MƏRHƏMƏT MÜƏSSİSƏSİ VƏQF
İmanın ilk meyvəsi olan mərhəmətin olmadığı qəlb ölüdür. Qurani-Kərimin ilk surəsi, Fatihə surəsinin birinci ayəsi Allahın rəhmət və mərhəmətini tərənnüm edən “Rəhman” və “Rəhim” adları ilə başlayır. Mərhəmətin ən açıq əlaməti də “infaq”dır. Əmin-amanlıq içində yaşayan bir cəmiyyətin qurulması üçün o cəmiyyəti təşkil edən fərdlərin mərhəmətli və şəfqətli bir ürəyə sahib olması lazımdır. İnfaq insanların mərhəmətli olduğunu ölçən tərəzi kimidir.
Bütün bunlar insanın Allaha məhəbbətinin təzahürüdür. Çünki sevginin ən böyük əlaməti fədakarlıqdır. Fədakarlığın ölçüsü isə sevdiyinin xatirinə onun yaratdığı məxluqata şəfqət və mərhəmətlə yanaşmaqdır.
Vəqf müsəlmanların ümumi olaraq mərhəmətinin müəssisələşərək təcəssüm etmiş halıdır. Vəqf yaradandan ötrü yaradılanlara mərhəmət, şəfqət və məhəbbətin göstəricisi olan infaqın davamlılığını təmin etmək üçün qurulan bir təşkilatdır. Vəqf malın, mülkün, canın həqiqi sahibinin Allah-Təala olduğunun idrakında olmağın göstəricisidir. Yunus Əmrə bunu nə gözəl ifadə edir:
Mal sahibi, mülk sahibi,
Hanı bunun ilk sahibi?
Mal da yalan, mülk də yalan,
Var bir az da sən oyalan!
İnsan özü üçün dünyada ən qiymətli olan iki şeyi - malını və canını infaq etmək surəti ilə Allahın rizasını qazana və cənnəti satın ala bilər. Odur ki, malını və canını Allah üçün səxavətlə verən insanlara “vəqf adamı” deyilmişdir.
Vəqfin mənası mülkiyyəti Allaha, faydası ümmətin möhtaclarına aid olan daşınan və daşınmaz əmlak deməkdir. Yəni vəqf edilən mal onun sahibinin mülkiyyətindən çıxar, satılmaz, bağışlanmaz və varisi olmaz.
Rəvayətə görə, ilk vəqf İbrahim (ə.s) ilə başlamşdır. Belə ki, o, sürülərinin hamısını sataraq geniş bir ərazi alıb müsəlmanların istifadəsinə vermişdir.
Hz. Peyğəmbər: “Yer üzündəkilərə mərhəmət edin ki, göy üzündəkilər də sizə mərhəmət etsin!” (Tirmizi, Birr, 16) - buyurmuş, hər sahədə olduğu kimi, vəqfin əməli nümunələrini də öz həyatında göstərmişdir. Belə ki, Mədineyi-Münəvvərədə sahib olduğu yeddi xurma bağçasını, daha sonra da Fədək və Xeybər xurmalıqlarından öz payına düşəni Allah yolunda vəqf etmişdir. Bunu görən imkanlı səhabələrin hamısı vəqf səfərbərliyində bir nəfər kimi iştirak etmişdir.
Hz. Ömər (r.a) Xeybərdə qənimətdən payına düşən gözəl bir xurmalıq əraziyə sahib olmuşdu. Yuxusunda üç gün dalbadal bu ərazini infaq etməsi ona bildirildi. O da Hz. Peyğəmbərin (s.ə.s) yanına gələrək: “Ey Allahın rəsulu! İndiyə qədər sahib olmadığım dəyərdə bir xurmalığım var. Bu məsələ ilə bağlı nə buyursanız, elə də edəcəyəm”, - dedi. Hz. Peyğəmbər (s.ə.s): “Gəl bu xurmalıq mülkünü Allah üçün vəqf et. Artıq o alınıb-satılmaz, bağışlanmaz və heç kim ona varis ola bilməz. Onun məhsulu yalnız infaq edilə bilər”, - buyurdu. Hz. Ömər (r.a) bu xurmalığı dərhal vəqf edərək ehtiyac sahiblərinin istifadəsinə verdi.
Allah yolunda infaq edərkən sevilən şeylərdən və ürəkdən vermək çox önəmlidir. Qurani-Kərimdə belə buyurulur: “Sevdiyiniz şeylərdən infaq etmədikcə əsla xeyrin ən gözəlini (cənnəti) əldə edə bilməzsiniz. Allah infaq etdiyiniz hər şeyi bilir”. (Ali-İmran 92)
Səhabələr nazil olan hər bir ayəni Hz. Peyğəmbəri nümunə alaraq həyatlarında tətbiq etməyi adət etmişdilər. Bunlardan biri də Əbu Talha (r.a) idi. Onun Məscidi-Nəbəvinin yaxınlığında altı yüz xurma ağacı olan çox qiymətli, özünün də çox sevdiyi bir bağçası var idi. Hz. Peyğəmbəri zaman-zaman orada qonaq edərdi. Yuxarıdakı ayə nazil olan kimi Hz. Peyğəmbərə (s.ə.s) gələrək:
“Ey Allahın rəsulu! Sərvətimin içərisində ən dəyərli və mənə ən sevimli olanı Beyruhə adı ilə tanınan bağçamdır. Bu andan etibarən onu Allah və Rəsuluna verirəm. Ümid edirəm ki, bunun sayəsində Rəbbim məni xeyrin ən gözəlinə qovuşdurar və bunu mənə axirət azuqəsi edər. Ya Rəsulallah! Artıq bu bağçadan Allahın sənə göstərdiyi yolda istifadə et!” – dedi və bu fədakarlığı ilə vəqf xüsusunda böyük bir nümunə oldu.
Vəqf hərəkatı əyani olaraq Hz. Peyğəmbərin (s.ə.s) dövründə başlamış, günümüzə qədər bu mədəniyyət inkişaf edərək davam etmişdir. İnsanlara, hətta heyvanlara xidmət göstərmək üçün təyinatları müxtəlif olan vəqflər qurulmuşdur. Biri o birindən önəmli olan bu vəqflərin hamısını sadalamaq imkanımız olmasa da, deyə bilərik ki, insanların ehtiyacı olan ibadət yerləri, məktəblər, karvansaralar, yollar, bulaqlar, yoxsulları evləndirmək, yetim qızlara cehiz hazırlamaq, hətta xidmətçilərin qırdıqları qabların əvəzinə ağaları onları incitməsin deyə təzələrini almağa qədər çox fərqli vəqf təşkilatları qurulmuşdur.
Vəqflər sayəsində müsəlmanların ən önəmli ibadətlərindən biri sayılan “infaq” müntəzəm bir hal almış, cəmiyyətin maddi baxımdan fərqliliyi səbəbi ilə aralarında meydana gələ biləcək uçurumların qarşısı alınmış, beləcə, cəmiyyətdə birlik və bərabərliyə, yardımlaşma və həmrəyliyə böyük töhfə verilmişdir.
ŞƏRHLƏR