KÜLÜNƏ MÖHTAC OLDUĞUM

KÜLÜNƏ MÖHTAC OLDUĞUM

Qul haqqına riayət müsəlman üçün əxlaq ölçüsüdür. Haqq sahiblərinin ilki ata-anamız, ailəmiz, sonrakılar isə qonşularımızdır. Onlar bizim əxlaqımız haqqında ölçü vahidi, davranışlarımızın müşahidəçiləridirlər. Bizim qəzəbli-mülayim, kədərli-sevincli, möhtac, yaxud ehtiyacsız hallarımızın ilk şahidləridirlər. İlk köməkçilərimiz, ilk məsləhətgahımızdırlar. Sevincimizə bizimlə sevinir, kədərimizə bizimlə üzülür, yasımızda, toyumuzda birgə ağlayıb birgə gülürük. Haqqımızda müsbət rəy bildirsələr, xeyirlərə nail ola, mənfi rəyləri ilə də nemətlərdən məhrum qala bilərik.

 “Qonşu qonşunun külünə möhtacdır” deyənlər yanılmayıblar. Uzaq qohumluqdan belə yaxın sayılan qonşuluq, cəmiyyətimiz içərisində tutmuş olduğumuz mövqeyə təsir edən amillərin başında gəlir. Birisini axtarıb araşdırarkən belə qonşusundan soruşmaq ən münasib yollardandır.

Bina, küçə, ərazi qonşuluğu olduğu kimi, iş yeri və minik vasitələrində də hər gün görüşdüklərimiz qonşularımız sayılır. Sosial bir varlıq olmağımız bizi qaynaşmağa vadar edir, bir-birimizə “qonşu” deyərək isti münasibətlərimizin adını qoyuruq. Çox sevilən məşhur İslam alimi İmam Qəzzali həzrətləri buyurur ki: “Müşahidə ilə bilinən bir kimsənin haqqı, eşitməklə bilinən bir kimsənin haqqı kimi deyildir, bəlkə də, ondan daha qüvvətlidir”.

Qonşuluq da eşitməklə yox, birbaşa müşahidə və ünsiyyət ilə əlaqəli olduğu üçün qonşu haqqının digər haqlardan daha üstün olduğunu deyə bilərik. Qurani-Kərimin Nisa surəsinin 36-cı ayəsində Rəbbimiz yaxşılıq edəcəyimiz haqq sahiblərindən olan, yaxın, sonra da uzaq qonşudan bəhs edərək bu məsələnin Allah qatındakı dərəcəsini vurğulamaqdadır: “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və əlinizin altındakılara (qul, kəniz, yaxud xidmətçilərə) yaxşılıq edin! Şübhəsiz ki, Allah özündən razı halda lovğalıq edən kimsələri sevməz”.

 Ayədə bildirilən “yaxın qonşu” evimizə, qapımıza yaxın olan, hər gün həmhal olduğumuz, dinimiz və adət-ənənəmizdə ortaq olduğumuz qonşulardır. “Uzaq qonşu” isə ayənin Qurtubi təfsirindəki izahında qapısı uzaq olan, dini və adət-ənənəsində fərqli olanlar kimi açıqlanır. Hər halda yaxşılıq etməyə tabe tutulduğumuz qonşular dininə, irqinə, iş-gücünə, zəngin, yaxud yoxsul olmasına baxmadan bizimlə yaxın məkanı paylaşan kimsələrdir. İstər xristian, yəhudi və ya qeyri dinlərdən olsun, istərsə də fərqli irqdən olsun, qonşuluq münasibət və məsuliyyətimizi bu kimsələr ilə də davam etdirməyimizi dini və milli dəyərlərimiz bizə əmr və nəsihət etməkdədir.

Sevgili Peyğəmbərimiz (s.ə.s) qonşuluq haqlarına riayət etməyi İslam dini mənsubu olan hər bir kəsə əmr etmiş, əksini edən kimsələri isə kamil iman etməmiş, əminliyi olmayan kimsələr olaraq qəbul etmişdir. Belə ki, bir dəfə Peyğəmbərimiz (s.ə.s): “Vallahi, iman etmiş olmaz! Vallahi, iman etmiş olmaz! Vallahi, iman etmiş olmaz!”  - buyurdu.  Səhabələri:  “Kim iman etmiş olmaz, ya Rəsulallah?” - deyə soruşdular. Belə buyurdu: “Qonşusu edəcəyi pisliklərdən əmin olmayan kimsə iman etmiş olmaz!”. (Buxari, Ədəb, 29; Müslim, İman, 73)

Başqa bir hədisində Peyğəmbərimiz (s.ə.s) buyurur: “Allaha və axirət gününə inanan kəs qonşusuna əziyyət etməsin. Allaha və axirət gününə inanan kəs qonağına hörmət etsin. Allaha və axirət gününə inanan kəs ya xeyir söyləsin, ya da sussun!”. (Buxari, Ədəb, 29)

Bir gün Həzrət Aişə (r.a) anamız soruşdu: “Ey Allahın elçisi, iki qonşum var, hansına əvvəl hədiyyəmi verim?” Rəsulullah belə buyurdu: “Qapısı sənə ən yaxın olana”.

Günümüz şəhərləşməsində, təəssüf  ki, qonşuluq ünsiyyətlərinin ciddi zərər gördüyünün də hamımız şahidiyik. Sosial inkişafımızın, irəli mədəniyyətin göstəricisi kimi tanıdılan şəhərləşmə, özü ilə bərabər dini və milli xarakterimizlə örtüşməyən hallar meydana gətirir, əsil mədəniyyətin deformasiyasına səbəb olur. Qonşunun qonşuya güvənməməsi nə pis haldır. Hər gün qonşumuzla rastlaşıb bizim güvənilməyən, sevilməyən, evinə dəvət edilməyəcək biri kimi tanınmağımız bizə necə də pis təsir edər. İnsanın o yerdə yaşamaq istəyi belə qalmaz, mənfi hisslərlə dolar. Bu isə həyatın hər sahəsinə öz mənfi təsirini əks etdirər.

     “Xeyir dilə qonşuna, xeyir gələr başına” düsturu ilə  hərəkət etmək ən yaxşısıdır. Yaxşı qonşuluq yolunda ilkin addım kimi salamlaşmağı tövsiyə edə bilərik. Peyğəmbərimiz (s.ə.s) salamı aramızda yaymağı, verilən salamı gözəlcə almağı, tanıdığımız və tanımadığımız kimsələrlə salamlaşmağı tövsiyə edir. Çünki salam qarşı tərəfə: “Məndən sizə zərər gəlməz, mən güvənə biləcəyiniz biriyəm” mesajını verir. Yaxşı insanla hər kəs yaxşı ola bilər; sevənlərinə sevgi göstərmək fəzilət deyil. Əsil fəzilət dözülməz insanlara qarşı şəfqət və mərhəmət ilə yanaşa bilməkdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz