ÜNSİYYƏT PSİXOLOGİYASINDA SALAM
Salamatlıq Səndəndir, bəxş et onun tamını,
Şəbnəm kimi toxundur qəlbimə salamını...
İnsan bu dünyaya gəldiyi gündən etibarən bir tamlıq axtarışı içərisindədir. Ana bətnindən ayrılıb natamam dünyaya gələn insan ana bətnindəki tamlığı bu dünyada da axtarmağa davam edir. O, davamlı olaraq əbədi var olanla birləşmək arzusu içərisində yaşayır. Dünyadakı natamamlıq hissi davamlı olaraq onu narahat etdiyi üçün təkbaşına var olmağa çətinlik çəkir. Hər zaman başqalarının gözündə var olmağa çalışır və başqalarının dəyərləndirmələri ilə həyatda qalmağa davam edir. Bu birlik və bərabərlik şüuru isə ünsiyyətlə öz mümkünlüyünü qoruyub saxlayır. Ümumi mənada insan sosial varlıq olduğu üçün ətrafındakı başqa insanlarla qurduğu ünsiyyət onun həyatında önəmli rol oynayır. Qurulan ünsiyyətin keyfiyyətinə uyğun olaraq da insanın mənəvi və maddi dünyası bu hadisədən təsirlənərək müsbət və ya mənfi mənada inkişaf edir.
Son dövrlərdə texnoloji və iqtisadi inkişafın paralelində insan özünə və ətrafındakı insanlara yadlaşmağa və mənəvi boşluğunu hiss etməyə başladı. Nəticədə, insanlar arasındakı ünsiyyət həddindən artıq zəifləyib öz yerini asosiallığa və depressiyaya buraxdı. Xüsusilə pandemiya dövründə insanların öz qabıqlarına çəkilməsi nəticəsində sosiallaşma prosesi növbəti bir zərbəni almış oldu. Bu müddət ərzində insan və insanlıq hər nə qədər özünə dönüb özü ilə baş-başa qalmağa çalışsa da, bu yalnızlıq psixologiyası onda sosiallığın xoşbəxtliyini yaşada bilmədi. Dünyada hər şeyə sahib olduğu halda özündən və özlüyündən çox şeyi qurban verdiyini anlamağa başladı.
Bu gün xüsusilə Qərb cəmiyyətində və ölkəmizdəki böyük şəhərlərdə əsas psixo-sosial problemlərdən biri, demək olar ki, insanlar arasındakı ünsiyyətin yoxa çıxması və insanların bir-birilərindən uzaqlaşmasıdır. Yadlaşma (alienation) termini psixoloji ifadə olaraq “başqalarına qarşı yad münasibət bəsləmək, başqalarından ayrılmaq və başqalarına qarşı isti münasibətin olmaması” duyğusudur. Yadlaşma fərdin yaşadığı cəmiyyətə, öz nəfsinə və ya nəfsinin müxtəlif hissələrinə yönəldilə bilər.
Ümumiyyətlə, insanlarda əsas 3 fərqli yadlaşmadan bəhs etmək mümkündür. Bunlardan birincisi, fərdlərarası yadlaşma (sosial və mədəni yadlaşma), ikincisi, fərdin özünə qarşı yadlaşması, sonuncu və üçüncüsü, fərdin metafiziki hadisələrə qarşı yadlaşmasıdır (dini yadlaşma). Qeyd etdiyimiz bu yadlaşma anormallıqlarından qurtulmaq üçün isə əlimizdə icra edilməsi o qədər də çətin olmayan vasitələr var. Bu vasitələr içərisində ən effektivi isə müəyyən mənada sekulyar, ümumi mənada isə dini cəmiyyətlərin fərdləri arasında var olan salam anlayışı və ənənəsidir.
Yəqin ki, hər birimiz qəbul edərik ki, cəmiyyətimizdə uğurlu ünsiyyətin əsasını dini ənənə olaraq salam və salamlaşma hadisəsi təşkil edir. Qarşındakı insana verilən salam ilkin mənada ona qarşı xoş niyyətini və müsbət duyğularını ifadə edir. Etimoloji olaraq sülhü, salamatçılığı, hüzuru təmsil edən salam ifadəsi başqalarına qarşı sənin ilk müsbət münasibətini göstərir. Salamlaşmaq, eyni zamanda, qarşındakı insana ediləcək ən gözəl dua rolunu oynayır. Yuxarıda qeyd etdiyimiz üç fərqli psixoloji yadlaşma hadisəsinin də aradan qaldırılmasında salamlaşmaq müstəsna rol oynayır. Belə ki, insanın qonşuları, iş yoldaşları və ya tanımadığı insanlarla belə qarşılaşdığı zaman onlara salam verməsi fərdlər arasındakı yadlaşmanın meydana gəlməsinin qarşısını mütləq şəkildə almağa qadirdir. Bundan sonrakı mərhələdə sosial münasibətləri normallaşan fərd özünə qarşı yadlaşmanın da azaldığını hiss edər və nəticə olaraq Allahın salam ismi ilə insanlarla ünsiyyət quran fərd metafizik, yəni dini yadlaşmasının da qarşısını almış olar.
Salamlaşmağın insanlar arasındakı ünsiyyətdə müsbət təsirlərini diqqət mərkəzində saxlayaraq Allah-Təala Qurani-Kərimdə bu həqiqəti bu şəkildə ifadə edir:
“Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən girməyin. Bu, sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb ibrət alasınız”. (ən-Nur, 24/27)
Bütün hərəkət və davranışları ilə müsəlmanlara örnək olan, istər öz ailə üzvləri, istər əshabı, istərsə də başqa dövlət və qəbilə rəhbərləri ilə qurduğu münasibətlərində bütün bəşəriyyətə nümunə olan Hz. Muhamməd (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Mömin olmadıqca cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədiyiniz zaman da iman etmiş olmazsınız. Sizə etdiyiniz zaman sevinəcəyiniz və bir-birinizi sevəcəyiniz bir əməl söyləyimmi? Aranızda salamı yayın!” (Müslim, İman, 93)
Son olaraq onu qeyd edə bilərik ki, həm dini, həm də psixo-sosial nöqteyi-nəzərdən salamlaşmaq insanlar arasındakı sosial münasibətlərin müsbət mənada formalaşmasında əhəmiyyətli rol oynayır. Odur ki, özünüzü yalnızlıqdan qurtarmaq və ətrafınızdakı insanlarla xoş münasibət qurmaq istəyirsinizsə, salamı aranızda yaymağı və salamlaşmağı heç bir zaman dilinizdən və könlünüzdən əskik etməyin. Unutmayın ki, bir salamla dərdlər azala, könüllər fəth oluna bilər!
ŞƏRHLƏR