ən çox ehtiyacı olan məsələyə, “səbir etməyə” vurğu edilir. Hər işdə səbir mütləqdir. Xüsusən də gənc yaşlarda yanlış yola düşməmək, ata-anaya itaət, dərs çalışmaq, başqalarının sataşmalarına baş qoşmamaq kimi xüsuslarda səbir xarakterin inkişafında mühüm rol oynayır.

Qısası, Rəbbimiz bu ayələrdə diqqətimizi bir daha ən böyük vəzifəmiz olan ailə və uşaqlarımızın təlim-tərbiyəsinə çəkərək bu məsuliyyəti bizə xatırlatmış və bunun öhdəsindən necə gələcəyimizi bir peyğəmbərin övladına nəsihəti ilə izah etmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz