Haqqı axtarmaq
Bir dəfə xanla qoca abid görüşdü. Xanın əhvalı yaxşı idi, odur ki, rəiyyəti ilə söhbət etmək qərarına gəldi.
- Bilirsən, cavanlıqda mən də haqqı-həqiqəti çox axtarardım. Amma tədricən bu hisslər harasa yox oldu. Dövlət işləri, xəzinənin problemləri, düşmən həmlələri, ailə, övladlar... Artıq heç nəyə marağım qalmayıb. Deyirəm, bəlkə, hardasa haqqı tapmışam, amma heç özümün də xəbəri olmayıb. Sən nə düşünürsən?
Abid uzaqda görünən dağlara əlini uzadaraq söylədi:
- Bir bax, xan, gözəl deyilmi?
- Çox gözəldir, Allah necə də möhtəşəm yaradıb!
- O yoldakı böyük qayanı da görürsən? Gəl onun arxasına keçək, dağın gözəlliyini oradan seyr edək.
- Nə danışırsan, qoca? O qayanın arxasından dağı görmək mümkün deyil!
- Bax, xan, sən də belə etmisən. Elə yeri seçmisən ki, oradan nəinki haqqı görmək, heç onun axtarışına çıxmaq belə mümkün deyil.
Bəzən insanlar haqq-ədalət axtarışına çıxırlar. Haqq aşiqləri olduqlarını, həqiqət axtarışında olduqlarını hər yerdə car çəkirlər. Hərdən onlara elə gəlir ki, haqqı tapıblar. Amma haqla aralarında nəhəng qaya parçası olduğunun heç fərqinə də varmırlar.
Bulkasatan
Bulka almaq üçün sıraya girdim. Növbədə həddən artıq çox adam var idi. İyirmi dəqiqədən çox gözlədim. Tam önümdə bir qız uşağı və atası dayanmışdı. Atası köynəyini boğazına qədər düymələmişdi. Çox təmiz geyindiyi bəlli olurdu, ancaq paltarları bir az köhnə kimi idi. Ayaqqabıları da köhnə yay ayaqqabısı olsa da, bahalı olduğu hiss olunurdu. Bilinirdi ki, vaxtilə imkanlı adam olub.
Uşaq hər dəqiqə: “Ata, nə oldu, bizə növbə çatmadımı, mən acdım”, - deyirdi. Sonunda növbə onlara çatdı və ata bir bulka istədi. Uşaq narazı halda: “Ata, mən kişmişli olanından istəyirəm”, - dedi. Atası “Sus qızım! Olmaz!” deyərcəsinə qaşlarını qaldırdı. Əlindəki bir neçə qəpiyi uzadarkən qəpiklərdən biri yerə düşdü və diyirlənərək masanın altına girdi. Adam diz çöküb götürməyə çalışarkən bulkasatan:
- Dəymə, qardaş, narahat olma, vacib deyil! - dedi.
Ata utancaq halda:
- Başqa pulum yoxdu, əskik oldu, üzrlü sayın, haqqınızı halal edin! – deyəndə bulkasatan:
- Siz masaya oturun, mən özüm isti-isti gətirəcəyəm, - dedi.
Adam pulu əskik verməyin utancı ilə ən küncdəki masaya oturdu.
Mən də bu arada bulkamı alaraq yan masaya oturdum. Çay sifariş verdim. Bu arada baş verənləri və bulkasatanın hərəkətlərini də izləməyə davam edirdim.
Nə isə, bulkasatan içəridən çıxıb həmin masaya doğru yaxınlaşdı. Əlində çox etina ilə hazırlanmış iki boşqab vardı, içində də hər şey; uşağın istədiyi kişmişli bulka, şirniyyat və s. Çaylar da gəldi və bulkasatan da həmin masaya əyləşdi.
Diqqətlə izləməyə davam edirdim. Öz-özümə “adam neçə ildir bu işdə işləyir, kimin dilənçi, kimin ac olduğunu bilir və yanılmır” dedim.
Söhbət etməyə başladılar. Bir yandan da çay içməyə davam edirdilər. Gördüm ki, bulkasatan bir kağız parçası çıxartdı və adamın köynəyinin cibinə qoydu.
- Sabah gəl, işə başla! - dedi.
Qismətə bax dedim. Adam pulu düşdü deyə üzüldüyü masadan indi çörək pulu qazanacaq dedim.
Onlar qalxıb gedəndə daha dözə bilmədim. Dərhal bulkasatana yaxınlaşıb:
- Müdir! Səni təbrik edirəm! Heç incitmədən adamı və qızının könlünü xoş etdin və qarınlarını doyurdun. Heç kimə göstərmədən də cibinə pul qoyub yola saldın. Allah razı olsun! Nə yaxşı adamsan, Allah sayınızı artırsın! - dedim.
- Sağ ol! - dedi, bulkasatan. - Özünə demədim, amma o mənim ibtidaidən sinif yoldaşımdı. Mən onu tanıdım, o məni tanımadı. Sabah gələndə deyərəm. İndi desəm, utanar və üzülər, bəlkə heç işə də gəlməz. Biz normal orta məktəbə gedərkən atası onu özəl kolleclərdə oxutdu. Çox zəngin bir ailənin uşağı idi. Sinifdə hər kəs ona qibtə ilə baxardı. Allah bilir, nə oldu, başına nə işlər gəldi. Əsas məsələ nə olduğun değil, nə olacağındır. Yetər ki, içindəki insanlıq yaşasın.
Bulkasatan susdu. Xəlil Cibran nə gözəl deyir: “Nəzakət qar kimidir, örtdüyü hər şeyi gözəlləşdirər”.
ŞƏRHLƏR